Deputat: “Erməni müxalifəti qışqırıb, bağırıb, sonra öz yerində oturacaq”

GÜNDƏM 29 apr 2022, 15:22
“Azərbaycan 44 günlük Vətən müharibəsində yeni reallıq yaratdıb”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat vurğulaylb ki, yaratdığımız bu yeni reallıq beynalxalq ictimaiyyət tərəfindən də qəbul olunur: 

“Dövlət başçılarımız arasında keçirilən üçtərəfli görüşlərdə Minsk qrupu və Dağlıq Qarabağ ifadələrinin işlədilməməsi və təqdim etdiyimiz 5 baza prinsipinə əsaslanmış razılaşmaların imzalanması bir daha bunu təsdiq edir. Ermənistanın baş naziri ictimaiyyətə Azərbaycanla sülh sazişinin imzalanmasından başqa yolun qalmadığını açıq şəkildə bəyan etdi. Təbii ki, regionda münasibətlərin normallaşması Ermənistanda bəzi dairələrin, o cümlədən “Qarabağ klanı”nın nümayəndələrini narahat etməkdədir. Son günlər İrəvanda Paşinyana qarşı aksiyaların davam etməsi də bunun göstəricisidir. “Qarabağ klanı”nı bu gün Qarabağın taleyi düşündürmür. Onları düşündürən vəziyyətdən istifadə etməklə, insanları Paşinyana qarşı qaldırmaqla onu devirərək yenidən hakimiyyətə qayıtmaqdır”. 

 Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ermənistan acı məğlubiyyətə uğrayandan sonra da belə etiraz aksiyaları baş vermişdi:

“Paşinyan o vaxtı növbədənkənar seçkilərə getdi və yenidən seçilərək öz postunu qoruya bildi. Bütün bu hadisələr o deməkdir ki, erməni ictimaiyyəti də Ermənistanın uduzmasıyla və Paşinyanın hakimiyyətdə qalması ilə razılaşıb. İndi keçirilən aksiyalarda isə insanların kütləvi şəkildə qoşulmadığını müşahidə edirik. İrəvanda ictimaiyyət arasında sorğu aparılanda respondentlərin əksəriyyətinin Azərbaycanla yenidən müharibə etməklərinə gücünün olmadığını, Qarabağda ermənilərin yaşadıqları ərazilərin Azərbaycana məxsus olduğunu və Azərbaycanla əməkdaşlığın yaradılmasının vacibliyini qeyd edirlər. Qarabağ müxalifəti isə erməni ictimaiyyətinin əksinə gedir və hakimiyyət davasını aparır. Hesab edirəm ki, erməni müxalifəti qışqırıb bağırıb öz yerində oturacaq və Paşinyan Brüssel razılaşmasında imza atdığı sənədin tələblərini icra edəcək. Çünki, Ermənistanın alternativ variantı yoxdur. Yaratdığımız yeni reallığı ABŞ və Rusiya da qəbul edib. Hər iki ölkənin Cənubi Qafqaz üzrə nümayəndələrin Azərbaycana gəlməsi və imzalanmış razılaşmaları dəstəklədiklərini ifadə etməsi bunu deməyimizə imkan verir”.
 
Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top