Sərdar Cəlaloğlu: “Yuxarıdakı idarələr vətəndaşları “cəhənnəm kruqu”na salırlar”

GÜNDƏM 25 may 2022, 16:18
“Dövlətin müharibə iştirakçıları, şəhidlərlə, qazilərlə bağlı siyasəti təqdirəlayiqdir. Yəni, siyasətdə heç bir qüsur yoxdur. Amma təbii ki, dövlətin verdiyi qərarları məmurlar icra etmir. Burada subyektiv amil çox önəmli rol oynayır”. 

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Partiya sədri vurğulayıb ki, bəzi məmurlar açığı tutduqları mövqeyə layiq olmadıqlarından dövlətin bu müqəddəs siyasətini düzgün həyata keçirə bilmirlər və çox böyük narazılıq əmələ gətirirlər:

“Təbii ki, bunun yeganə yolu məmurların düzgün seçilməsi və məmurların fəaliyyəti üzərində nəzarətin gücləndirilməsidir. Bundan başqa, bir faktı da qeyd edim ki, bu gün Azərbaycanda vətəndaşların şikayətinə baxılma qaydasında da problemlər var. Məsələn, bir vətəndaş hər hansı bir idarədən başqa bir yuxardakı idarəyə şikayət edir. Lakin həmin yuxarıdakı idarə şikayətə bilavasitə baxmaq əvəzinə ona bir də qaytarır əvvəlki idarəyə. Beləliklə, vətəndaş elə bil ki, “cəhənnəm kruquna” düşür və öz hüquqlarını müdafiə etmək üçün yuxarı instansiya tapa bilmir. Ona görə də, qanunda ciddi şəkildə bu məsələlər öz əksini tapmalıdır. İlk növbədə yuxarı instansiyalara edilmiş müraciətlərin aşağı instansiyalara göndərilməsi qadağan edilməlidir və şikayət bilavasitə şikayət edilən mərhələdə həll edilməlidir. Bu sahədə ciddi addım atılmayacağı təqdirdə demək olar ki, bu problemlər kəskin olaraq qalacaq. Bayaq dediyim kimi, bir vətəndaş prezidentə şikayət edir və Prezident Aparatı onu göndərir tutaq ki, icra hakimiyyətinə. Yəni, bu adam elə icra hakimiyyətindən şikayət edib də. İcra hakimiyyəti də gülür, götürüb ərizəni atır qırağa. Yəni, məmurlar bilirlər ki, şikayətlər onların üzərinə qayıdacaq və buna görə də, vətəndaşları incitməkdən çəkinmirlər”.

S.Cəlaloğlu onu da əlavə edib ki, bu gün Azərbaycanda heç bir məmur vətəndaşın şikayətinə, hətta məhkəmə şikayətinə belə məhəl qoymur:

“Biz də ən ciddi problemlərdən biri də odur ki, gedirsən aşağı instansiyaya deyir kimə istəyirsənsə şikayət elə. Bu, nə deməkdir? Bu, o deməkdir ki, məmurlar qabaqcadan şikayətlərin həll edilmədiyinə o qədər əmindirlər ki, vətəndaşın hansı instansiyaya şikayət etməyi onu narahat etmir. Halbuki, Azərbaycanda bu şikayətlərə baxılma məsələsi qanunauyğun şəkildə düzgün tənzimləməsi məmurlar vətəndaşların şikayət etməsindən it kimi qorxarlar. Amma, Azərbaycanda heç bir məmur vətəndaşın şikayətinə, hətta məhkəməyə şikayətinə məhəl qoymur. Çünki bilir ki, heç bir instansiya vətəndaşın şikayətinə qanunauyğun şəkildə həll eləmir. Hesab edirəm ki, sadaladığım bu məsələlər ilk növbədə həll edilməlidir. Məhkəmələrdə də bu şikayətlərə obyektiv, ədalətli baxılmalıdır. Hətta, belə bir problem də var. Bizdə elə məmur var ki, ondan bir ildə yüz minlərlə şikayət var. Ancaq həmin məmur yenə də öz işində qalıb işləyir. Yaxud məhkəmə var ki, Avropa məhkəməsi onun 10-20 dənə hökmünü pozub. Halbuki, 3 dənə yanlış qərar çıxaran bir hakim gərək hakimlikdən uzaqlaşdırılsın. Yenə də, həmin adam vəzifəsində qalıb işləyir. Yəni, məmurlar cəzalandırılmadığına görə, şikayətin müsbət həllində maraqlı deyillər və sadəcə şikayəti mahiyyəti üzrə həll edirlər. Ona görə də, məmur deyir ki, get nə edirsən elə, mənə neyləcəklər ki? Bu məsələni həll etmək üçün artıq dövlət tərəfindən çox ciddi addımlar artıq atılmalıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top