9 may bayram günü kimi ləğv edilməlidi

GÜNDƏM 07 may 2022, 11:19
Lütfən hər kəs bu məsələdə diqqətli olsun. Dünən məktəblərdən birində 9 mayla bağlı tədbirdə istifadə edilən atribut və yazılar cəmiyyətdə ciddi narazılıq yaradıb. Ona görə də bununla bağlı qısa bir maarifləndirməyə ehtiyac duyuruq.

9 may bizim üçün vətən müharibəsində qələbə günü ola bilməz. Onu sovetlər vaxtı beynimizə Böyük Vətən Müharibəsində Qələbə Günü kimi yeritmişdilər. Bu da başa düşülən idi. Çünki zor-xoş biz də sovetlərin bir parçasıydıq. İşğal altındaydıq, eyni dövlətin tərkibində olduğumuz üçün Moskvanın cızdığı xətdən çıxa bilmirdik.

İndi isə Azərbaycan müstəqildir. Tarixi hadisələrə dəqiq qiymət verə bilirik. O baxımdan sözügedən məsələ bizim üçün sadəcə 2-ci Dünya Müharibəsinin bir parçasıdır. Tarixdən də bəllidir ki, bu müharibə 1 sentyabr 1939-da başlayıb 2 sentyabr 1945-də bitib. Yəni 9 mayın ümumiyyətlə qeyd edilməsinə heç bir gərək qalmır və düşünürəm ki, dövlətimiz bu bayramı da təqvimdən çıxarmalıdır.

Bizim öz Vətən Müharibəmiz olub, onda möhtəşəm qələbəyə imza atmışıq. Bu, Azərbaycanın incisi olan Şuşa şəhərinin 8 noyabr 2020-ci ildə Ermənistanın 28 illik işğalından azad edildiyi gündür. Zatən həmin gün rəsmi bayram günüdür. Ona görə də həm məktəblər, həm də digər qurumlar Vətən Müharibəsində Qələbə Günü deyəndə bizim Vətənə aid olmayan 9 mayı deyil, 8 noyabrı layiqincə qeyd etsinlər.

Bir də bu Georgi lenti məsələsi var. Guya 9 mayla bağlıdır. Yanılmayın. Tarixçilərdən də öyrənin. O lentin ümumiyyətlə 2-ci Dünya Müharibəsinə dəxli yoxdur. Georgi lenti işğalçı Rusiya imperiyasının 300 il öncəyə dayanan simgələrindən biridir. Həmin lenti uşaqların yaxasına taxıb “bayram” edənlər həm də Rusiyanın Azərbaycanı işğalına haqq qazandıranlardır ki, onlarla da barışa bilmərik…

Azər Həsrət
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top