“Donbasla Qarabağı eyniləşdirmək düzgün deyil” — ARAZ ƏLİZADƏ (MÜSAHİBƏ)

GÜNDƏM 14 apr 2022, 18:28

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, keçmiş deputat Araz Əlizadə Azpost.info-nun suallarını cavablandırıb.

-Araz bəy, ASDP hazırda necə fəaliyyət göstərir? Rayon təşkilatları ilə əlaqələr necədir?

-Partiya fəaliyyətini davam etdirir. Rayon təşkilatları da yerindədir. Sadəsə koronovirus pandemiyası ilə əlaqədar işlər bir az zəifləyib. Pandemiya tam bitəndən sonra yenidən hər şey əvvəlki qaydasına düşəcək.

-Milli Məclisdə boş qalmış yerlərə namizədliyinizi irəli sürəcəksinizmi?

-Boş qalmış yerlərə seçkilərin keçirilməsi hələ elan edilməyib. Elan edildikdən sonra mən də qərarımı açıqlayacam. İndidən bu barədə konkret danışmaq istəmirəm.

-ASDP-nin Sosialist İnternasionalı ilə hazırkı əlaqələr necədir?

– Əlaqələrimiz əvvəlki tək yaxşıdır. Sadəcə bayaq dediyim kimi pandemiya ilə əlaqədar işlər bir qədər zəif gedir.

-Zərdüşt Əlizadə ölkədə sol partiyaların iflasa uğradığını demişdi. ASDP-nin də sol partiya olmadığını bildirmişdi. Bu fikrə münadibətiniz necədir?

-Mən Zərdüşt Əlizadənin fikirlərinə münasibət bildirmək istəmirəm.

 Sona qədər eks-prezident Ayaz Mütəllibovun yanında olan şəxslərdənsiniz. Onun fəaliyyətini necə qiymətləndirirsiniz? Sizcə, Ayaz Mütəllibovun əsas səhvi nə idi?

-Ayaz Mütəllibov çox savadlı, demokratik və humanist insan idi. Dövlət çevrilişi olanda – AXC-nin hakimiyyəti ələ keçirməsini nəzərdə tuturam – bir nəfərin də burnu qanamadı. Hakimiyyəti təhvil verib mühacirətə getdi. Ayaz Mütəllibov Azərbaycan üçün ürəyi yanan insan idi. Çox yaxşı ki, heç olmasa Qarabağın azad edilməsinin şahidi oldu. Allah cənab Prezidentin də ölənlərinə rəhmət eləsin. Ayaz Mütəllibovun səhvinə gəlincə, çox humanist insan idi. Mən o zaman da deyirdim ki, o, qanuni yollarla öz hakimiyyətini qorumalıldır. Çünki Ayaz Mütəllibovun hakimiyyəti legitim idi. Onun zəif cəhəti onun humanistliyi idi.

-Ölkədə sosial problemlərlə bağlı ASDP nə təklif edir?

-Ölkədə sosial islahatlar gedir. Son dövrdə cənab Prezident çoxlu islahatlar aparıb. Gələcək islahatlar da hələ qabaqdadır. Biz də əlbəttə ki, müvəffəqiyyət arzu edirik.

-ASDP-nin digər müxalifət partiyaları ilə əlaqələri necədir?

-Əlaqələr yoxdur. Daha doğrusu, biz yalnız Qarabağ müaribəsində cənab Prezidentin fəaliyyətini dəstəkləyən partiyalarla münasibət saxlayırıq.

-Siyasi partiyalarla dialoq prosesini necə qiymətləndirirsiniz? Sizi qane etməyən məsələlər varmı?

-Dialoq prosesinə münasibətimiz müsbətdir. Bizim partiya yarandığı gündən milli birliyin tərəfdarı olub. Siyasi partiyalarla dialoq prosesi də milli birlik yönündə atılmış addımdır. Yəni, biz prosesi belə qiymətləndiririk. Yeni rəhbərlik, ictimai təşkilatlar və siyasi partiyalarla işləyən Ədalət Vəliyevi nəzərdə tuturam – çox böyük işlər görür.

-Ukrayna məsələsində Azərbaycanın siyasi qüvvələrinin tutduğu mövqeyi necə qiymətləndirirsiniz?

-Ukrayna məsələsində siyasi qüvvələrin mövqeyi fərqlidir. Bəziləri kortəbii olaraq Ukraynanı müdafiə edir. Nədənsə Donbası Qarabağla eyniləşdirirlər. Bu belə deyil. Donbas və Qarabağ tamamilə başqa-başqa məsələlərdir. Onlar arasında analogiya aparmaq doğru deyil. Rusiyanın Ukraynada hərbi əməliyyatlar aparmaqdan başqa çıxış yolu yox idi. Ukrayna NATO-nun üzvü olsaydı, Rusiya özünü müdafiə edə bilməyəcəkdi. Təsəvvür edin, Xarkovdan atılan raket 4 dəqiqəyə Moskvaya çatır. Rusiya əvvəlcədən də Ukrayna və Gürcüstanın NATO üzvü olmasına etirazını bildirmişdi. Amma buna məhəl qoymadılar. Rusiya da hərbi əməliyyatlara başlamağa məcbur oldu. Ukrayna hakimiyyəti əslində ölkə konstitusiyasını pozmuşdu. Çünki belə məsələlər referenduma çıxarılmalıdır. Ukrayna Radası isə referendum olmadan NATO-ya üzv olmaq barədə qərar qəbul etmişdi. Bundan əvvəl isə Ukrayna konstitusiyasında ölkənin neytral olduğu qeyd olunmuşdu. Hesab edirəm hadisələrə kortəbi qiymət vermək lazım deyil.

V.ABBAS

Azpost.info

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top