"Mərkəzi Bank bütün banklara kredit vermirdi" — AÇIQLAMA

GÜNDƏM 12 apr 2022, 18:35
Bu gün Milli Məclisin plenar iclası keçirilib. İclasda Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin təqdimatları müzakirə edilib.Qeyd edək ki, Rüstəmov 1995-ci ildən Milli Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edirdi. Onun sədrliyi dövründə Azərbaycanda ona qarşı bir mənfi imic formalaşmışdı. Bunun səbəbləri ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov Demokrat.az-a danışıb.

Ekspert bildirib ki, mənfi imicin formalaşmasının bir neçə səbəbi var idi:

“Birincisi, 2015-ci ildə devalvasiyanın baş verməsi ilə bağlı idi. Çünki o, insanlara devalvasiyanın olmayacağı ilə bağlı söz vermişdi. Bununla da, xalqı aldatmışdı. Yəni, milli valyutanın məzənnəsinin üzən rejimə keçməməsi, bu sahədəki qeyri-müəyyənliklər onun imicinə mənfi təsir edən amillərdən idi. İkinci səbəb isə kreditlər üzrə faiz dərəcələrinin çox yüksək olması idi. Təbii ki, bu da onun günahı idi. Çünki Mərkəzi Bank bəyan etdiyi uçot dərəcəsi ilə bütün banklara kredit vermirdi. Bu da ölkədə inhisarçılığa gətirirdi, bəzi bankların isə sağlam rəqabəti yox idi”.

Ə.Həsənov qeyd edib ki, bəzi banklar ucuz kreditlər alsalar da, ancaq onlar da əhaliyə və sahibkarlaya yüksək faizli kreditlər verirdi: “Bu yüksək faizli kreditlər də vətəndaşlar arasında narazılıq yaradırdı. Digər mənfi cəhəti isə xeyli bankların bağlanması, müflisləşməsi oldu. Bunun da nəticəsində xeyli sahibkarların, insanların pulları batdı. Bu da Mərkəzi Bankın qeyri-düzgün bank nəzarətini həyata keçirməsi idi. Həmçinin, bu sahədə korrupsiya da var idi. Amma Elman Rüstəmovun dövründə Mərkəzi Bank ölkədə normal ödəniş sistemini qura bilmişdi. Bunu müsbət dəyərləndirə bilərik”.

Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top