Kamran Bayramov: “Bu cür festival Ermənistan üçün də bir mesaj olacaq”

GÜNDƏM 26 may 2022, 13:29
“Bildiyimiz kimi, bu gün Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının açılışı oldu. Ümumiyyətlə, bu cür festivalın ilk dəfə Azərbaycanda keçirilməsi ölkəmiz üçün tarixi bir hadisədir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin üzvü Kamran Bayramov deyib. Deputat əlavə edib ki, müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının cəmiyyətin və iqtisadiyyatın inkişafında çox böyük rol oynayır:

“Əslində innovativ inkişafla ayaqlaşan və tətbiq edən ölkələr daim ön sırada olur və daim inkişaf edir. Son illər Azərbaycanda da bu istiqamətdə çox səmərəli işlər görülməkdədir. Bilirsiniz ki, dördüncü sənaye inqilabının çağırışlarına uyğun olaraq rəqəmsal inkişafa nail olmaq üçün Cənab İlham Əliyev tərəfindən bir sıra fərman və sərəncamlar imzalanmışdır. Bu sahədə fəaliyyət göstərən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yenidən təşkil olunmuş və onun da bugünkü fəaliyyəti göz qabağındadır”. 

K.Bayramov vurğulayıb ki, bu festivalın ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasında olan tarixi əlaqələrin, münasibətlərlərin, qardaşlığın bir təzahürüdür, eyni zamanda Azərbaycan və Türkiyə prezidentlərinin bu sahədə uğurlu siyasətinin nəticəsidir:

“Məlum olduğu kimi, Türkiyınin prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan da bu “TEXNOFEST”ə qatılacaq. Bu tədbirə xüsusi yaraşıq verəcək və onun əhəmiyyətini daha da artıracaq. Qeyd edim ki, bu cür möhtəşəm tədbirə ev sahibliyi etmək ölkəmizin imicinin artırılmasına səbəb olacaq, eyni zamanda xarici şirkətlərin transmilli korporasiyaların ölkəmizə marağını artıracaq. Onu da unutmayaq ki, 44 günlük Vətən müharibəsində də qazandığımız tarixi qələbimizdə bu cür texnologiyaların, xüsusilə də “Bayraktar” dronların payı çoxdur. Bu baxımdan da hesab edirəm ki, bu texnologiyaların nümayişi festivala gələn və iştirak edən qonaqların böyük marağına səbəb olacaq”.

Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Türkiyənin “Bayraktar” dronlarına dünyanın bir çox ölkələrinin marağı artıb və bir çox ölkələr orduları üçün həmin texnologiyaları sifariş ediblər: "Düşünürəm ki, bu festival Azərbaycan gəncləri üçün çox mühüm tədbirdir. Çünki festivalda yerli şirkətlərin və gənclərin startapları nümayiş olunacaq və müvafiq yarışlar keçiriləcək, investorların cəlb olunması üçün müəyyən tədbirlər həyata keçiriləcək. Bu baxımdan da bu festivalın keçirilməsi Azərbaycan cəmiyyəti, gəncləri üçün çox mühüm və vacib bir hadisə olacaq”. 

Millət vəkili diqqətə çatıdırıb ki, bu cür festival Ermənistan üçün də bir mesaj olacaq:

“Təbii ki, belə festivalların təşkili Ermənistan tərəfini qıcıqlandırır. Ancaq Ermənistan görür ki, Azərbaycan nə qədər güclü dövlətdir ki, bu cür müasir və bugünkü dünyanın tələblərinə cavab verən tədbirlərə ev sahibliyi edir. Eyni zamanda, bu, Ermənistana bir mesajdır ki, “dəmir yumruq” yerindədir. Azərbaycan qalib dövlət kimi öz ordusunu dayanmadan inkişaf etdirir, gücləndirir. Ordunun texniki təchizatı, silahlandırılması, döyüş qabiliyyətinin artırılması baxımından hər zaman öz üzərində işləyir, təsirli və məqsədyönlü tədbirləri davam etdirir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top