Politoloq: “İki dövlət arasında sülh müqaviləsi mümkündür”

GÜNDƏM 03 may 2022, 17:17
“Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Brüsseldə keçirilən görüş məhz aprelin 6-da Prezident İlham Əliyevlə Nikol Paşinyanın birgə razılığı əsasında keçirilən görüşdür”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloqun sözlərinə görə, tərəflər həm xarici işlər nazirləri müstəvisində, həm də Təhlükəsizlik Şurasının, Prezidentinin köməkçisi səviyyəsində görüşləri davam etdirirlər:

“Düşünürəm ki, bu ikitərəfli görüşdür və burada tərəflərə təzyiq edəcək hər hansı üçüncü bir tərəf yoxdur. Hesab edirəm ki, proseslər bu istiqamətdə getsə, təbii ki, müsbət irəliləyiş ola bilər. Azərbaycan tərəfinin Ermənistan tərəfinə təqdim etdiyi 5 təməl prinsipi, həmçinin sülh müqaviləsinin bağlanması, delimitasiya və demarkasiya məsələsində ikitərəfli komissiyanın yaradılması məsələləri müzakirə edilir. Liderlərin verdiyi təlimatlar istiqamətində rəsmilərin görüşü və liderlərin görüşü istiqamətində müəyyən müzakirələrin aparılmasını da istisna etmirəm. Çünki konkret bir vahid mövqe, bir sənəd ortaya çıxdıqda, Brüsseldə Nikol Paşinyan və İlham Əliyevin görüşü baş tuta bilər”. 



Politoloq hesab edir ki, bu görüş liderlərin görüşü üçün bir hazırlıq görüşü kimi də dəyərləndirilə bilər:

“Ümumiyyətlə, tərəflər arasında bu kimi ikitərəfli təmasların xüsusi əhəmiyyəti var. Bu, Azərbaycan - Ermənistan arasında normallaşma prosesinə töhfə verir və Brüsselin vasitəçiliyi göründüyü kimi müsbət istiqamətdə irəliləyir. Amma prosesə mane olan qüvvələr var, xüsusilə də Rusiya. Hesab edirəm ki, Paşinyan Ermənistanda siyasi hakimiyyətini qoruya bilsə və pravmatik siyasət ortaya qoysa, iki dövlət arasında sülh müqaviləsi mümkündür”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top