“Bu, psixologiyasında boşluq olan abituriyentlərə öldürücü təsir edə bilər” — Psixoloq

SOSİAL 04 may 2022, 18:51
Son günlərdə gənclər, xüsusilə, imtahana hazırlaşan abituriyentlər arasında intihar hallarının sayı artıb.

Məsələ ilə bağlı psixoloq Gülər Məmmədova Demokrat.az-a açıqlamasında bildirdi ki, bu xoşagəlməz hadisələrin baş verməsində valideynlər böyük məsuliyyət daşıyır: 

“Hər bir valideyn öz övladının psixomodelinə bələd olmalıdır. Çünki uşağın psixikası o qədər həssas konsepsiyadır ki, valideyndən başqa heç kim onu tam dərk edə bilməz. Uşağın fərd olaraq inkişaf dinamikası valideynin gözü qabağında baş verir. Valideyn özü sağlam təfəkkürdə olmalıdır ki, uşağının nəyə qadir olduğunu, hansı təfəkkür potensialına qadir olduğunu qavrasın, dərk eləsin. Bütün valideynlər övladlarının əqli səviyyəsinə bələ olmalıdır. Övladı sənət, peşə seçmək ərəfəsində olan əksər valideynlərin bir fikri var:”Övladım ali məktəbə qəbul olsun, uşağın bu fənləri seçsin, bu qrupu seçsin.” Uşağın, valideynin istək və arzularından əlavə, baxmaq lazımdır ki, uşağın deposundakı bilik və potensial onun seçdiyi peşəyə tam gətirirmi?! 

Ümumiyyətlə, valideynin övladla münasibətində manipulyativ davranışlar var. Onlar sözlə bunu büruzə verməsələr də, müəyyən vəziyyətlərdə aşkara çıxır. Az qisim valideyn övladının sağlamlığını, sağlığını onun təhsilindən daha önəmli hesab edir və bunu açıq şəkildə bildirir. Əksər valideyn vaxt qoyur, limit qoyur, uşağın fərdi inkişafına despot qoyur. Bu da psixikasında boşluq olan abituriyentlərə mənfi, hətta öldürücü təsir edə bilir.”

Psixoloq Gülər Məmmədova deyir ki, abituriyent bu yaş dövründə yalnız imtahan sıxıntısı yaşamır, həm də hormonal dəyişikliklərindən dolayı problemlər yaşayır:
“Abituriyentin sıxıntısı yalnız onun imtahanı ilə bağlı deyil. Onun inkişafında hormonal dəyişikliklər o qədər sürətlə baş verir ki, o bədənində baş verən dəyişikliklərə özü müqavimət göstərə bilmir və başlayır aqressiv davranış nümayiş etdirməyə. Beləliklə, qarşılıqlı münasibət pozulur.

Valideynin övladına qarşı laqeyd davranışı, “otur, dərsini oxu” kimi kəsici əmrlər və tapşırıqları övladı həm həyatdan, həm də ən əzizlərindən soyudur. Valideyn nəzərə almalıdır ki, həssaslığı qorusun. Uşağının nədən əziyyət çəkdiyini bilməlidir. Nəzərə almalıdır ki, bu seçdiyi peşəni, ixtisası uşaq özü də sevirmi?! Evdə konfliktlər olur, ya ana deyir, “özümü öldürəcəm”, ya da ata deyir, “səni öldürəcəm”, belə münasibətlər müstəvisində böyüyən uşağın psixikası, əlbəttə, yerində olmaz. Təbii ki, o, ilk problemlə rastlaşdığında çıxış yolunu intihar biləcək..”
Gülçin Qorxmaz
Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top