“Məişətdə qadın əzilir və ikinci cins hesab olunur”

SOSİAL 15 may 2022, 19:58
İctimai həyatın mühüm yönlərindən olan gender probleminin doğurduğu mənafe toqquşmaları, cəmiyyətin özünün inkişaf dinamikası ilə birbaşa bağlıdır. Bu səbəbdən də problemi Azərbaycan cəmiyyətində baş verən proseslərdən təcrid olunmuş şəkildə təhlil etmək mümkün deyil.

Azərbaycanda qadınlar əhalinin yarısını təşkil edir və onların problemlərinin sosial əhəmiyyəti var. Qadınların gündəlik həyatı da öz növbəsində bütün cəmiyyətin həyatına çox böyük təsir göstərir və onların həyat səviyyəsinin inkişafı bütövlükdə bəşəriyyətin tərəqqisini səciyyələndirən göstəricidir. Bəs, hazırda ölkəmizdə ailələrdə gender bərabərsizliyi hansı səviyyədədir?

Sosioloq Sahib Altay Demokrat.az-a açıqlamasında bildirib ki, insanın həyatı da mövcud olaraq bir səbəbə və bir resursa bağlı deyil. O, qeyd edib ki, gender məsələsi hazırda dünyanın bütün ölkələrində fenomenə çevrilmiş aktual mövzudur:

“Azərbaycan sosial, mənəvi resurs cəhətdən, yəni təfəkkür və yaşam tərzi baxımından patriaxal toplumdur. Təbii ki, patriaxal toplum da bircinsin digər cins üzərində öz dominantlığını qurur. Sual oluna bilər. Azərbaycanlı ailələrdə gender bərabərsizliyi mövcuddurmu? 

Qeyd edim ki, Azərbaycan müsəlman şərqində ilk demokratik xalq cümhuriyyətini qurmuş ölkə olaraq həm şərqdə, həm də dünyanın bir çox ölkələrindən öncə qadına seçki hüququ verib. Yəni, onu ikinci cins statusundan çıxarıb kişi ilə bərabərhüquqlu varlığa çevirmiş ölkələrdəndir. Ancaq çox təəssüf ki, bu bizim yalnız konstitusiyamızda yer alır. Çünki o vaxtdan bu vaxta dəyişən praktiki mənzərə yoxdur”. 

Sosioloq bildirir ki, bu gün Azərbaycan Konstitusiyası qadınlara bərabərlik hüququ verir: 

“Sirr deyil ki, ölkəmizdə əmək fəaliyyətində qadınlarla kişilər bərabər çalışırlar. Kişilərlə bərabər məvacib alırlar, analıq məzuniyyətinə çıxa bilirlər. Yəni, istər şəxsi, istərsə də ictimai məsələlərdə hüquq qanunvericiliyimizdə nəzəri olaraq kişi ilə qadın bərabərdir. Ancaq çox təəssüf ki, bu praktikada öz əksini tapmır. Yəni, məişətdə qadın əzilir və ikinci cins hesab olunur. Bunun səbəbi nədir? Əlbəttə ki, mentalitet, sosial, mədəni şərait, din, kütləvi inanc, mental təfəkkürdür. Digər tərəfdən bunun iqtisadi tərəfi də var. Ailədə qadın da, kişi də işləməlidir ki, gender bərabərliyi formalaşsın, bunu təkcə Azərbaycana aid etmirəm. 

Müsahibimiz bu məqamda mövzu ilə bağlı tarixdə baş vermiş hadisələrə diqqət çəkir: 

“18-ci əsrin ortalarında Avropada gender bərabərliyinin tələbi fonunda feminist hərəkətləri başladı. Bu necə baş verdi? Niyə o vaxta qədər Avropa qadınları küçəyə çıxmırdılar və mübarizə aparmırdılar? Dediyim kimi, bir proses heç vaxt bir səbəbdən baş vermir. İlk olaraq, 17-ci əsrin sonlarından başlayaraq gender bərabərliyinə dair o fikirləri təlqin edən əsərlər ortaya çıxdı. Həm elmi nəzəriyyələr, həm də bədii publisistik yazılar məqalələr kitablar və s. qadınlar başladılar maariflənməyə. Anladılar ki, biz ikinci cins olmaqdan çıxmalıyıq. Digər tərəfdən, əmək fəaliyyəti və iqtisadiyyat faktoru var ki, o dövrə kimi olan iş prinsipi qadını fiziki gücünə uyğun deyildi. Yəni, qadın 15-ci əsrin kömür mədəni qaydaları ilə gedib kişi ilə bərabər kömür mədənində çalışa bilməzdi. Ona görə də, gender bərabərsizliyi mövcud idi. Uşağa baxmaq funksiyası əsasən qadının üzərinə düşmüşdü ailədə, ailənin maddi tələbatlarını ödəmək üçün bütün məsuliyyət isə kişinin yüklənmişdi”.

“Gender balansı isə deyir ki, qadınla kişi həm hüquqi, həm praktiki, həm təfəkkür, həm baxış tərzinə, həm şəxsi, həm də ictimai həyat baxımından bərabərdir. Ailənin məsuliyyəti də qadınla kişinin bərabər şəkildə çiyinlərinə düşür. Yəni, bütün işlər bərabər bölünməlidir. Məhz gender balansının nəzərdə tutduğu bərabərlik prinsipləri bunlardır. Azərbaycanlı ailəsində isə bugünədək sosial, mənəvi,namus, mentalitet baxımından qadının üzərinə çox yüklənilir” - deyə S.Altay qeyd edir.

“Hazırda ölkədə insanların gəlirləri aşağı səviyyədədir. Ölkənin iqtisadi balansı hazırda gender bərabərliyi formalaşmasına imkan vermir. İqtisadi cəhətdən də bu məsələ təmin olunmadıqca, gender bərabərsizliyi uzun sürür. Avropada o dövrdə maarifçilik hərəkəti ilə əlavə, həm də iqtisadi olaraq ödənməyə başladı. İngiltərə sənaye inqilabından sonra əmək fəaliyyətinə yeni mexanizmlər gəldi. Bu da əmək fəaliyyətində fiziki gücün təsirindən azaltdı. Qadının işləməsi üçün rəvac yarandı ki, bu bərabərlik formalaşsın. Azərbaycan da bütün dünyanın müasir texnoloji vasitələrindən istifadə etməyə və onu mənimsəməyə çalışır. Ancaq ölkədədki iş potensialı imkan vermir ki, həm qadın, həm də kişi çalışa bilsin. Bizdə güzəranın, dolanışığın, gəlirlərin aşağı səviyyədə olması gender bərabərliyinə imkan vermir. Hətta, deyərdim ki, böyük şəhərlərdə  qadınların işləməsi kişilərin işləməsindən daha çox müşahidə olunur. Bilirik ki,  Azərbaycanın əhalisinin əksəriyyəti əyalətlərdə yaşayır, iqtisadi və sosial azadlıq təmin olunmadığına görə Azərbaycan ailələrində gender bərabərsizliyi aktual mövzu olaraq qalır. Həm təfəkkür, həm də iqtisadi olaraq bizdə gender bərabərsizliyi mövcuddur”. 

S.Altay əlavə edib ki, ailəni təkcə kişi və qadın münasibətidən ibarət bilməməliyik, eyni zamanda övlada qarşı münasibət də var:

“Bizim mental tərbiyə metodları içərisində oğlana daha çox azadlıq verilir, qız isə daha çox sərhədlənir. Yəni, övlada münasibətdə də gender bərabərsizliyi mövcuddur. Kişinin qadına münasibətində də buna rast gəlinir. Yəni, hər kəsə məlumdur ki, Azərbaycan patriaxal cəmiyyətdir və mental toplumdur. Bütün namusu, əxlaqı bir qadının üzərinə yükləyirlər. O cümlədən də, həmin nəslin hər hansısa bir kişisi onun qeyrətini çəkir. Yəni, çox absurd bir prinsipdir. Həm qadın üçün, həm də kişi üçün. Hər bir halda kişinin azadlığı qadının azadlığından daha üstündür”.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova mövzu ilə bağlı bildirib ki, qadın hüquqlarına təhlükə törədən səbəblərdən biri də yoxsulluğun yayılmasıdır:

“Sosial dəyişikliklərin təhlili əsasında belə bir nəticəyə gəlmək olar ki, keçid dövrü qadınların şəxsi və ictimai həyatına çox böyük təsir göstərib. Hesab edirəm ki, qadının iş yerində, ailədə və cəmiyyətdə rolunun müəyyən olunması üçün hələ çox iş görülməlidir. 

Gender bərabərliyi sahəsində tərəqqi keçid prosesində uğurlar qazanılmasını yaxınlaşdıra, yaranan imkanların qadınlar, kişilər və uşaqlar arasında ədalətli bölünməsini təmin edə bilər. Buna görə də bu məsələləri ciddi tədqiq etmək və keçid dövrünü yaşayan ölkələrdə qadınların səsinin eşidilməsinə nail olmaq fövqəladə dərəcədə vacibdir”.

QHT sədrinin sözlərinə görə, bildirib ki, bu gün Azərbaycan cəmiyyətində bütün yük qadın üzərinə düşür:

“Deyərdim ki, kişilərə bu gün cəmiyyətimizdə daha çox azadlıq verilib, amma qadınlara bunu şamil etmək olmaz. Bizim bəlalarımızdan biri budur ki, anlayışı olmayanlar da ailə institutu haqqında danışır, hər kəs özünü bu sahədə mütəxəssis hesab edir. Bunu doğru yanaşma hesab etmirəm. Günü-gündən həssaslaşan, mürəkkəbləşən cəmiyyətdə insanların anlayışı olmadığı sahədən danışması bir çox problemlərə gətirib çıxarır və cəmiyyətə fayda vermir. 

Təbii ki, ailə cəmiyyətin sosial mərkəzidir və o mərkəzin idarəsində ahəngdarlıq olmalıdır. Əgər bu ahəng ailədə varsa, o zaman cəmiyyətimizdə də ahəng, uyğunluq və möhkəm təməl olur. Sirr deyil ki, Azərbaycanın ailə modeli, ailə institutu ölkənin ən böyük mənəvi dəyərlərindən biridir. Gərək bilək ki, ən böyük mənəvi dəyərimiz ailə institutudur və onu qorumalıyıq. Sağlam ailənin təməli həm də sağlam evliliklə qoyulur. Gələcək ailənin hər iki fərdi bir-birini anlamaqla yanaşı mənəvi xüsusiyyətlərinə görə də uyğun olsa yaxşıdır. Ailədəki hər xırda narazılıqdan böyük problem yaradan tərəflərin sağlam ailə qurmaq şansı az olur. Bunun da zərərini cəmiyyət çəkir”.


Aynurə Pənahqızı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu - "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması"

Demokrat.az 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top