Vilyam Hacıyevin dövlətdən mənimsədiyi pullarla bağlı araşdırma aparıldı, vəkili etiraz etdi — Məhkəmə

HADİSƏ 13 iyn 2022, 16:18
İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə cinayət işində olan sənədlər tədqiq olunub. 

İcra hakimiyyətinin fəaliyyəti ilə bağlı keçirilən yoxlamalarla bağlı aktda qeyd edilib ki, Vilyam Hacıyevin rəhbərli dövründə 356 vətəndaşın adı Dost mərkəzinə işlə təmin edilən şəxs kimi yazılsa da, həmin şəxslər üzrsüz səbəblərdən işə çıxmayıb, adlarına əmək haqqı yazılıb. 

Bu müddət ərzində həmin şəxslərin adına 481 min manat maaş yazılsa da, bu məbləğ həmin vətəndaşlara verilməyib.

Aktda qeyd olunub ki, rayon ərazisinin işıqlandırılması üçün işıq dirəklərinin alınması və təmirinə 162 min manat, Dövlət Arxivində kitabların saxlanılması üçün 75 min manat, çoxmənzilli binaların təmirinə 1 milyon manat vəsait köçürüldüyü halda, həmin məbləğlər təyinatı üzrə xərclənməyib.

Bundan başqa, İmişli rayon Mərkəzi Xəstəxanasının təmirinə 23 min 701 manat, Yaşıllaşdırma İdarəsinə 559 min manat, İmişli Turizm Şöbəsinin 118 min manat ayrılıb.  Lakin, aparılan araşdırmalar zamanı bu məbləğlər düzgün xərclənməyib.

Aparılan tikinti işlərinə sərf edilən tikinti materiallarına sertifikatlar tələb olunmayıb.

Buna etiraz edən Vilyam Hacıyevin vəkili bildirib ki, aktlardakı məbləğlər seçmə üsulu ilə aparılıb və bu da əsas götürülə bilməz: “Burda söhbət böyük məbləğlərdən gedir. Mütəxəssisi ona görə bura dəvət etmək istəyirdim ki, bu rəqəmlərə aydınlıq gətirsin. Aşkarlanan mənimsəmə faktlarının konkretləşdirilməsi üçün anbarlara baxış keçirilməli, aşkarlanan yeyinti faktları dəqiq hesablanmalıdır. Bu rəqəmlər Cəmil Musayevin izahatları əsasında yazılıb. 

Aktda göstərilib ki, 4 milyon 879 min manat İmişli rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə ayrılıb. 

Amma bu məbləğin nə qədəri mənimsənilib, nə qədəri xərclənib, o rəqəm dəqiq göstərilməyib”.

Vəkil aktlarla bağlı yazılı və şifahi formada vəsatətlər hazırlamaq üçün məhkəmədən vaxt istəyib. 

Növbəti proses iyunun 17-də davam edəcək.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsasılı şübhələr müəyyən olunub.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilib.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilib.

İstintaq orqanı tərəfindən Vilyam Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top