Ermənistan, İraqın şimalı, siqaretlər və brilyant: böyük qaçaqmalın izi ilə — ARAŞDIRMA (VİDEO)

GÜNDƏM 17 may 2022, 21:36

İraqın şimalında, Qərbin "İraq Kürdüstanı", yerli kürdlərinsə "Başuri Kurdistana", yəni "Cənubi Kürdüstan" adlandırdıqları böyük ərazidə dükanlarda, marketlərdə, restoranlada bahalı siqaret alanların çoxu aldanırlar.

Qiymətdə yox - aldıqları nikotinli məməlatın mənşəyində.

Çünki M.Bərzaninin rəhbərlik etdiyi və paytaxtı Ərbil şəhəri olan böyük ərazidə satılan siqaretlərin tam əksəriyyəti saxtadır.

"Marlboro"dan tutmuş, "Parliament" və "Lucky Strike"dək onlarla adda siqaret İraq Kürdüstanı Muxtariyyətinə qaçaqmal yolu ilə gətirilir.

Yerli sakinlər arasındakı alıcılar məsələnin məğzinə varmırlar: onlar əla bilirlər ki, üzərində "Smoking Kills" xəbərdarlığı olan qutular ABŞ-da, Türkiyədə, Britaniyada, Almaniyada və ya İsveçrədə istehsal olunmayıb.

Hər şey daha prozaikdir: Ərbildəki "Mall"larda və "MegaMarket"lərdə satılan az qala bütün "brend mal"lar təki, bu siqaretlər də saxtadır.

Həmin saxta siqaretlərin çoxu Ermənistanda istehsal olunur.

İkinci Qarabağ Müharibəsində total məğlubiyyətə uğrayan, iqtisadiyyatı acınacaqlı vəziyyətdə olan Ermənistan ilk baxışdan nə qədər paradoksal görünsə də, İraqın şimalındakı siqaret və tütün məmulatları bazarına qanunsuz yollarla çıxaraq təminatçılardan biri olmağı bacarıb.

Ermənistan yerli sakinləri saxta siqaretlərlə yanaşı, saxta spirtli içkilərlə də təmin edir.

İraqın şimalındakı Süleymaniyyə və Ərbildəki topdansatış mərkəzlərinin sahiblərinin dediklərinə görə, ermənilərlə illər əvvəl "işbirliyi"nə başlayıblar.

"Ermənistanda istənilən markada, adda və çeşiddə siqaret sifariş verə bilirik. Anlayırıq ki, saxta malların keyfiyyəti orijinal kimi deyil, ola da bilməz. Amma qiymət baxımından çox əlverişlidir. Ermənistandakı kiçik sexlərə sifariş verdiyimiz siqaretlərin burada satışı yaxşı qazanca imkan verir", - Süleymaniyyənin mərkəzi bazarındakı market sahiblərindən biri deyir.

Ermənistanda istehsal edilən və qaçaqmalçılıqla İraqın şimalına daşınan siqaretlərin Süleymaniyyə şəhərində əsas topdansatış məntəqələri "Majidi Mall" ticarət mərkəzinin arxasındakı anbarlar, "Grand Millennium Sulaimani" yaxınlığındakı topdansatış bazarı, "Mall Sultan" bazarı və "Copthorne Hotel Baranan" otelinin yaxınlığındakı bazardır.

İraqın şimalındakı kürd muxtariyyəti Bağdaddakı mərkəzi hakimiyyətə faktiki olaraq tabe olmadığından, İranla sərhədin sözügedən ərazidən keçən hissəsinə də iraqlı sərhədçilər yox, "peşmərgə"lər, yəni yerli kürdlərin silahlı birləşmələri nəzarət edirlər.

Ermənistanda hazırlanan saxta siqaretlər də ilk əvvəl İrana keçirilir, oradan da İraqa daşınır.

Həmin siqaretlər İran-İraq sərhədindəki "Tamarçin" və "Pərviz Xan" nəzarət-burazılış və keçid məntəqələrindən İraqın şimalına keçirilir, oradan da topdansatış mərkəzlərinə daşınır.

Ermənistanlda hazırlanan və saxta "brend" spirtli içkilər olan "məhsul"lar da eyni marşrutla, eyni sxemlə, İraq büdcəsinə heç bir aksiz vergisi ödənməmək şərtilə Süleymaniyyə və Ərbil şəhərlərinə aparılır.

İllik dövriyyəsi 1,5 milyard dollara çatan bu qaçaqmal marşrutunun təhlükəsizliyinin təminatına Ermənistanın Milli Təhlükəsizlik Xidməti  (MTX) cavabdehdir.

Hələ 2020-ci ilin yayında Ermənistan mediası Rusiyanın hüquq-mühafizə orqanlarının Ermənistandan göndərilən siqaret qaçaqmalçılığına dair cinayət işini araşdırdığı haqda xəbər yaymışdı. O zaman məlum olmuşdu ki, Rusiyada İrəvandan Əfqanıstana 40 ton qaçaq siqaret daşıyan təyyarə saxlanılıb.  Aparılan araşdırma zamanı bu cinayətdə şəxsən baş nazir Nikol Paşinyanın və daha 17 nəfərin adının keçdiyi məlum olmuşdu.

Sonradan Ermənistan bu qalmaqalı birtəhər ört-basdır etsə də, yerli media bu cinayətin arxasında Paşinyanın qaynı və digər qohumlarının olduğunu iddia edir.

Ermənistan MTX eyni zamanda brilyant qaçaqmalçığının da "normal fəaliyyət"ini təmin edir.

Belə ki, baş nazir Nikol Paşinyanın, onun qohumlarının və əlaltılarının birbaşa nəzarətindəki sxem mürəkkəb deyil.

Hindistanda topdan satın alınan brilyantlar Ermənistandakı üç zavoda daşınır. Orada brilyantlar cilalanır, "Ermənistan malı" kimi rəsmiləşdirilir, sonra isə dünya bazarına çıxarılaraq ixrac olunur.

Təbii ki, satış prosedurları dövlət büdcəsində nəzərdə tutulmuş kvotalar əsasında aparılır, büdcəyə heç bir gömrük rüsumu ödənmir.

Adi bir fakt: İkinci Qarabağ Müharibəsindən əvvəl, 2020-ci ilin ilk rübündə Ermənistan 20 milyard dram, yəni 40 milyon dollar məbləğində brilyant ixrac edib.

Bu həcmdə brilyantın emalı üçün təqribən 1400 cilalayıcı mütəxəssis gərəkdir.

Ermənistanda isə vur-tut 400 nəfər cilalayıcı var. Yəni Ermənistandakı zavodlarda heç bir vəchlə həmin həcmdə brilyant emal oluna bilməzdi.

Eyni zamanda, Ermənistanda müvafiq emal və cilalama müəssisələri də yoxdur. Olsaydılar, böyük həmdə elektroenerji sərfiyyatı, vergi ödənişləri və s. olardı.

Sadəcə, 2020-ci ilin ilk 3 ayında Nikol Paşinyanın dəstəsitt 40 milyon dollarlıq brilyant satıbsa, Ermənistanda dövlət səviyyəsində himayə olunan qaçaqmalçılığın real həcmini hesablamaq asan deyil.

Söhbət yüz milyonlarla dollarlıq əməliyyatlardan gedir.

İqtisadiyyatı iflic durumda, maliyyə sistemi və istehsal müəssisələri çox ağır böhranda olan ermənistanda qaçaqmal hakimiyyət üçün əlverişli gəlir mənbəyidir.

Yalnız hakimiyyət üçün - adi ermənilərsə acınacaqlı həyat sürməyə davam edirlər.

Elçin Alıoğlu
Milli.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top