“Bakı Qlobal Forumu bütün qlobal məsələləri əhatə etdiyindən dünyanın diqqət mərkəzindədir”

GÜNDƏM 16 iyn 2022, 16:22
"Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi zəfərdən sonra həm də yeni reakkıqlar yaradan ölkəyə çevrilib. Bu gün regionun gələcək inkişafına hədəflənən bütün addımların müəllifi, yaxud da həmmüəllifi kimi məhz Azərbaycan ön sırada dayanır".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan həm də uzun illərdir nüxtəlif nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi də dünyanın diqqət mərkəzindədir: “2008-ci ildə Azərbaycan tərəfindən başlanılmış “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi məqsədini daşıyır. “Bakı Prosesi” İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirib. İki ildən bir Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınmışdır. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu Azərbaycanda keçirilib. Bundan əlavə, Azərbaycan 2015-ci ildə I Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil edib. Eyni zamanda ölkəmizin müxtəlif dünya və Avropa çempionatlarına, beynəlxalq mədəni tədbirlərə də uğurla ev sahibliyi edib”.

V.İskəndərov bildirib ki, məhz bu sadalananlar fonunda IX Qlobal Bakı Forumunun da dünyanın diqqət mərkəzində olacağı kimsədə şübhə doğurmur: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldinin IX Qlobal Bakı Forumu ilə bağlı iyunun 15-də keçirilən mətbuat konfransında bildirdiyi kimi forumda 53 ölkədən 400-ə qədər nümayəndə, o cümlədən dövlət və hökumət nümayəndələri, sabiq dövlət və hökumət başçıları, gənc liderlər iştirak edəcək”.

Deputat vurğulayıb ki, IX Bakı Qlobal Forumu bir çox xüsusiyyətlərinə görə digər beynəlxalq forumlardan fərqlənir: “Öncə onu deyim ki, Bakı Qlobal Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı kimi dünyada nüfuzlu tədbirdir. Amma həm də bu forumlardan fərqlənir. Bu baxımdan, Davosun yalnız iqtisadi, Münhenin isə təhlükəsizlik məsələlərini əhatə edir. Bunlardan fərqli olaraq isə IX Bakı Qlobal Forumu universal xarakter daşıyır və beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni Bakı Qlobal Forumu bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olur”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top