Deputat: “Qarabağda olan silahlı qruplaşmalar terror, təxribatlar törətməyə can atırlar”

GÜNDƏM 15 apr 2022, 16:18
“Hazırda Ermənistanda iqtisadi-siyasi böhran hökm sürür, qarşıdurmalar baş verir. Ermənistanın Baş naziri Nikol Paşinyan dövləti, hökuməti idarə edə bilmir. Çünki bu dövlət müstəqil bir dövlət kimi lazımi fəaliyyət göstərmək iqtidarında deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib. Deputat qeyd edib ki, Ermənistan bir çox ölkələrin kölgəsinə sığınmaqla, özünü tanıtmaq, inkişaf etdirmək və müəyyən məqsədlərini həyata keçirtmək istəyir:

“Əlbəttə ki, bu, insanların narazılığına səbəb olur, digər tərəfdən Qarabağda yerləşən separatçıların mənafeyinə cavab vermir. Çünki Paşinyan dərk edir ki, Ermənistanın gələcəyi regionda sabitliyin bərpa edilməsindən, sülh müqaviləsinin baöğlanmasından, ölkədə ictimai-siyasi sabitliyin yaranmasından asılıdır. Çox təəssüflər olsun ki, müəyyən qüvvələr buna imkan vermir.  Xüsusilə sabiq iqtidarda olan Sarkisyan, Köçəryan qruplaşması ciddi maneələr törədir və bu manelər də bir növ Qarabağda olan separatçıları yeni fikirlər söyləməyə, müəyyən revanş meyillər götürməyə həvəsləndirir. Təsadüfi deyil ki, bu yaxınlarda Ermənistan Parlamentində Qondarma Qarabağ separatçılarının bayrağına kəskin nifrət, etiraz nümayiş etdirildi və həmin bayraq atıldı. Bundan sonra artıq bir çox müxalifətdə olan qüvvələr, eləcə də Paşinyana zidd gedən, onun əleyhinə işləyən qüvvələr Qarabağda olan separatçıları yeni fikirlər söyləməyə hıəvəsləndirdi. Belə ki, onlar təcili olaraq özlərinin iclaslarını keçirdilər və orada müstəqiliyin tanınması və ya Rusiyaya birləşmək haqqında fikirlər irəli sürüblər. Sözsüz, bu həm də xaricdə olan bir çox dairələrdən qaynaqlanır və belə fikirlərin söylənməsi absurddur. Heç bir əsası yoxdur”. 

Buna Azərbaycan dövlətinin heç zaman razı olmayacağını qeyd edən deputat əlavə edib ki, bunun  qarşısının alınmasına üçün də imkanlarımız var: 

“Qarabağda olan müəyyən silahlı qruplaşmalar, təcavüzkarlar hələ də 44 günlük müharibənin acı nəticələrindən dərs çıxarmayıblar. Onlar hər an terror törətməyə, müəyyən təxribatlar hazırlamağa, həyata keçirməyə can atırlar. Bu da yolverilməzdir. Azərbaycan-Rusiya-Ermənistan arasında bağlanmış üçtərəfli bəyanatın 4-cü maddəsində aydın göstərilir ki, sülhməramlı Rusiya qüvvələri Qarabağda sülhü bərpa etmək üçün yerləşdiriləndən sonra həmin silahlı qruplaşmalar dərhal oradan çıxarılmalıdır. Lakin çox təəssüflər olsun ki, bəyanatın  bu bəndi bugünə kimi yerinə yetirilməyib. Yenə də həmin təxribatçı qruplaşmalar orada özünün çirkin əməllərini davam etdirirlər. Bu gün Azərbaycanın haqqıdır, hüququdur ki, əgər separatçılar fəallaşsalar, onlar Azərbaycanın milli maraqlarına zidd hər hansı bir hərəkətə yol versələr, Azərbaycan anti-terror əməliyyatı keçirməklə həmin qüvvələri zərərsizləşdirsin. Sözsüz ki, belə də olacaq. Hələ ki, müəyyən bəyanatlara, müəyyən görüşlərə əsaslanaraq Azərbaycan dövləti məsələlərin danışıqlar, sülh yolu ilə həllinə çalışır. Ermənistanın Baş naziri də bunu dərk edir. O, sülh müqaviləsinin bağlanmasına, sərhədlərin tanınmasına, yol-nəqliyyat infrastrukturunun yaradılmasına razıdır. Ancaq bunun həlli üçün müəyyən tədbirlərin görülməsi, müəyyən sənədlərin hazırlanması, müəyyən sənədlərin qəbul edilməsi gündəmdədir. Bizim hər birimiz erməni separatçılarının bu hərəkətlərinə qarşıyıq. Sözsüz ki, əgər onlar fəallaşarsa, o zaman Azərbaycan ordusu qəti tədbirlər görəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top