Deputat: “Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək”

GÜNDƏM 10 iyn 2022, 16:44
“Müstəqilliyimizin ilk illərində hakimiyyəti qanunsuz olaraq qəsb etmiş AXC-Müsavat cütlüyünün səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkəmiz dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı”

Bunu Demokrat.az-a açıqlamasında Millət vəkili, YAP İdarə Heyətinin üzvü, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, siyasi elmlər doktoru, professor Elşad Mirbəşir oğlu deyib. Deputat qeyd edib ki, dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı:

“ Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Bu şərtlər daxilində nəinki ölkənin inkişaf trendlərini müəyyən etmək mümkün deyildi, hətta dövlətimizin mövcudluğu böyük bir sual altında idi. Belə bir məqamda yeganə nicat yolunu Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən Azərbaycan xalqı onu təkidlə Bakıya, Azərbaycan adlı gəminin sükanı arxasına keçməyə çağırırdı. Ulu öndərin siyasi təcrübəsi, müdrikliyi, tarixi xidmətləri, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik nümunələri və öz xalqına olan sonsuz sevgisi Azərbaycanın mütərəqqi insanlarının onun ətrafında sıx birləşməsinə səbəb olmuşdu. Xalqımızın bütün təbəqələri inanırdı ki, Azərbaycanı düşdüyü bu ağır, mürəkkəb və faciəvi vəziyyətdən, sosial-iqtisadi, hərbi-siyasi böhrandan yalnız Heydər Əliyev xilas edə bilər. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Bu tarixi dönüş olmasa idi, bəlkə bugünkü Azərbaycan da olmazdı”. 
“Qısa bir zamanda ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı unikal siyasi taktikalarla alındı. Ümummilli lider öz qayıdışı ilə Azərbaycana sabitlik, təhlükəsizlik, dirçəliş və davamlı inkişaf gətirdi. Heydər Əliyev 1993-cü il iyunun 15-də yekdilliklə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu”. 



“Belə bir deyim var ki, tarixi şəxsiyyətlərin nəhəngliyi zaman keçdikcə daha aydın şəkildə görünməyə başlayır. Çünki onlar uzaqgörən qərarları ilə öz millətinin gələcəyini müəyyən edərək bir növ zamanı qabaqlamaq missiyasını yerinə yetiriblər. Bütün ömrünü xalqının azadlığı və xoşbəxtliyi uğrunda mübarizəyə həsr edən ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri də illər ötdükcə daha aydın şəkildə görünməkdədir. Ölkəmizin bugünkü dinamik və hərətəfli inkişafını, həyatımızın bütün sahələrində yüksəliş və tərəqqini müşahidə etdikcə Heydər Əliyevin böyüklüyünü və müdrikliyini daha dərindən dərk etmiş oluruq”. 

Deputata vurğulayıb ki, Heydər Əliyev siyasəti qüdrətli Azərbaycanı yeni zirvələrə daşıyır:

“Danılmaz həqiqətdir ki, onun xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib”. 

“Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”, -millət vəkili fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top