Kondisionerin insan orqanizmi üçün hansı təhlükələri var? — AÇIQLAMA

SOSİAL 22 iyn 2022, 10:40
“Kondisionerlərin ümumiyyətlə orqanizmə, tənəffüs sisteminə bir neçə neqativ təsiri var. Onlardan soyuq alqınlığı, legionella adlı infeksion xəstəliyi, kondisionerlərdə soyutma məqsədilə istifadə olunan freon qazının yuxarı tənəffüs yollarına təsiri və allergiyanı göstərmək mümkündür”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında həkim-pulmonoloq Ramin Nəriman deyib. Həkimin sözlərinə görə, yay vaxtı insan orqanizmi isti temperatura, isti şəraitə uyğunlaşır:

“İnsanlar da ehtiyac yarandığından daha çox kondisionerin temperaturunu aşağı qoymaqla, orqanizmin soyuq alqınlığına şərait yaradır. Nəticədə sümük, oynaq, əzələ ağrıları baş verir, temperatur yüksəlməsi halları yarana bilir. Legionelloz kondisionerlərdə legionella adlı mikroorqanizmin toplanmasından və sonra kondisioneri qoşduqda hava axını vasitəsilə həmin mikroorqanizmlərin, mikrobların tənəffüs yollarına düşməsi və beləliklə də, insanın çox ciddi, ağır xəstəliyə səbəb olmasına şərait yaradır. Amma indiki kondisionerlər üçün demək olar ki, bu ehtimal çox azdır. Çünki indiki kondisionerlərdə ultrabənövşəyi şüalardan istifadə olunur ki, bu hava axınından otağa, yaşayış məskəninə mikroorqanizmlərin, o cümlədən legionellanın düşməsinin qarşısını alır. Yəni, ultrabənövşəyi şüalar mikroorqanizmlərə öldürücü təsir göstərir, o cümlədən də kondisionerlərdə toplanma ehtimalı olan legionelloz xəstəliyinin törədicisi legionella adında mikroorqanizmin, bakteriyann ölməsinə səbəb olur”.  



Həkim qeyd edib ki, kondisionerlərin istifadəsi zamanı tənəffüs yollarına təsir edən amillərdən biri də firion qazıdır:

“Freon qazı rəngsiz, iysiz qazdır. Kondisionerlərdə havanı soyutmaq məqsədilə istifadə olunur. Amma freon qazına allergiyası olan, yaxud da yuxarı tənəffüs yollarına hər hansı bir başqa səbəbdən, xəstəlikdən qıcıqlanması olan şəxslərdə freon qazı qıcıqlanma yarada bilər. Öskürək, boğulma verə bilər. Onun üçün də freon qazına allergiyası olan şəxslərin kondisionerdən istifadəsi məsləhət görülmür. Və birdə kondisionerlərin orqanizmə təsiri allergiya istiqamətində ola bilər. Kondisionerlərin istifadəsi zamanı onların filtirində havada olan toz hissələri tutulub saxlanılır, eyni zamanda nəmişlik olarsa, həmin hissələrdə göbələk inkişaf edə bilər. Yəni, məişət göbələkləri inkişaf edə bilər, maya göbəliyi inkişaf edə bilər ki, bu da nəticədə yuxarı tənəffüs yollarının qıcıqlanmasına, allergik reaksiyalara səbəb ola bilər. Bu halların qarşısını almaq üçün adətən filtrlərin tez-tez dəyişdirilməsi, yuyulması, günün altında qurudulması, otağın havasının kondisioner istifadəsindən sonra tez-tez dəyişdirilməsi kimi məsləhətlər vermək olar”. 

“Kondisionerlərin istifadəsi zamanı onlardan su damcılayır. Kondisisonerlər istifadə olunan dövrlərdə havada olan su buxarlarını tutub saxlayır, istifadə olunduğu məkana, otağa quru hava vurur. Nəticədə havanın nisbi rütubəti insan sağlamlığı üçün zəruri olandan aşağı olur, ona görə tənəffüs yollarının quruması baş verir ki, nəticədə də refrektoru öskürək yarana bilər. Tənəffüs yollarının infeksiyası yarana bilir. Çünki qurumuş tənəffüs yollarında düşmüş mikroorqanizmlərin eliminasiyası, təmizlənməsi nisbətən çətinləşir. Ona görə də, belə deyək ki, kondisionerlərin ümumiyyətlə istifadəsi zamanı temperaturu elə etmək lazımdır ki, otaq temperaturu yayda 25-26 dərəcə, qışda 21-22 dərəcə civarında olsun. Bu qaydalara riayət olunması məsləhətdir. Eyni zamanda, kondisionerlərin istifadəsi zamanı soyuq hava axınının birbaşa insanın üzərinə vurulmasından yayınmaq lazımdır. Həmçinin, kondisionerlər qoşulu halda yatmaq, uzunmüddət həmin otaqda qalmaq məsləhət deyil. Havadakı quruluğun qarşısını almaq üçün həm nəmləndiricilərdən istifadə etmək olar. Birdəki kondisionerin istifadəsini fasilələrlə həyata keçirmək lazımdır ki, otaqda nisbi rütubət pozulmasın”- həkim-pulmonoloq fikirlərini yekunlaşdırıb. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top