“Bu zərbə, sənətə və insanlığa olan kobud münasibət idi!” — Canlı heykəl danışdı

İNCƏSƏNƏT 20 may 2022, 16:05
Elə sayt əməkdaşı kimi ilk müsahibəmi də onunla reallaşdırmışdım. Şəhərin mərkəzi küçəsində tez-tez raslaştdığımız canlı heykl Pərviz Fəxrəddinlə..

Ona suallarımdan biri belə idi: İnsan olmaq çətindir, yoxsa heykəl olmaq?

Cavabında dedi ki, heykəlin içində insan olmaq çətindir. Görünür bu, onun çoxdandır sakitcə, dinməzcə, mimika-jestləri ilə bildirməyə çalışdığı, amma səsini kimsəyə duyura bilmədiyi çətinliyi imiş.. Bu çətinliyinin görüntüsü bir neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusudur. Vay o incəsənətin aqibətinə ki, çətinliyi yaradan seyrçi, tamaşaçıdır! O tamaşaçının isə 50-55 yaşı ola - saç-saqqalı ağarıb, ağsaqqal ola bilməmiş “İNSAN”! İncəsənətə qarşı göstərə biləcəyi yeganə reaksiyası kobud davranışı olan bu mədəniyyətdənkənar insan, bir sənətkarın sənətdən soyudan səbəbi olacağına iddialıdır!

Bir incəsənətsevər, ən azından bir tamaşaçı kimi demək istədiklərim çox sərt və qınaqdoludur! Amma işbaşında, səbəbsiz olaraq, incə işlə məşğulkən kobud davranışla qarşılaşan Pərviz Fəxrəddin deyəcəkləri daha vacibdir. O, küçə sənətini dərk etməyib, əvəzində küçə hərəkətləri sərgiləyən insanlara Demokrat.az saytı vasitəsilə bildirib:

“Öncə onu qeyd edim ki, mən insanam robot və ya daş heykəl deyiləm. “Çemodanlı adam” və ya “Heykəl adam” mənim yaratdığım bir obrazdır. Öncə onu vurğulayım ki, mənim küçə sənəti nümayişimə heç kim baxmaq məcburiyyətində deyil. Bu küçə sənətidir, istəyən baxar, istəməyən baxmaz. Mən nümayiş zamanı insanlardan elə sözlər eşidirəm ki, onları dilə gətirməyə tərbiyəm yol vermir. Bununla yanaşı edilən hərəkətlər və s. Mən bu günə kimi bütün müsahibələrimdə “insanların” - tamaşaçıların sadəcə yaxşı tərəflərini göz önünə asaraq mənfilərə pərdə çəkmişəm. Ancaq mən belə etdikcə insanlarda qəribə bir yanaşma formalaşmağa başlayıb. Sanki mən birinin haqqını qəsb edirəm. Təkrar edirəm bu küçə sənətidir və “Sənətdir”, lağ-lağı obyekti deyil! 

Qərblə Şərq mədəniyyətinin qovuşmasını, qədimiliklə yeniliyi tərənnüm edən Bakımızın mərkəzi küçəsində baş verənlər mədəniyyətdən nə qədər də kənardır. Bu qənaətə, mədəniyyəti təbliğ edən canlı heykəlin gördüklərindən gəlmək mümkündür:

“Qarşımda olan qutudan pul götürüb qaçanlar, plastik stəkan, qaşıq atanlar. Birini ilişdirsəm nə edər görəsən? Qutusun götürüb qaçsam nə edər və s... Onların hamısının mənimlə və digər sənətlə məşğul olan və dünya üçün işlər görən insanlarla eyni hüquqa malik olması mənə ağır gəlir.”

Məlum hadisəyə gəlincə.. Düzü, hadisənin təfərrüatını soruşmağa da utanır adam.. Deyəsən ki, sən mədəniyyət sərgiləyərkən niyə biri sizə mədəniyyətsizlik edib? Ya da mədəniyyətimizə vurulan sillə deyək buna, ən yaxşısı. Nə də olsa, mədəniyyət adamına dəyən sillə elə mədəniyyətə dəyən zərbə deyilmi?!

“Mən mənə sillə vurulmasına deyil, bəzi insanların müdafiyəsiz və boşluq gördükləri yerə zərbə endirməsinə üzüldüm. Heykəl olduğum zaman müdafiyəsiz qalıram. Koordinatorum var ancaq, o məni sillə-təpikdən qorumaq üçün deyil, musiqi və s. işləri etmək üçün orada dayanır. Mənə atılan sillə təkcə mənə yox məni izləyən tamaşaçılara da atılıb. Hadisə günü mən yenə paytaxtın mərkəzi küçəsində canlı heykəl nümayiş etdirirdim, insanlar izləyirdi. Və tanımadığım, 50-55 yaşlarında bir ağsaqqal,əgər ağsaqqal demək olarsa, mənə yaxınlaşdı, koordinator ona yaxınlaşıb dedi ki, zəhmət olmasa, kənardan izləyin, yaxınlaşmaq olmaz. Koordinator bunu hər dəfə deyir, lakin insanlar hər görüşdə məni kənardan izləmək əvəzinə yaxınlaşıb, üzümə toxunurlar. Əslində bu, başadüşülən haldır, çünki insanlara maraqlıdır toxunmaq, canlıdırmı, heykəldirmi, robotdurmu deyə dəqiqləşdirmək. Toxunmaq olar, amma fiqur kimi içini açıb baxmaq, nə kimi qəbulolunandır, bunu bilmirəm artıq. İnsanlara azadlıq versən, bunu da edərlər. Hətta yerə yıxıb əzərlər. Kişini koordinator bir dəfə uzaqlaşdırdı. İkinci dəfə arxadan yaxınlaşanda, mən onu görmürdüm. Arxamdan fırlandı və sağ əli ilə mənim sol yanağıma möhkəm bir sillə vurdu. Koordinator onun qarşısını almağa çatdıra bilmədi. Anidən baş verdi. Təbii ki, mən heç bir reaksiya vermədim. Ona reaksiya verməyim, ondan heç bir fərqimin olmadığının göstəricisi olardı. Həm də nə olursa olsun, mən insanları incitmək istəmirəm. Bunu bu formada ona görə qeyd edirəm ki, ətrafda dayanan insanlar sadəcə seyrçi qaldılar. Dayananlar içində tanıdığım “sənət”adamlarından da var idi.  “Biz olay axtarırıq axı, tez telefonla çəkib sonra dost tanışımıza göstərmək üçün”. Amma bu zərbə, sənətə və insanlığa olan kobud münasibət idi. Laqeyd qala bilmədim. Həyatda heç zaman heç kimdən şikayət etməmişdim. Heç zaman polisə getməmişdim. Bu, ilk idi. Getdim, lazımi yerə müracit etdim. Ərazi polisini göndərdilər, məni bölməyə çağırdılar, sorğu aldılar və hər şeyi olduğu kimi onlara danışdım, görüntüləri tapdılar. Elə sosial şəbəkələrdə yayılan həmin görüntülərdir. 

Bu mənim üçün birmənalı olaraq insanlığa və sənətə olan laqeydlikdir. Əlbəttəki insanların hamısından anlayış gözləmək Tanrının yerə enməsini gözləmək kimi absurd düşüncədir. Ancaq, burada bir tamaşa və tamaşaçıdan söhbət gedirsə, mən insanların nəyi və niyə izlədiklərinin fərqində olmadığının qənaətindəyəm. 

Əlbəttəki cəhalət və cahillik yeni deyil. Sokratı dinləyə-dinləyə onu səhv başa düşüb ona ölüm cəzası veriblər. Era dəyişib, cahillik davam edir. Ci fayda... Cəhalət insanların başını elə qatıb ki, ümumiyyətlə, nə olduqlarının fərqində belə deyillər. 

Qardaşım aktyor, rejissor Əflatun Abdullayevin hadisə ilə bağlı Avstriyadan mənə yazdığı mesajı qeyd etmək istəyirəm:

“Sənə atılan sillədən sonra işinə davam etməyin çox təqdirəlayiq oldu. Dayandın, və işinə davam etdin. Çünki bu sənə yox sənin yaratdığın obraza dəydi. Bu sənə yox orada dayananlara dəydi. Elə hamının dediyi kimi bu sillə bütün 10 milyon xalqa dəydi içi mən qarışıq. Xəbəri eşidəndə və video görüntünü görəndə içim əzildi və çox üzüldüm.”

Aktyor Kamran Ağabalayevin hadisə ilə bağlı üzüntüsünə, hadisəyə göstərdiyi münasibətə və bunu ictimailəşdirdiyinə görə dərin təşəkkürümü bildirirəm.

Xüsusi bir məqamı qeyd edim ki, mən və məndən başqa küçə sənətçisinə hər hansı bir müdaxilə və təzyiq göstəriləcəksə, onlar haqqında lazımi dövlət orqanları tədbir görəcək.

Bununla yanaşı dəstək olan hər kəsə də öz təşəkkürümü bildirirəm.”

Küçələri mədəniyyətə beşik olan, hər daşı, hər divarı mədəniyyət, tarix qoxan gözəl Bakım! Kaş bunu qoynunda var-gəl edənlərə də ötürə bilsəydin. Ağsaqqalının mədəniyyətə vurduğu zərbə gənclərinin mədəniyyətdən gen düşən “ağ günü”nə qara ləkədir! 




Maya İmran
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top