Mahir Abbaszadə: “Artıq dünyada geopolitik mövqelər dəyişməkdədir”

GÜNDƏM 31 may 2022, 11:08
“TEXNOFEST”in Azərbaycanda keçirilməsi həm Türkiyə, həm də Azərbaycan üçün çox mühüm əhəmiyyətə malikdir. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. Deputat qeyd edib ki,  Azərbaycan və Türkiyə gəncləri “TEXNOFEST”in Azərbaycanda keçirilməsi vasitəsilə informasiya texnologiyalarının bu gün dünyamızda və cəmiyyətimizdə nə qədər mühüm əhəmiyyət kəsb etdiyini, eyni zamanda gələcək uğurları əldə etmək üçün informasiya texnologiyalarından səmərəli şəkildə istifadə etməyin nə qədər vacib olduğunu bir daha anladılar:

“Hesab edirəm ki, burada iştirak edən azərbaycanlı gənclər gələcəkdə informasiya texnologiyaları sayəsində ixtisaslaşması, böyüməsi, formalaşması və bu sahədə uğurlar qazanması ilə bağlı böyük motivasiya əldə etdilər. Sirr deyil ki, gənclərimiz “TEXNOFEST” festivalına çox böyük maraq göstərdilər. Bizdə olan məlumatlara görə, hər gün təxminən 50 minə yaxın bilet satıldı ki, bu da toplamda 200 mindən artıq insanın “TEXNOFEST”in iştirakçısına çevirməsi demək idi”. 

Deputat qeyd edib ki, bu festival Türkiyə-Azərbaycan dostluğunun bir nümunəsi kimi də qiymətləndirilməlidir:

“Bildiyimiz kimi, biz Türkiyə ilə lap əvvəldən, yəni Bakının işğaldan azad olunması ilə bağlı Azərbaycanda keçirilən paradda bir yerdə idik. Eyni zamanda, 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyimiz zəfərlə bağlı Zəfər paradında, Qarabağın işğaldan azad olunan ərazilərində, Şərqi Zəngəzurda dinc quruculuq, bərpa proseslərində də Azərbaycan və Türkiyə bir yerdə idilər. “TEXNOFEST” festivalında da  Türkiyə tərəfdən Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük bir nümayəndə heyətinin Azərbaycana gəlməsi və burada şəxsən Rəcəb Tayyib Ərdoğanın və ailə üzvlərinin iştirak etməsi bir daha göstərir ki, Azərbaycan-Türkiyə bundan sonra da daima bir yerdə olacaq. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin dediyi kimi, əslində “TEXNOFEST” festivalının bir yerdə keçirilməsi  həm də dünyaya bir mesaj idi. Çünki qəbul etmək lazımdır ki, artıq dünyada geopolitik mövqelər dəyişməkdədir və Azərbaycanla Türkiyənin bir yerdə keçirdiyi layihələr həm siyasi, həm iqtisadi, həm də hərbi layihələr bölgədə Azərbaycanı və Türkiyəni böyük bir oyunçuya çevirib. Təbii ki, bu böyük bir oyunçuya çevrilməkdə cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın çox böyük xidmətləri vardır. Təbii ki,  biz “TEXNOFEST”i bir yerdə keçirtməklə  dünyaya bir mesaj göndərdik: “Azərbaycan və Türkiyə xalqları dünən bir yerdə olub, bu gün də bir yerdədir. Gələcəyə baxış olan “TEXNOFEST” festivalının Azərbaycanda keçirilməsi də onu göstərir ki, gələcəkdə də biz bütün layihələrdə bir yerdə olacağıq”. Qeyd edim ki, belə layihələrin bir yerdə keçirilməsi həm Azərbaycanın, həm də Türkiyənin gücünə güc qatır. Həm bölgəmizdə, həm də dünyada Azərbaycanın və Türkiyənin rolunu artırmaqda davam edir”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top