Deputat: “Zəngilanın təbii sərvətləri onu böyük turizm məkanına çevirəcək”

GÜNDƏM 06 may 2022, 10:53
"Zəngilan rayonunun iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensialı var".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. Millət vəkili vurğulayıb ki, hər iki tərəfdən bir neçə ölkə ilə  həmsərhəd olan bu rayon şaxəli resurslara malikdir:

"Zəngilan rayonunun iki ölkə ilə qonşu dəhlizlərə malik olması buranın xarici ticarət üçün unikal imkanlara sahib olmağına şərait yaradıb. 

Tranzit cəhətdən rayonun xüsusi özəlliyi var ki, İran İslam Respublikası ilə ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər. Həmçinin, Zəngilanın Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli qızıl və misdən ibarət olan Vejnəli yatağı zəngin ehtiyatları Ermənistan tərəfindən uzun illər istismar edilmişdir".  Deputat vurğulayıb ki, erməni işğalçıları tərəfindən mütəmadi olaraq istismar edilən bu yataqlar Ermənistanı keyfiyyətli mineral ehtiyatlar ixrac edən ölkəsinə çevirmişdi: "30 il boyunca torpaqlarımız istismar olunub, bizim sərvətlərimizdən əldə olunan gəlirlə işğalçılar silahlandırılıb, eyni zamanda də bu torpaqlardan bəhrələnməklərinə baxmayaraq, böyük dağıntılar törədiblər. Bu da ondan xəbər verir ki, Ermənistan da yaxşı bilirdi ki, onlara aid olmayan torpaqlarda tikib qurmaq, yaratmaq mənasızdır. Onlar işğalı uzatmaqla təbii sərvətlərimizi çapıb talamağın ömrünü uzatmağa çalışırdılar. 

Artıq Zəngilan rayonunda tarixi-dini abidələrinin bərpası işlərinə başlanılıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur. Bu məsciddən cəmi bir divar qalmışdı".

Deputat Zəngilanda mövcud olan acı mənzərənin azad edilmiş digər  torpaqlarda da mövcud olduğunu vurğulayıb:

"Bu gün Zəngilan rayonunda böyük infrastruktur layihələr icra edilir. Onların arasında ən vacibi Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Həmçinin, bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcək. Bu aeroportun çox böyük funksiyaları olacaq. Zəngilanın  beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etdirilməsi qarşıya qoyulmuş əsas məsələlərdən biridir. Rayonun əlverişli mövqedə yerləşməsi, beynəlxalq bazarlara yaxın olması bunu təmin edəcək başlıca amillərdəndir. Zəngilan rayonunun sahib olduğu böyük təbii sərvətlər onu böyük turizm məkanına çevirəcəkdir".

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top