Sərdar Cəlaloğlu: “Sülhməramlılar Qarabağda necə davranmağı bilmirlər”

GÜNDƏM 12 apr 2022, 13:42
Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə növbəti dəfə gərginlik müşahidə olunur. Baxmayaraq ki, sülhməramlı kontingentin rəhbərliyi vəziyyətə nəzarət etdiyini deyir, amma hadisələrin gedişatı başqa mətləblərdən xəbər verir. Ən maraqlısı isə ötən gün Daşbaşı yüksəkliyinə daxil olan (azad edən – red.) azərbaycanlı hərbçilərlə rus hərbçilər arasında dava düşməsidir. Nəticədə sülhməramlılardan bəziləri yaralanıb.

Belə bir vəziyyətdə proseslər hansı istiqamətdə inkişaf edəcək? Təxribatlar nəyə hesablanıb?

Suallarımıza Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu cavablandırdır. ADP sədri Demokrat.az-a açıqlamasında vurğulayıb ki, bu gün Rusiya özü çox pis bir durumdadır, çünki Ukrayna ərazisində çox ciddi məğlubiyyətə uğrayıb:

“Təbii ki, bu da rusların özündə bir psixoloji problem yaradıb. Çünki bunlar imperiyanı yaratmaq üçün Qarabağdan istifadə etmək istəyirdilər. İndi bütövlükdə imperiya ideyasının özü tənəzzülə uğrayır deyə, Qarabağda da necə davranmağı bilmirlər. Sadəcə olaraq, V.Putinlə danışıb bu məsələni birdəfəlik həll etmək lazımdır və sülhməramlı qüvvələr ölkəni tərk etməlidirlər. Çünki Rusiyanın rəhbərliyinin başı daha çox Ukraynaya qarışıb. Qarabağdakı hərbi hissə bir çox hallarda  özbaşına hərəkət edir, fəaliyyət göstərir. O baxımdan orada hər cür belə təxribatlar ola bilər. Hətta, ermənilərə başqa-başqa təxribatlar etdirə bilərlər”. 
 
“O baxımdan Azərbaycan təcili sürətdə sülhməramlıları qüvvələrin nəzarətdən çıxmasını əsas gətirərək, onların ərazidən çıxmasını tələb etməlidir.  Yəni, bu mübahisənin özü əsas götürülməlidir ki, artıq Rusiya buradakı qoşunlarına nəzarət edə bilmir və dərhal bu qoşunlar buradan çıxarmalıdır,”- deyə ekspert əlavə edib. 

Qarabağda sülhməramlılar tərəfindən mülki əhalinin silahlanmasına gəlincə, politoloq qeyd edib ki, Rusiya oradan çıxanda sonra bu məsələlər təbii şəkildə öz qaydasına düşəcək: “Yəni, Azərbaycan bəyanat  verəcək ki, silahları yerə qoyun. Ya təslim olun, ya da ciddi cəzalanacaqsınız. Təbii ki, onlar da y qaçıb Ermənistana gedəcəklər, ya da silahları təhvil verəcəklər. Bizim üçün əsas ciddi problem Rusiyanın Qarabağda olmasıdır”.  

Nəzrin Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top