“Dövlət və ictimai maraqları vətəndaş maraqlarından ayırmaq düzgün deyil”

DAXİLİ SİYASƏT 19 iyn 2022, 22:10
İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir. Bu baxımdan, ictimai və dövlət maraqlarının müdafiəsi məsələləri daim aktuallığını qoruyur. Ölkəmizdə ictimai və milli maraqların təmin olunması prioritet məsələdir. Nəzərə alsaq ki, müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur, o zaman əminliklə söyləyə bilərik ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai-siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir yetkin cəmiyyətdir. 

Dövlət nümayəndələri ilə vətəndaş cəmiyyətinin nümayəndələri arasında təmaslar, qarşılıqlı anlaşma nə qədər çox olarsa, o zaman ortaq maraqlar da olacaq. Bəs vətəndaşlarımız ictimai və dövlət maraqlarının müadfiəsində hansı addımları atmalıdır?

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Demokrat.az-a açıqlamasında bildirib ki, dövlət və ictimai maraqlar dedikdə, vətəndaş maraqları nəzərdə tutulur. Çünki ölkə prezidentinin dəfələrlə vurğuladığı kimi ölkə siyasətinin mərkəzində vətəndaş rifahı dayanır:

“Dövlət və ictimai maraqlar dedikdə, birinci növbədə vətəndaşın rifah halı nəzərdə tutulur. Bu gün dövlət sosial siyasətinin həyata keçirilməsində bir sıra təkliflər, layihələr həyata keçirilib və bundan yüzlərlə, minlərlə, hətta milyonlarla insan bəhrələnibdir. Məsələn, şəhid ailələrinə, qazilərə, veteranlara evlərin verilməsi, maşınların verilməsi və digər sosial təminatın reallaşdırılması çərçivəsində bütün bu siyasətin həyata keçirilməsi məhz dövlətimiz tərəfindən aparıldı. Təbii ki, bu da vətəndaşın rifahı üçündür. Ona görə də, dövlət və ictimai maraqları vətəndaş maraqlarından ayırmaq düzgün deyil. Bütün mənalarda vətəndaşın rifah halı yüksəkdirsə, deməli dövlət güclüdür, inkişafdadır və  iqtisadi inkişafı çərçivəsində vətəndaşa lazım olan sosial siyasəti həyata keçirdir və sosial təminat verir. Onun əmək haqqına, təqaüdünə, müavinətlərinə və digər sosial ehtiyaclarına təminat verir. Bu mənada bizim konstitusiyanın 12-ci maddəsində dövlət sosialyönümlü dövlət olaraq vətəndaşların layiqli həyat səviyyəsinin təmin olunmasını üzərinə götürür. Əsasən də, dövlətin ölkə konstitusiyasında ən əsas vəzifəsi insan hüquq və azadlıqlarının təmin olunmasına zəmanət verməsi, yəni üzərinə götürməsidir”. 

Onun sözlərinə görə, dövlətin əsas məqsədi insanın hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsidir:

“Bu səbəbdən də, bizim dövlətimiz ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə, o cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, ölkə prezidentinin siyasətini yüksək dəstəkləməsi ilə bir yerdə böyük bir qlobal siyasət həyata keçirdir. Təsəvvür edin, həm sosial siyasətin həyata keçirilməsi, sosialyönümlü dövlət kimi bütün dünyada imicimizin təqdim olunması, o cümlədən humanist bir dövlət kimi istər vətəndaşların hüquqlarının müdafiə olunmasından tutmuş məhkumların hüquqlarına qədər, eyni zamanda bütün mənalarda cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar dövlət genişmiqyaslı siyasət yürüdür. Bu da o deməkdir ki, biz həm də bütün dünyada tolerant, multi-kultural, humanist bir dövlətik. Ona görə də, bu gün Bakı, hətta Şuşa artıq turizm, düşüncə, dialoq mərkəzinə, vəhdət mərkəzinə, eyni zamanda inkişaf mərkəzinə çevrilib. Bu gün sevindirici haldır ki, dünya dövlətləri qlobal Bakı forumlarında, Şuşa forumlarında və digər tədbirlərimizdə dünyanın tanınmış siyasətçiləri gəlib, bir çox məsələləri məhz humanitar forumlar çərçivəsində Bakıda, Qarabağda müzakirə edirlər. Bu da Azərbaycan xalqının bəşəri bir xalq olduğunu və Azərbaycan dövlətinin də dünyəvi bir dövlət olduğunun göstəricisidir”. 

“Düşünürəm ki, bu istiqamətdə biz hərəkət etməliyik, bu istiqamətdə addımlamalıyıq və təbii ki, Qarabağ tam azad olunandan sonra bu proseslər bir az da sürətlə gedəcək. İnşallah, Zəngəzur dəhlizi də həll olunacaq. Azərbaycan onsuz da regionda ən qüdrətli, lider dövlətdir. İndi artıq biz  o istiqamətdə addım atmalıyıq ki, nəinki regionda, dünyada da Azərbaycan güclü, qüdrətli bir dövlət olsun. Buna görə də, bizim bir şüarımız var: "Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət”. Bu, mənim şəxsi fikrimdir. Düşünürəm ki, bu istiqamətdə biz getməliyik ki, dövlətin qüdrəti vətəndaşın güzəranında hiss olunsun. Dövlətin qüdrəti vətəndaşın evində və rifah halında hiss olunsun. Bu istiqamətdə də biz daha böyük qələbələr doğru gedəcəyik”.

Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov Demokrat.az-a açıqlamasında diqqətə çatdırdı ki, hər bir dövlətdə, hər bir ictimaiyyətdə, hər bir cəmiyyətdə ictimai və dövlət maraqları, vətəndaşın maraqları əslində bir sistem təşkil etməlidir:

“Çünki dövlət öz fəaliyyətində təbii ki, xalqın və ictimaiyyətin maraqlarını, onların ayrı-ayrı sosial qruplarının maraqlarını reallaşdırır. Eyni zamanda, ictimaiyyət də maraqlı olmalıdır ki, dövlət güclü olsun. Dövlətin qarşısında dayanan çağırışlar birlikdə dövlət və xalq birliyi şəraitində, ictimaiyyət və hakimiyyət birliyi şəraitində hamısı bir-biri ilə sistemli şəkildə çox bağlıdır. Birinin olmaması bu artıq dövlətin və yaxud cəmiyyətin müxtəlif problemlərlə rastlaşmasına gətirib çıxardır. 

Hər bir dövlətdə biz bunu görürük və çox xoş haldır ki, Azərbaycanda hər bir ictimaiyyətin nümayəndəsi, hər bir xalqın nümayəndəsi, sosial qrup özünü dövlətin bir parçası hesab etmiş və dövlət maraqları üçün, xalqın ümumi maraqları üçün hər bir şəxs, hər bir fərd əlindən gələni etmişdir. Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Şahidi olduq ki, şəxsi və fərdi maraqlar kənarlaşdırıldı və kollektiv maraqlar, torpaqların azad edilməsi hər kəs üçün ən əsas amil oldu. Dövlət və xalq böyüklüyünün böyük təzahürünü görmüş olduq. Amma bəzi ölkələrdə biz dövlət və xalq birliyinin böyük bağlantılarını görmürük. Belə olan təqdirdə, müxtəlif hərbi əməliyyatlar fonunda, müharibələrdə, ümumillikdə ayrı-ayrı məsələlərdə həmin dövlətlər ciddi çağırışlarla üz-üzə gəlirlər”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - “İctimai və dövlət maraqlarının müdafiəsi”  

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top