Heydər Əliyev Fondunun təhsilə dəstəyi: Azərbaycanın gələcəyi uğurla inşa edilir

GÜNDƏM 02 may 2022, 21:00
Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha bir məktəbin inşası başa çatdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışını etdilər. Müasir standartlara cavab verən, tam təchiz olunmuş məktəbdə sinif, əmək, hərbi və kompüter otaqları, laboratoriya, kitabxanalar, yeməkxana və idman zalı var. Artıq kürdəxanılı şagirdlər yeni, müasir tədris ocağında təhsil ala biləcəklər. 960 şagird yerlik 304 nömrəli tam orta məktəb Kürdəxanı sakinlərinin xahişi ilə inşa olunub.

Birinci vitse-prezident Mehriban Əliyeva 2019-cu ildə Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olarkən, sakinlər şagird sıxlığına görə yeni məktəbin inşa edilməsini xahiş etmişdilər. Birinci vitse-prezidentin göstərişi ilə 2020-ci ildə yeni məktəbin inşasına başlanıldı və iki ildən az müddətdə yeni məktəb istifadəyə verildi. Bu, həm vətəndaşın müraciətinin ölkə rəhbərliyi tərəfindən nəzərə alınması, həm şagirdlərin daha yaxşı təhsil alması üçün şəraitin yaradılması, həm də təkcə şəhər mərkəzlərində yox, ucqar ərazilərdə, eləcə də respublikanın bütün yerlərində təhsil ocaqlarının inşa edilməsinin əyani nümunəsidir. Azərbaycanda bütün sahələrdə olduğu kimi, təhsilə də dövlət səviyyəsində xüsusi önəm verilir. Təsadüfi deyil ki, dövlət büdcəsindən təhsilə ayrılan vəsait həmişə böyük miqdarda olub və bu məbləğ hər il daha da artırılır. Bunun nəticəsidir ki, respublikanın ən ucqar yerlərində belə təhsil infrastrukturunun təkmilləşdirilməsi, istismar müddəti bitmiş təhsil ocaqlarının yenidən əsaslı təmiri, eləcə də yeni məktəb binalarının inşa edilməsi istiqamətində mühüm işlər görülüb.


Statistikaya görə, hər il ölkəmizdə orta hesabla 100-ə yaxın yeni məktəb inşa olunur, yaxud əsaslı şəkildə təmirdən sonra istifadəyə verilir. Dövlətin bu qayğısı nəticəsində təhsilin səviyyəsi hər il daha da yüksəlir. Bunu məzunların sayında və ali təhsil ocaqlarına qəbul statistikasında, o cümlədən, təkcə ölkəmizin yox, həm də xarici ölkələrin nüfuzlu universitetlərinə qəbulda görmək mümkündür.



Təhsilizimin inkişafında Heydər Əliyev Fondunun da xüsusi rolu var. 2005-ci ildə Fond tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində istər təhsil müəssisələrinin əsaslı təmiri, istərsə yeni məktəb binalarının inşa edilməsində əhəmiyyətli işlər görülüb. Misal üçün, 2020-ci ildə inşa edilən 147 məktəbin 45-i məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. Fond həmin il uşaq bağçaları da daxil olmaqla, ümumilikdə, 62 təhsil müəssisəsinin istifadəyə verilməsini həyata keçirib. 2005-ci ildən indiyənə qədər minlərlə məktəbin inşası, eləcə də əsaslı təmiri Heydər Əliyev Fondu tərəfindn həyata keçirilib. Kürdəxanıda istifadəyə verilən 304 nömrəli tam orta məktəb də məhz Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində inşa olunub. Dövlət rəhbərliyi tərəfindən təhsilə göstərilən qayğının əsas məqsədi gənc nəslin daha savadlı və bilikli yetişməsidir. Təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması, yenilərinin inşa edilməsi və tam təchiz olunması da buna hesablanıb.



Prezident İlham Əliyevin dediyi kimi, “biz gələcəyə baxmalıyıq, müasir ölkəyə çevrilməliyik, həm infrastruktur baxımından, həm dünyagörüşü baxımından, həm təhsil baxımından - bütün parametr baxımından biz müasir dövlət olmalıyıq ki, dünyada və bölgədə öz yerimizi daha da möhkəmləndirək”.


Təhsilə ən yüksək səviyyədə göstərilən qayğının hədəfi də Azərbaycanın gələcəyinin inşa edilməsidir.

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top