MTN polkovniki: “Mən xırda adamam, onu böyük adamlar bilir ki, kimi tutmaq lazımdır, kimi yox”

MÜSAHİBƏ 17 iyn 2022, 11:37
Bir neçə aydır ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev, nazirliyin şöbə rəisləri Yasin Məmmədov, Vüsal Ələkbərov və rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Qeyd edək ki, sabiq MTN vəzifəlilərinin cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulun alınmasından və əmlakın ələ keçirilməsindən bəhs olunur.

Sonuncu məhkəmə prosesində Sahib Ələkbərovun sabiq baş prokuror Zakir Qaralov və onun müavini Rüstəm Usubov haqqında dedikləri böyük rezonansa səbəb olub.

Bu cinayətlərdə günahsız olduğunu, bütün edilənlərin Qaralov, Usubov və Şıxəliyevin göstərişi ilə edildiyini deyən Ələkbərov “”Həbs et” deyəndə həbs edirdim, “burax” deyəndə buraxırdım, əks təqdirdə özümü həbs edərdilər”   deyə sensasion açıqlama verib.

Bu arada Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimli  Sahib Ələkbərovun özü ilə danışıb və ondan bəzi suallara aydınlıq gətirməsini istəyib:

– Əvvəlcə məhkəmənizi soruşmaq istəyirəm, proses yekunlaşmaq üzrədir. Məhkəmədən nə gözləyirsiniz?  

– Nə soruşacaqsınız? Onsuz da nə gəldi yazırsınız. Məhkəmədən sizə məlumatlar ötürülür. Amma bu məlumatların çoxu yalandır. Orada deyilməyən sözləri yazırsınız. Deyilənləri də şişirdib yazırsınız. Məhkəmədən gözləntimə gəlincə, bunu heç kəs deyə bilməz. Sonda nə qərar olsa onu biləcəyik. Məhkəmənin işinə heç kim qarışa bilməz.

– Yerigəlmişkən, zərərçəkənlər kimi Siz niyə məhkəmənin açıq keçirilməsini, daha doğrusu medianın prosesə buraxılmasını istəmirsiniz? Belə narazısınızsa, siz də jurnalistlərin prosesi izləməsi üçün məhkəmə kollegiyası qarşısında məsələ qaldırın. 

-Bu, məhkəmənin öz işidir. Mən kiməm ki, məhkəməyə göstəriş verəm. Jurnalistləri buraxmasalar da istədiklərini əldə edirlər.



– Zərərçəkənlər iddia edir ki, proses sizlərin marağına uyğun aparılır. Ona görə də siz də  açıq məhkəmə çəkişməsinə maraqlı deyilsiniz… 

-Yalan söhbətdir. Məhkəmə tam şəffaf keçirilir. Siz jurnalistlər və zərərçəkənlərin arzusu odur ki, məhkəmə istədiyiniz kimi keçirilsin. Axı, bu belə olmamalıdır. Ortada sübutlar araşdırılır, tərəflər dinlənilir, qiymət verilir. Yekunda da Prokuror öz çıxışını edəcək və məhkəmə müşavirə otağında qərar qəbul edib, gəlib elan edəcək. Bu qərarı elan edənə kimi heç kəs heç nə deyə bilməz. Mən öz adımdan deyə bilərəm ki, heç bir cinayət törətməmişəm və günahsızam.

– Barəsində hökm çıxarılan və bu gün də mühakimə olunanlar da Sizin kimi günahsızam deyir. Amma görün, hansı səviyyədə əməllər törədilib ki, Azərbaycan Prezidenti MTN -ni ləğv eləmək məcburiyyətində qaldı.

– Görünür, Prezidentin əlində kifayyət qədər əsaslar var. Nazirliyi ləğv edib, yerində DTX-nı yaradıb. Mən deyə  bilmərəm ki, niyə ləğv edib, Prezidentin səlahiyyətidir, edib.

– Azərbaycan cəmiyyətini həmişə bir sual düşündürüb ki, necə olur ki, tabeçiliyində çalışan 20-dən artıq adam məhz vəzifə cinayətinə görə məsuliyyətə cəlb olunur, amma Eldar Mahmudov sərbəst həyatını yaşayır? Mən hesab edirəm ki, əslində siz və o müttəhim kürsüsündə oturanlar Mahmudovun tamahının qurbanlarısınız…

– Mən Baş prokuror deyiləm ki, kiminsə tutulmasına göstəriş verim. Bu haqda danışmaq səlahiyyətim də yoxdur. Mən xırda adamam, onu böyük adamlar bilir ki, kimi tutmaq lazımdır, kimi yox. Mən öz adımdan deyə bilərəm ki, vicdanlı adamam. Nicat Quliyevdən soruş gör, onun evində axtarış aparmışam. Bunu necə vicdanla, qanuni eləmişəm.



– Ona görə Nicat Quliyev şərləndi? Adam saxta ittihamla 3 il həbsə məhkum edildi. Onun həyat tərzi, cəmiyyətdəki statusu bunun əksini deyirdi.

– Mən nə olduğunu bilmirəm. İşin müstəntiqi də olmamışam. Eləcə bağındakı axtarışa rəhbərlik etmişəm. Bütün protokolların surətini də ailəsinə vermişəm. Ehtiramla yanaşmışam. Sonra nə baş verib, bilmirəm. Yaxud, başqa bir işdə Ələddin Əliyev adlı bir şəxs var. Məhkəmədə dedi ki, Sahib Ələkbərov evimdə axtarış aparanda ailəmin otağına girmədi. Siz belə şeyləri yazmarsınız…

– Nicat Quliyevin  həbsinin qurama olduğunu bilmirdiniz? Bilmirdiniz ki, eyni sifariş əsasında istehsal olunan və eyni şirkət tərəfindən alınan silahlarla həm onu , həm də məni şərləyirsiniz?

– Ay qardaş, mən nə Nicat Quliyevin, nə sənin istintaqını aparmamışam. Səni bircə dəfə 5 dəqiqəlik görmüşəm. Sonradan biləndəki səni nə üçün həbs ediblər, sən tərəfə yaxın gəlmədim.Sən ilk gündən məndən yapışmısan. İstintaqını aparan adamlar qalıb qıraqda, elə məndən yazırsan.

– Eldar Mahmudov, Zakir Qaralov başda olmaqla mənə qarşı cinayət törədilməsində iştirak edən hər MTN vəzifəlisinin cinayətlərini ifşa etmişəm. Dəfələrlə Elşən Murtuzovun da cinayətin əsas iştirakçısı olduğunu yazmışam. Gün gələcək, onun da həbsi reallaşacaq…

– Mən sözgəlişi dedim. Demək istəyirəm ki,  obyektiv olun. Sizə qarşı kim qanunsuzluq edibsə, ondan yazın. Hər dəfə məni hədəfə alırsınız.

– Mövzunu dəyişək, sonuncu məhkəmədə Qaralov, Usubov və Şıxəliyevi ittiham etdiniz…

-Mən heç kəsi ittiham etməmişəm. Məhkəmədə demişəm ki, adıçəkilən şəxslərin qanuni göstərişlərini icra etmişəm. Ancaq siz eləcə “göstərişlərini” yazmısınız. Bu gün də deyirəm ki, atdığım addımlarda Cinayət Prosesual Məcəlləsinin tələblərinə istinad etmişəm. Əgər obyektiv adamsansa, dediklərimi də yaz.

– Sizin nə deməyinizdən asılı olmayaraq, Eldar Mahmudov başda olmaqla adıçəkilən adamlar ağır cinayətlərə görə məsuliyyətə alınmalıdır. Heç olmasa bir hüquqşünas kimi də bunu deyə bilmərsiniz?

– Mən istintaq aparan orqan deyiləm. Elə hüquqşünas olduğum üçün də belə deyirəm. Qanun var, kimin məsuliyyəti varsa, qanun onun yaxasından yapışar.

– Bu ötən illər ərzində Eldar Mahmudov sizinlə və digər həbs olunanlarla maraqlanıbmı? Axı, sizlər onun maraqlarının qurbanısınız…

– Yox, maraqlanmayıb. Öz adımdan deyirəm ki, mənim fəaliyyətimdə qanunsuzluq olmayıb.  Mən təqaüdə çıxmışam və 2018-ci ildən Vəkillər Kollegiyasının üzvüyəm. Öz işlərimlə məşğulam.

– Bu ölkədə öz hüquqlarını sizə həvalə edən vətəndaş var? Adınız ağır cinayətlərdə çəkilir…

-Niyə yoxdur? Əlbəttə, var. Mənim müdafiə etdiyim şəxslər məndən narazı qalmayıb. Mən vicdanlı, mərd adamam. Mən imtahan verib, vəkilliyə qəbul olanda bu ittihamlar yox idi.

Bu ittihamlar sonradan ortaya çıxdı. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top