“Gənclərimiz efirdə fiquraları görünən qadınlardan tərbiyə alırlar” — Xeyrəddin Qoca

GÜNDƏM 18 apr 2022, 13:45
“Azərbaycan gəncləri haqqında ümumi bir söz söyləmək olmaz. Düzdür, yaşlılar həmişə gənclərə qarşı çıxrlar, amma mənim məqsədim o deyil. Çox təəssüf ki, bu gün gənclərimiz özlərini təqdim edə bilmirlər. Məsələn, iclasda gənc özünü təqdim edir və deyir filan təşkilatın fəalıyam. Adam özü-özü haqqında fəal deyə bilərmi? Bir bunu təsəvvür edin. Bu gün gənclərimiz danışmağı bacarmırlar və savadları da yoxdur”.

Bu fikirləri Demokrat.az-a yazıçı-publisist Xeyrəddin Qoca Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun qarşılanmasını şərh edərkən deyib. 

Onun sözlərinə görə, bu gün gənclərimiz də alicənablıq yoxdur:
 
“Gəlin, mənə yüz dənə gənc tapın, yaxud da məni aparın onların yanına. Onlara ərizə yazdırım. Əgər savadlı ərizə yaza bilsələr, onda mən heç nə qanmıram və o savadsızlığı öz üzərimə götürürəm. Bizim gənclərimizin əksəriyyəti çox savadsızdır. Nə danışıqlarını, nə hərəkətlərini bilirlər. Uyub gediblər xaricə ölkə filmlərinə, boş-boş televiziya verilişlərinə. Yeri gəlmişkən, bu gün Azərbaycan televiziyalarına baxmaq mümkün deyil. Mən hərdən yaxşı verilişlər olur ki, onlara baxıram. Amma, ümumiyyətlə televiziyada gedən verilişlər dəhşətdir. Bizim aparıcılarımız da savadsızdır. Bizim gənclərimiz də, insanlarımız da oradan tərbiyə götürürlər. Bir dənə də olsun Azərbaycanda savadlı aparıcı yoxdur. Təsəvvür edirsiniz?! Azərbaycan televiziyalarında verilişlərin çoxu Rusiyadan və Türkiyədən götürülüb. Aparıcılarda efir məkanında özlərinə düzgün apara bilmirlər, düzgün danışa bilmirlər. Gənclərimiz də onlardan götürür və şit-şit danışırlar. Demək olar ki, gənclərimizin çoxunda alicənablıq yoxdur, özlərini aristokratik apara bilmirlər”. 

Xeyrəddin Qoca qeyd edib ki, gənclərimiz efir məkanında ayağını ayağının üstünə aşıran, fiquraları görünən qadınlardan tərbiyə alırlar: “Bu gün fikir verin. Efir məkanında qadınlarımız divanın küncündə otururlar. Mən fikir verirəm xüsusi operator çəkən tərəfdə ayağını aşırıb, o birini ayağının üstünə qoyurlar ki, fiquraları görünsün. Bunu niyə edirlər? Mən bunu hər yerdə deyirəm, ancaq cavab verən də yoxdur. Bu gənclər də onlardan tərbiyə almış adamlardır. Çıxıblar şəhərə və düşüblər bir blogerin dalınca. Elə bil gənclərimiz görməmişdilər?! Təsəvvür etmirlər ki, ləyaqətsiz görünürlər. Vallah, bunu eşitdim çox hirsləndim. Bunlara nə deyim vallah? Onu deyə bilərəm ki, indi ləyaqətli adamlar çox azdır, elə gənclər içində də çox azdır. Buna çox təəssüf  edirəm. Bunlar nə demək istəyirlər?  Ağsaqqallarımız, ağbirçəklərimiz var. Onlara hörmət etmək lazımdır. Bu gənclərin gələcəyi hara gedir? Azərbaycan dövlətini gələcəkdə bu gənclər yönəldəcəksə, vay bu xalqın halına!”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top