Sabiq icra başçısının səhhətində problemlər qalır: “Zəif və halsız vəziyyətdədir”

GÜNDƏM 08 iyn 2022, 13:20
Vəzifə cinayətlərinə görə həbs olunan, həbsxanada koronavirusa yoluxan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə "Azpolitika.info"ya sabiq icra başçısının yaxınları məlumat verib. Saytımıza verilən məlumatda bildirilir ki, sabiq icra başçısının vəziyyəti heç də yaxşı deyil: "O, həbs edilməzdən təxminən 10 gün əvvəl ağır formada infarkt keçirmiş, ürəyinə 3 ədəd stend qoyulmusdu. Bundan əlavə, Mahir Quliyev hipertoniya, diabet, qaraciyərin xroniki ağır infeksion xəstəliyi, kəskin ürək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkirdi. Buna görə də həbsxanada koronavirusa yoluxarkən ölüm təhlükəsi ilə üzləşmişdi. Təhlükəli risk qrupuna daxil olduğu üçün koronavirusa qarşı ölkəmizdə ən ixtisaslaşmış tibb ocaqlarından olan Dövlət Gömrük Komitəsinin Hospitalına yerləşdirilmiş və orada iki ay müddətində intensiv müalicə olunmuşdu. Buna baxmayaraq, təxminən 2 ay komada qalmış, süni tənəffüs aparatına qoşulmuşdu.  Əlavə olaraq, əməliyyat yolu ilə boğazından dəlik açılıb xüsusi cihaza qoşulmuşdu. Peşəkar həkim heyətinin səyləri nəticəsində həyatı xilas edilmişdi. 

Sonradan Bakı Reabilitasiya Mərkəzinə köçürülmüş, 3 ay orada müalicə almışdı. Orada da çənə sümüyündən cərrahi əməliyyat olunub. Onkoloji xəstəlik şübhəsi olduğu üçün sabiq icra başçısından biopsiya alınıb. Hazırda vəziyyəti kafi qiymətləndirilsə də, keçirdiyi ağır xəstliklərdən zəif və halsız vəziyyətdədir. Nəfəs çatışmazlığı, yüksək təzyiq, diabet və aşağı saturasiya onun xəstəxana şəraitində müalicə almasını zəruri edir".  

Sabiq icra başçısının vəkili Ceyhun Yusifov da sabiq icra başçısının səhhətinin yaxşı olmadığını, xəstəxana şəraitində müalicəyə ehtiyacı olduğunu bildirdi. 

Xatırladaq ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. 

Mahir Quliyev 11 il azadlıqdan məhrum olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top