Ekspert: “Şagirdə ev tapşırığı verilməməlidir”

GÜNDƏM 14 apr 2022, 16:37
“Şagirdlərə ev tapşırıqları müasir təlim proqramına, kurikuluma uyğun olaraq verilməməlidir”.

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib:

“Əgər bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər. Eyni zamanda, müəllim mövzuya aid olan çox yüngül səviyyəli tapşırıqlar verərək şagirdi oxutdura bilər. Yəni, tapşırıqlar bu hallarda verilə bilər. Ümumilikdə isə şagirdə ev tapşırığı verilməməlidir, şagirdlər bütün mövzu və mətnlərin hamısını sinifdə öyrənməlidir. Çünki təhsil məktəbdə verilir”. 



Təhsil eksperti hesab edir ki, şagirdlər evdə olarkən sırf fiziki tərbiyə ilə məşğul olan müəyyən işlər görməlidirlər: 

“Yəni, onlar əyləncəli idmanla məşğul olmalı, həyətə çıxmalı, qonaq getməli, ailədə yaşlı baba və nənə varsa onlarla, valideynləri ilə vaxt keçirməlidirlər. Yəni, şagirdin istirahətini keçirməsi üçün ona imkan yaradılmalıdır. Müəllim adi ev tapşırıqlarının əvəzində, uşaqlara mövzunun işlənməsi üçün elə tapşırıq verə bilər ki, həmin mövzuya aid olan bilgini evdə, həyətdə, gəzintiyə getdiyi məkanda və s. əldə edə bilərlər. Bilik hər şey yaddan çıxandan sonra insanın beynində qalan bir məhsuldur. Həyati bacarıqlarına sirayət edən mövzu şagirdin biliyi olur. Yəni, biz şagirdlərə daha çox tapşırıq versək, onlarda öyrənməyə həvəs qalmayacaq və olan meyil də itəcək”. 

Ekspert diqqətə çatdırdı ki, qiymətləndirmənin düzgün şəkildə aparılması üçün müəllimlər doğru-düzgün tapşırıq seçməlidirlər: 

“Bəzən istər ibtidai, istərsə də ümumi orta təhsildə müəllim 10 tapşırığın hamısını bütün sinfə verir. O tapşırıqlardan zəif şagird ikisini həll edə bilər ya yox, orta təhsilli şagird yarısını, yüksək təhsilli şagird isə hamısını edə bilər. Belə olan halda sinifdaxili qiymətləndirmədə də yanlışlıqlar ortaya çıxacaq, zəif şagird elə zəif olaraq da qalacaq. Ona görə, qiymətləndirmənin düzgün şəkildə aparılması üçün müəllimlər doğru-düzgün tapşırıq seçməlidirlər. Əgər belə olarsa, şagird düzgün qiymətləndiriləcək, onların biliyi çox yüksək səviyyədə olacaq və öz effektini də göstərəcək”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top