Zəngəzur dəhlizindən pul qazanaq, Laçından müftə keçək — Kimi aldadırlar?

GÜNDƏM 17 iyn 2022, 14:08
Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan və Azərbaycan yolları açıldıqdan sonra bu yollarda yerli qanunların tətbiq ediləcəyi barədə bəyanatı İrəvanda açıq-aşkar narahatlıq doğurub.

Ekspertlər və siyasətçilər dəmir yolunda hansı rejimin tətbiq ediləcəyini, rüsumları, yolları kimin qoruyacağını, kimin - Ermənistanın, yaxud Azərbaycanın daha çox mənfəət əldə edəcəyini şərh edirlər. Ermənistan rəsmiləri yolların bu ölkənin yurisdiksiyası altında olacağını iddia etməyə davam edir. Yəni Azərbaycandan Naxçıvana gedən nəqliyyat vasitələrini gömrük və sərhədçilər yoxlayacaq. Bu zaman Laçından Qarabağa gedən yolun azad olacağı iddia edilir. Ancaq İrəvanda buna niyə bu qədər çox inandıqları aydın deyil. Ermənistan parlamentinin xarici işlər komitəsinin sədri, hakim partiyanın təmsilçisi Andranik Köçəryan bəyan edib ki, Ermənistandan keçən yollar Laçın dəhlizi məntiqi ilə fəaliyyət göstərə bilməz: “Nəqliyyat kommunikasiyaları açıldıqdan sonra Ermənistan yollarında Azərbaycan maşınları üçün problem olmayacaq, amma söhbət dəhlizdən getmir. Gömrük və ya pasport rejiminin tətbiq edilib-edilməyəcəyinə gəldikdə isə sadələşdirilmiş rejim olacaq və Ermənistan bunun əleyhinə deyil. Bununla belə, yol Laçın dəhlizi məntiqi ilə fəaliyyət göstərə bilməz və hazırkı mərhələdə bu müzakirə edilmir”.

Əlbəttə ki, Zəngəzur dəhlizi Laçın dəhlizi ilə eyni formada fəaliyyət göstərməlidir. İstər 2020-ci ilin 10 noyabr, istərsə də 2021-ci ilin 11 yanvar və 26 noyabr bəyannamələrində açıq şəkildə bildirilir ki, Azərbaycan Laçın dəhlizi ilə təhlükəsiz keçidi təmin edir. Eləcə də Ermənistan da Azərbaycana Zəngəzur dəhlizi ilə maneəsiz keçidi təmin etməlidir. Hazırda Laçın dəhlizində gömrük məntəqələri yoxdur, yeni açılacaq yolla bağlı da belə bir qərar haqda hələ ki, danışılmır. Bu hal Zəngəzur dəhlizində də olmalıdır. Əgər Ermənistan Zəngəzur dəhlizi ilə daşımalara nəzarət üçün gömrük məntəqələrinin quraşdırılmasını təkid etsələr, Azərbaycan da Laçın dəhlizində eyni şərtləri tələb edəcək.

Yada salaq ki, ötən il dekabrın 14-də Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransında dövlətimizin başçısı bildirib ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizi ilə eyni olmalıdır: “Çünki üçtərəfli bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxışı və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz də Laçın dəhlizində eynisini israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.

Elə dünən, 16 iyunda IX Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən də Azərbaycan Prezidenti İlham Əliyev bu mövzu ilə bağlı prinsipial mövqeyini səsləndirib. “Zəngəzur dəhlizinin tezliklə açılması regionda gələcək sülhün fundamental elementlərindən biridir”-dövlətimizin başçısı bildirib. Ölkə prezidenti deyib ki, “Bizim üçün bu yol açılmasa, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistan ilə normal birgə yaşayış və qonşuluq münasibətlərinə yönəlmiş səyləri uğursuzluğa düçar olacaq”. Prezident Ermənistanın müvafiq bəyanatı imzaladığını və bu səbəbdən, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasını tələb etmək hüququna malik olduğunu vurğulayıb.

Beləliklə, ermənilər “Zəngəzur dəhlizi” sözündən qorxduqları   kimi    indi   də  cidd-cəhdlə üstünlük əldə etməyə çalışırlar. Ermənilərin ciddi problemə çevirdikləri bu məsələnin həlli necə olacaq?



Arzu Nağıyev 

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a öncə qeyd etdi ki, dəfələrlə bu haqda da danışılıb: “Dəhliz və ərazinin fərqi var. Təbii ki, Laçın dəhlizi Azərbaycan ərazisidir və üçtərəfli razılaşmaya uyğun olaraq bütün proseslər tənzimlənir. Heç bir sərhəd və gömrük prosedurları tətbiq edilmədən vətəndaşların, həmçinin yüklərin keçidi tənzimlənir. Zəngəzur dəhlizi də eyni hüquqa malik olmalıdır və danışıqlar da söhbət dəhlizdən gedib. Yəni Zəngəzur dəhlizinin hüquqi statusu Laçın dəhlizi ilə eyni olmalıdır. ”Bəs onda erməniləri narahat edən nədir? Niyə məhz yüklərin yoxlanması və ya sadələşdirilmiş rejim məsələsi ortaya atılıb?" A.Nağıyev bu sualların cavabını belə görür: “Məlumdur ki, Laçın dəhlizinin sülhməramlıların nəzarətdən çıxacağı gün o qədər də uzaqda deyil və Ermənistanla Qarabağı birləşdirən alternativ yol artıq hazırlıq mərhələsindədir. Həmin yolda sülhməramlılar öz işlərini davam etdirəcəklər. Yəni Laçın dəhlizi məsələsi aradan qaldırılır və Azərbaycan tərəfi öz ərazisinə tam nəzarəti bərpa edir. Artıq bu yolda hər hansı bir digər qüvvə və hərəkətdən söhbət gedə bilməz. İkinci səbəb də odur ki, gah status, gah da dəhliz məsələsini qabartmaqla erməni rəhbərliyi həm daxili, həm də xarici auditoriya üçün siyasi gedişlər edir. Həll yolu isə beynəlxalq standartlara uyğun həyata keçiriləcək, bunu ermənilər istəsə də, istəməsə də...”



Akif Nağı

QAT sədri Akif Nağının sözlərinə görə, ermənilərin iddialarında məntiq yoxdur: “İstər yol deyək, istərsə də dəhliz, hər ikisi eyni statusdadır. Üstəlik, Zəngəzur dəhlizi həm də beynəlxalq statusa malikdir. Oradan digər ölkələrin də sərnişinləri, yükləri daşınacaq. Ola bilər ki, Ermənistan bunu nəzərdə tutaraq, daha çox gəlir əldə etməyi düşünür. Ermənistan rəhbərliyi ”yol" və ya “dəhliz” ifadələri ilə manipulyasiya etməyə çalışır. Amma Azərbaycan Prezidenti son Brüssel görüşündən sonra elan etdi ki, Zəngəzur dəhlizi ilə bağlı razılaşma əldə olunub. Bizim üçün əsas mənbə öz Prezidentimizdir, hər şey onun dediyi kimi də olacaq". A.Nağı digər mühüm məsələni də xatırlatdı: “Azərbaycan Prezidenti onu da bildirdi ki, Laçın və Zəngəzur dəhlizləri eyni statusda olacaq. Heç kəs şübhə etməsin ki, elə də olacaq. Necə ola bilər ki, biz ermənilər üçün Laçın dəhlizi ilə istədikləri şəraiti yaradaq, onlar isə Zəngəzur dəhlizində fərqli şərtlər qoysunlar?! Üçtərəfli 10 noyabr razılaşmasında, Avropa İttifaqı və ya Rusiyanın təşəbbüsü ilə keçirilən görüşlərdə hər iki yolun eyni statusda olacağı göstərilib. Həm beynəlxalq hüquq, həm də qalib ölkəyə məxsus strateji təşəbbüs Azərbaycanın tərəfindədir. Sadəcə olaraq, Azərbaycan bu amillərə söykənərək, heç bir güzəştə getməməlidir”.



Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə şübhə etmir ki, Ermənistanın bu gün apardığı belə siyasət onu heç vaxt normal dövlətlər sırasına gətirib çıxartmayacaq: “Çünki ermənilər hələ də regionda maraqlı olan dövlətlərin əlində bir alət rolunu oynayırlar. Dünya və region sürətlə dəyişir və bu proses Ermənistandan yan keçə bilməz. Bədnam qonşularımız istəsələr də, istəməsələr də onlar proseslərdə birbaşa və dolayısı iştirak etməyə məcbur olacaqlar. Görünən odur ki, 2020-ci ilin 44 günlük Vətən savaşımızda aldığı sarsıdıcı zərbələrdən doğru-düzgün nəticə çıxartmayıb. Əslində biz bilirik ki, bu proseslərdə söz sahibi Ermənistanın ”ağalarıdır". Onlar öz maraqlarını təmin etmək üçün imkan vermirlər ki, ermənilər öz seçimlərini etsinlər. Proses xeyli uzanır və bu gedişlə biz Azərbaycan olaraq qarşımızda duran məsələlərin tez bir zamanda həll etməyə müvəffəq ola bilməyəcəyik". Polkovnikin sözlərinə görə, Zəngəzur dəhlizinin Azərbaycanla yanaşı, Ermənistanın iqtisadiyyatının dirçəlməsi üçün güclü təkan oynaya biləcəyini ermənilər hələ də başa düşmək istəmirlər: “Avropa çevrələrinin də prosesə təsir etmək imkanları gah güclənir, gah da zəiflənir. Brüsseldə bir söz deyən, vədlər verən Paşinyan və ətrafı İrəvana çatar-çatmaz Rusiyanın bir ”göz ağartması nəticəsində" fikrindən vaz keçir və proses yubanır. Üçtərəfli bəyanatın şərtləri hələ də tam şəkildə yerinə yetirilməyib. İndi Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun yaxın bir neçə günə Bakıya səfərindən sonra guya hansısa addımların atılacağı ilə bağlı deyilənləri də şəxsən mən bölüşmürəm. Düşünürəm ki, məsələnin bundan sonra da mürəkkəbləşməsi üçün gözləmədiyimiz hadisələr baş verə bilər. Necə deyərlər, Ermənistanın mövqeyinin necə olacağını yaxın həftələrdə birgə müşahidə edəcəyik".

Qardaş Türkiyənin də mövqeyi bəllidir. “Artıq Zəngəzur dəhlizi də açılmalıdır. Çünki bu dəhliz Avrpopa və Asiya arasında əlaqənin daha effektiv bərpası, ticarət əlaqələrinin inkişafı baxımından çox böyük əhəmiyyətə malikdir”. “Report” xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Əslində Azərbaycan Prezidentinin Bakı Forumunda rəsmi İrəvana növbəti xəbərdarlığını etməsi də çox ciddi məsələdir.

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır və Azərbaycanı da onun ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar edir".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib. “Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq... Ermənistan hökuməti İkinci Qarabağ müharibəsindən dərs çıxarmalı və Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır”.

Kifayət qədər ciddi və sərt xəbərdarlıqdır, düşmənin anlaması lazım...

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top