Çimərlik xəstəliklərindən özümüzü necə qoruyaq? — AÇIQLAMA

SOSİAL 03 iyun 2022, 15:13
Artıq yay fəslidir. Dəniz yayın ən gözəl əyləncəsidir, laikn bununla yanaşı həm də təhlükə mənbəyidir. Söhbət təkcə suda boğulmaq riskindən deyil, həm də dəniz suyu və qumu vasitəsilə müxtəlif xəstəliklərə yoluxmaqdan gedir. Məlum olduğu kimi, Azərbaycanda bəzi çimərliklərdə suyun çirklənmə səviyyəsi normadan yuxarıdır. Bu barədə aidiyyəti qurumlar tərəfindən xəbərdarlıq edilsə də, bəzi vətəndaşlar buna məhəl qoymur, nəticədə müxtəlif dəri və mədə-bağırsaq xəstəliklərinə yoluxmaq qaçılmaz olur.

Tibb elmləri doktoru Adil Qeybulla da mövzu ilə bağlı Demokrat.az-a danışarkən bildirdi ki, vətəndaşlar dövlət qurumlarının təhlükəli və çirkli hesab etdikləri çimərliklərdən istifadə etməməlidirlər: 

“Bu gün ölkəmizdə çimərliklərin böyük əksəriyyəti özəlləşib. Ona görə də, orada sanitar epidemoloji nəzarət birbaşa onlara rəhbərlik edənlərin, onları özəlləşdirənlərin üzərinə düşür. Təbii ki, həmin çimərliklərin təmizlənməsi, orada yerin dibinə nəzarət və s. onların üzərinə düşür. Həmçinin, onlar çimərliklərə gələnlərə də bəzi təlimatlar verməlidirlər. Ümumiyyətlə qeyd edim ki, dənizin hər hansı yerində axıdılan tullantı suları və sair müxtəlif xəstəliklər yarada bilər. Çimərlik üçün ayrılmış yerlərdə suyun kolititri və kolindeksi yoxlanılır. Bu da həmin ərazilərdə bağırsaq çöplərinin konsentrasiyasının müəyyən edilməsi üçündür. Kolititr və kolindeksin içməli su səviyyəsində olduğu yerlərdə bakterial yoluxma təhlükəsi olmur. Dənizin duzlu olması özü də antibakterial təsir göstərir, bakteriyaları öldürmə xüsusiyyəti var. Əsas odur ki, su epidemioloji parametrlər baxımından təmiz olsun və orada müxtəlif radioaktiv tullantılar olmasın. Onu da müvafiq strukturlar yoxlamalı və çimərlik üçün ayrılan yerlərin epidemioloji durumuna daim nəzarət etməlidirlər”. 



A.Qeybulla qeyd edib ki, təəssüflər olsun ki, çimərliklərin böyük əksəriyyəti ayrı-ayrı şəxslər tərəfindən hasarlanıb:

“Şəxsi çimərliklər olan yerlərdə belə epidemioloji vəziyyətə nəzarət həyata keçirilməlidir. Həm bakterial çirklənmə dərəcəsi, həm də suyun müxtəlif tullantılarla çirklənmə dərəcəsinə nəzarət edilməlidir”.

A.Qeybulla onu da vurğuladı ki, insanlar birinci növbədə çimərliklərdə davranış qaydalarına düzgün riayət etməlidirlər:

“Yaxşı olardı ki, xüsusilə günəşin çox isti vaxtında, birbaşa günəş şüalarını düşdüyü vaxt çimərlikdə olmasınlar, daha çox günortadan sonra çimərliyə getmək məqsədəuyğundur. Həmçinin, günvurma hadisələrindən qorunmaq üçün də müəyyən tələblərə əməl etmək vacibdir. Birabaşa günəş şüasının altında uzunmüddət oturmamaq, yatmamaq lazımdır. Bəzi şəxslər uzanıb yuxuya gedirlər ki, bunlar da günvurma hallarına gətirib çıxarır. Dəridə günəş yanıqları əmələ gətirir ki, bunlar da həyat üçün təhlükəli xarakter ala bilər. İlk yardımın göstəriməsi diqqət etməlidir. Bundan başqa, insanlar çimərlikdə bir-birindən muğayat olsunlar. Çünki müəyyən məlumatlar var ki, zəlzələdən sonra, neçə illərdən sonra Xəzərin dibində çatlar əmələ gəlib. Bunlar bəzən insanların ayağının boşa getməsi ilə boğulmalara gətirib çıxara bilər”. 

Müsahibimiz qeyd edib ki, insanlar çimərliklərdə gigiyena tələblərinə ciddi şəkildə gözləməlidirlər:

“İnsanlara təəssüflər olsun ki, qida qalıqlarını dənizə atırlar ki, bunlar da yolverilməzdir. İnsanlar özləri qumu və dənizi çirkləndirir. Çox təəssüf ki, bəzən insanlar qəsdən plastik qabları dənizə atırlar ki, bu da müəyyən xəstəliklərin əmələ gəlməsinə səbəb odur. Buna görə də, dənizdə ciddi şəkildə gigeyena qaydalarına riayət etmək laızmdır. Biz Xəzər dənizini mümkün qədər qorumalıyıq, bununla da həm də özümüzü qorumuş oluruq”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top