AŞPA-nın Azərbaycana qarşı yeni qətnaməsinə SƏRT REAKSİYA

GÜNDƏM 05 may 2022, 13:20
Avropa Şurası Parlament Assambleyasının bir qrup deputatı “Azərbaycanda jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı təhdidlərlə bağlı” qətnamə hazırlayıblar. Qətnamədə bir neçə siyasi fəala qarşı hücumlar pislənib. LGBT fəalı Əvəz Şıxməmmədovun öz evində qətlə yetirilməsinə görə Azərbaycanın hüquq-mühafizə orqanları qınanıb.

Bəxtiyar Hacıyevin təqib edilməsi, döyülməsi də sənəddə öz əksini tapıb. “Son iki ayda bir çox araşdırmaçı jurnalist Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndələrindən dövlət məmurlarına qarşı antikorrupsiya araşdırmalarını dayandırmağı tələb edən xəbərdarlıqlar alıblar.



Bəxtiyar Hacıyev

Əks halda, jurnalistlər ölümlə, qəza və ya zəhərlənmə kimi görünəcək ciddi sağlamlıq problemləri ilə hədələniblər. Bu təhdidlərdən sonra həmin jurnalistlərin bəzisi korrupsiyaya qarşı araşdırmaların dayandırıldığını bəyan etmək məcburiyyətində qalıb, bəzisi isə hələ də işini davam etdirmək qərarına gəlib", - sənəddə deyilir.



Əvəz Şıxməmmədov

Bu sənədin hazırlanması prosesi haqda  məlumatlı olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov “Turan”a bildirib ki, 38 deputatın müraciətinə mayın ortalarında Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsi və Bürosunda baxılacaq.

Sənəddən və ona E.Hüseynov tərəfindən verilən şərhdən görünür ki, AŞ PA Azərbaycandakı LGBT üzvlərinin təqib edilməsindən çox narahatdır.

Bəs rəsmi Bakının bu qətnaməyə cavabı nə olacaq? Azərbaycanda gerçəkdən LGBT üzvü və tərəfdarı kimi tanınan şəxslərin həyatına təhlükə varmı? AŞ PA bütün iş-gücünü atıb, Azərbaycanı buna görə qınayır, tənqid edir? 44 günlük müharibə zamanı Ermənistan tərəfindən dinc şəhərlərə atılan raketlər nəticəsində həlak olan azərbaycanlıların haqlarını niyə müdafiə etmədi bu təşkilat? Bir nəfər geyi öz əmisi oğlu öldürüb, lakin onun qanını Azərbaycan dövlətinin üstünə atmağa çalışırlar.



 Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Avropa Şurası dünyadakı böyük beynəlxalq təşkilatlardan biridir və özünün statusuna görə, haqqın və hüququn, ədalətin yanında olmalı olan bir qurumdur. Amma təəssüflər olsun ki, Avropa Şurası son on ildə artıq bu missiyasını düzgün yerinə yetirməkdən sanki uzaqlaşıb: “Təkcə Avropa Şurası deyil, digər bir sıra beynəlxalq təşkilatlar da bu vəziyyətdədirlər. Çünki bu təşkilatlar bəzən ikili standartlar, ikili yanaşmalar nümayiş etdirirlər, hansısa qüvvələrin aləti rolunda çıxış edirlər. Müstəqil dövlətlərin müstəqil siyasəti olanda bu cür dövlətlərə qarşı hücumlarda alət funksiyasını üzərlərinə götürüblər. Ona görə də hesab edirəm ki, artıq Avropa Şurası və bunun kimi beynəlxalq təşkilatların dünyada nüfuzu zədələnib, onlara dünyada etimad itib. Diqqət edin, bu cür beynəlxalq təşkilatlar o qədər dişsiz, nüfuzdan düşmüş qurumlara çevriliblər ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı heç bir ciddi iş görə bilmirlər. Təsirsiz bəyanatlar verməkdən başqa əllərindən heç nə gəlmir. Çünki uzun illərdir haqqın yanında olmayıblar və özlərini gətirib bu duruma salıblar ki, onlara məhəl qoyan yoxdur. Azərbaycana münasibətdə Avropa Şurasının qərəzli mövqeyi isə daha açıq şəkildə özünü göstərir. Mən şəxsən özüm Azərbaycan parlamentinin nümayəndə heyətinin tərkibində AŞ PA-da təmsil olunarkən görmüşəm ki, Azərbaycana qarşı bəzi dövlətlərdən olan parlamentarilər bu təşkilatı alətə çevirməyə çalışırlar. Bəzi hallarda buna nail olurlar”.

Hüquq müdafiəçisi qeyd etdi ki, indi Azərbaycanla bağlı hazırlanan sözügedən qətnamə layihəsinə gəlincə, bu da qərəzin, Azərbaycana təzyiq üçün bəhanənin tərkib hissələrindəndir: “Orada yazılanlar bir qrup parlamentarinin Azərbaycana qarşı düşmən mövqedə olan qüvvələr və şəxslərin böhtanları, çayxana söhbətləri əsasında yazılarıdır. Azərbaycanda LGBT üzvlərinə qarşı hansısa təqiblərin olmasını iddia etmək ağılsızlıqdır, qərəzdir, böhtandır. LGBT-çilər Azərbaycan cəmiyyətində var və onlara qarşı dövlət tərəfindən heç bir təzyiq, diskriminasiya yoxdur. LGBT-çi vətəndaş olaraq konkret cinayət hərəkətinə yol verirsə, təbii ki, qanun qarşısında da məsuliyyət daşıyır. Konkret Əvəz Şıxməmmədova gəlincə, onu qətlə yetirən öz yaxın qohumudur. Bu fakt ortada olmasına baxmayaraq AŞPA-da kimlərinsə LGBT üzvü olan Əvəz Şıxməmmədovun öldürülməsi hadisəsini Azərbaycan dövlətinin üzərinə yıxmaq istəməsi qərəzin hansı həddə olduğunun sübutudur. Jurnalistlərlə bağlı iddialar və tələblər də absurddur. Azərbaycanın Prezidenti dəfələrlə bəyan edib ki, ictimai nəzarət güclənməlidir, bu işdə jurnalistlər aktiv olmalıdır. Ölkənin birinci şəxsi bu mövqedədirsə, hansı təzyiqdən söhbət gedir. Siyasi fəal Bəxtiyar Hacıyevlə bağlı hadisəni isə biz də qətiyyətlə pisləyirik. Bəxtiyar Hacıyevə qarşı təzyiqlə bağlı dərhal Daxili İşlər Nazirliyi, şəxsən nazir Vilayət Eyvazov tərəfindən reaksiya verilməsi və hadisə ilə bağlı araşdırma başladılmasını alqışlayırıq. AŞ PA-da qətnamə hazırlayanlar bunları nəzərə almalıdırlar, almırlarsa deməli açıq-aşkar qərəzlidirlər”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top