Dollar bahalaşır, bunun manata hansı təsirləri olacaq? — Ekspertdən AÇIQLAMA

MALİYYƏ 17 may 2022, 16:44
“Dolların dünyanın digər aparıcı valyutaları ilə müqayisədə bahalaşmasının əsas iki səbəbi vardır. Bunlardan birincisi Federal Ehtiyatlar Sisteminin (FED) qərarı ilə uçot dərəcəsinin qaldırılmasıdır. Bildiyimiz kimi, pandemiya dövründən hələ bir müddət əvvəldən iqtisadi aktivliyin maksimum səviyəyə çatdırılması məqsədilə sıfır dərəcəyə endirilmiş bir uçot dərəcəsi tədricən qaldırılır. Bu ildə artıq 8-ə yaxın toplantının keçiriləcəyi və müəyyən hissələrlə uçot dərəcəsinin qaldırılacağı nəzərdə tutulmuşdur. Həm verilən proqnozlar, həm də real olaraq uçot dərəcəsinin artırılması nəticədə dolların digər valyutalar qarşısında bahalaşmasına səbəb olmuşdur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. Ekspertin sözlərinə görə, uçot dərəcəsinin bu ilin sonuna kimi qaldırılacağı və 2023-24-cü illərə qədər 3 faizə çatdırılacağı ilə bağlı proqnozlar da verilməkdədir:

“Bütün bunlar dolların digər valyutalar qarşısında bahalaşmasına səbəb olan əsas amildir. Digər bir səbəb isə Amerika iqtisadiyyatının dünyanın aparıcı iqtisadiyyata malik olmasıdır. Bildiyimiz kimi, bu ölkənin iqtisadi gücü digər ölkələrlə müqayisədə həm ümumi daxili məhsul səviyyəsində, həm də iqtisadi diktə etmə məsələsində kifayət qədər güclü olmasından bu ölkənin valyutası da daha çox dominantlıq edir. Nəzərə alsaq ki, bir ölkənin valyutasının dəyəri bilavasitə onun iqtisadi gücü ilə sıx şəkildə əlaqədardır. Bu baxımdan dolların dəyər qazanması ilə bağlı  fikirlərimizi yekunlaşdırsaq deyə bilərik ki,bu, həm uçot dərəcəsinin artırılmasından, eyni zamanda güclü iqtisadiyyata sahib olmadan formalaşır”. 



“Hazırda Rusiya-Ukrayna münasibətləri fonunda isə avronun dollara qarşı ucuzlaşması, dolların isə əksinə bahalaşması bilavasitə münaqişə zonasına daha yaxın olan Avropanın risk faktoru qarşısında qalması, müəyyən maliyyə risklərinin artması nəticədə Avroya olan təzyiqi artırmış və avro dollar qarşısında ucuzlaşmışdır. Təbii ki, avronun da dollar qarşısında ucuzlaşması səbəbi içərisində dolların uçot dərəcəsinin qaldırılması da vardır. Yəni, bir səbəb deyil, bir neçə səbəb vardır”.

E.Əmirov dolların bahalaşmasına manata təsirləri barədə də danışıb:

“Biz müşahidə edirik ki, dollarla Azərbaycan manatının məzənnəsi dəyişmir. Amma istər rubl, istər lirə, istər avro ilə məzənnə fərqləri, dalğalanmaları müşahidə edirik. Bu nə ilə əlaqədardır? Bu, onunla əlaqədardır ki, Azərbaycan manatı digər valyutalarla tənzimlənmir. Birbaşa dollarla olan münasibəti, mütənasibliyi, inzibati qaydada tənzimlənir. Daha dəqiq ifadə etsək, konkret qiymət təyin edilir. Təxmini olaraq 1,70 AZN. O müddətə kimi ki, bu inzibati təyinetmə metodu qalacaqdır.  O zamanlarda da dolların qalxmasının manata birbaşa təzyiqi olmayacaq. Təbii ki, dolayı yolla təzyiqləri vardır. Digər valyutalarla münasibətdə olan təzyiqi vardır. Amma bunun müsbət tərəfləri də ondan ibarətdir ki, dollarla manat arasında olan münasibət dəyişmədiyindən dolların digər valyutaya qədər bahalaşması avtomatik olaraq manatın da digər valyutalarla münasibətdə bahalaşmasına gətirib çıxarır. Yəni, manatda əslində dollarla paralel dəyər qazanır. Tutaq ki, okeanda motorlu şəkildə dollaral üzən gəmi var.  Manat isə bir növ motorsuz bir qayıqdır, bağlanıb. Əgər bu bir-birinə bağlıdırsa, Azərbaycan tərəfindən bu məzənnə bağlanılır və inzibati olaraq statik saxlanılır. Buna görə də, gəminin hansı istiqamətə hərəkət etməsi, eləcə də qayığın da həmin istiqamətə hərəkət etməsinə gətirib çıxardır. Bu, biraz obrazlı bənzətmə oldu. Amma, həqiətən də belədir. Reallıq odur ki, gəmi bazar iqtisadiyyatında özü üzür. Digər maneələrə qarşı qalxıb düşür, amma ona bağlanmış qayıq da aşağı və yaxud yuxarı dalğalanır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top