Deputatdan qazın limiti ilə bağlı açıqlama: “Qiymətlər dünya bazarına uyğun şəkildə tənzimlənməlidir”

GÜNDƏM 07 may 2022, 15:39
“Azərbaycanda qaz limiti ləğv edilə, azaldıla, müəyyən dəyişikliklər edilə bilər, lakin unutmaq olmaz ki, ölkədə hər şey dünya standartlarına uyğunlaşdırılmalıdır. Beynəlxalq konvensiyalara qoşuluruqsa, deməli, qiymətlər də dünya bazarına uyğun şəkildə mütləq tənzimlənməlidir. Neft və qazın həddən artıq aşağı qiymətə satılması bəzi razılaşmalara zidd ola bilər”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, pandemiya və Vətən müharibəsi nəticəsində, ölkə iqtisadiyyatı müəyyən qədər zərər gördü: “Bu, bizə əsas verdi ki, benzinin və qazın qiymətini müəyyən qədər qaldıraq. Fikrimcə, iqtisadi inkişafa nail olunduqca müəyyən güzəştlər tətbiq ediləcək. Təsəvvür edin, Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün var idi və dövlət onları lazım olan bütün şəraitlə təmin edirdi. Yəni, bütün bunlar dövlət büdcəsi ilə həyata keçirilirdi. Nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə şəraitində yaşadığına görə həddən artıq çox silahlar alır, ordu quruculuğuna çox vəsait ayırırdı. Yəni, bu çətinliklər aradan qaldırıldıqdan sonra müavinətlər arta, müəyyən qiymətlər azaldıla bilər. Qaz limitinin ləğv edilməsinin lehinəyəm, istəyirəm ki, vətəndaşlar üçün rahat şərait yaradılsın. Xüsusilə aztəminatlı ailələr bu məsələlərdə nəzərə alınmalıdırlar".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top