Həyat yoldaşı ilə eyni gündə anadan olan şəhid İbrahim Hüseynli — FOTO

QARABAĞ 29 may 2022, 12:49
Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsində yazdığı qəhrəmanlıq dastanının iştirakçılarından və şəhidlik mərtəbəsinə ucalan hərbçilərindən biri də kiçik çavuş Hüseynli İbrahim İsaoğludur.

Azərbaycan ərazilərinin işğaldan azad edilməsində böyük pay sahibi olan qəhrəmanımız Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
 
Şəhid İbrahim Hüseynli 30 may 1992-ci ildə Yevlax rayonunda anadan olub. O, 1999-cu ildə Yevlax rayon Qoyunbinəsi kəndində 1-ci sinifə daxil olub. 2010-cu ildə 11 illik təhsilini başa vurduqdan sonra Naxçıvan Muxtar Respublikasında hərbi xidmətə yollanır. Xidmət dövründə uşaqlıq arzusu olan hərbçi olmaq qərarını alır. Buna görə hərbi xidmətini başa vurduqdan sonra 2014-cü il aprel ayının 10-dan etibarən xidmətini müddətdən artıq hərbi qulluqçu kimi davam etdirir.

Həmişə vətənpərvərliyi, igidliyi ilə seçilən İbrahim xidmətini ön xətdə davam etdirmək istəyir və düşməndən qisas almaq, torpaqların azadlığı və suverenliyinin bərpa edilməsində səy göstərmək, şəhidlik zirvəsinə ucalmaq ən böyük amalı olur. 2016-cı ildə 4 günlük aprel döyüşlərinə yollanır.
 
22 noyabr 2019-cu ildə uğrunda hər şeyi qurban verdiyi və 7 il onun yolunu gözləyən Surfanə xanımla ailə həyatı qurub. Maraqlıdır ki, şəhidin xanımı Surfanə Hüseynli də 30 may tarixində anadan olub. Həyat yoldaşı şəhid olana qədər Surfanə Hüseynli ona çox bağlı olub. Onlar ilk dəfə 2013-cü ilin oktyabr ayında tanış olublar.
 
"Tanışlığımızin əsas səbəbi bir-birimizdən xəbərsiz olsaq da, doğum günlərimizin eyni gündə olması idi. Bir-birimizə "ruh ekizim" deyə müraciət edirdik. Xasiyyətlərimiz hətta sevdiyimiz rənglərə qədər eyni idi. Həmişə mənə "6 yaşımın hədiyyəsi" deyirdi. Çünki aramızda 6 yaş fərqi var idi. Amma eyni tarixdə doğulmuşuq",-deyə Surfanə Hüseynli bildirib.

30 dekabr 2020-ci ildə üzünü görə bilmədiyi oğul övladı Alituran dünyaya göz açıb.
 
Qeyd edək ki, 27 sentyabr 2020-ci il tarixdə 2-ci Qarabağ Müharibəsinə həm döyüşçü, həm də tibb qardaşı olaraq yollanır.
 
O, döyüşlərdə şücaətlə döyüşür, döyüş meydanından öz komandiri və döyüş yoldaşlarını çıxarır, ağır yaralılara ilkin tibbi yardım göstərir. Füzuli rayonu uğrunda döyüşlərdə iştirak edir və şücaətlə döyüşərək 19 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. O həmçinin Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib./Baku.ws
 
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top