“Siz Allah, burunlarının üstündən vurub, onları geri qaytarmayın” — Tələbələrin mayka qadağasına REAKSİYA

GÜNDƏM 08 iyn 2022, 13:34
Azərbaycan Tibb Universitetinin kitabxanasından istifadə edəcək tələbələrə geyimlə bağlı qadağa qoyulub. Bu barədə kitabxananın girişində elan yerləşdirilib. Bildirilib ki, ictimai qaydalara uyğun olaraq, Əsaslı Kitabxanaya qısa şalvarda (şortik), maykada gəlmək qəti qadağandır. Bu qadağa sosial şəbəkələrdə müzakirələrə səbəb olub, universitet rəhbərliyi tənqid edilib. 

Məsələyə münasibət bildirən tanınmış jurnalist Seymur Verdizadə Demokrat.az-a açıqlamasında bildirib ki, tələbələr geyim məsələsində sərbəstdilər:

“Universitetlərdə vahid məktəbli geyimi tətbiq olunmur. Bu isə o deməkdir ki, tələbələr geyim məsələsində sərbəstdirlər. Dərsə istədikləri qiyafətdə gələ bilərlər. Bir halda ki, tələbə istədiyi geyimdə gələ bilir, niyə kitabxanaya da həmin geyimdə gedə bilməsin? Məncə, bu cür məsələlər Təhsil Nazirliyi tərəfindən tənzimlənməlidir. Vahid qaydalar olmalıdır və bütün tələbələr o qaydalara əməl etməlidir”. 



S.Verdizadə əlavə edib ki, hazırda universitet rəhbərliyinin qarşısında dayanan əsas vəzifə tələbələri elmə təşviq etmək olmalıdır:

“Bunun üçün ən müxtəlif vasitələrdən istifadə oluna bilər. Amma məlum qərar bunun əksini göstərir. İlin-günün bu vədəsində kitabxanaya gələn tələbəni geri qaytarmaq olar? Əlimdə səlahiyyətim olsa, oxumaq üçün kitabxanaya üz tutan tələbələri nəinki hansısa bəhanə ilə geri qaytarar, əksinə, onlara universitetin hesabına pulsuz çay və kek hədiyyə edərdim. Onsuzda hər universitetdə yaxşı oxuyan 5-10 tələbə var. Siz Allah, burunlarının üstündən vurub, onları geri qaytarmayın”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top