Aprel şəhidi Emin Bağırov — VƏTƏN sizə oğul deyir!

GÜNDƏM 04 aprel 2022, 13:03
Vətən üçün ölən qəhrəmandır. Cismən yoxluğu isə ölüm yox, şəhidlikdir! 

Elə zirvə, elə məqam ki, Vətən günəşi onun gücü ilə parlayır, xalq ondan güc alır, o xalqın Oğlu, Vətənin övladı olur. Varlığı bir xalqa şərəf, şəhidliyi fəxarət bəxş edir! 



Şəhidlik onun da arzusu idi.. Elə bu istəklə də Aprel döyüşlərində Xüsusi Təyinatlı kimi iştirak edən Emin Bağırov qəhrəmancasına həlak oldu. Eminin qardaşı Yaqub Bağırov deyir ki, qəhrəmanımız Talış kəndi istiqamətində döyüşlərdə iştirak edib, məzarüstü abidəsinin baş hissəsində də məhz uğrunda gözlərini əbədi yumduğu kənd təsvir olunub. 



“Emin Bağırov 1996-cı il iyul ayında anadan olub. Eminin şəhidliyindən illər keçməsinə baxmayaraq, xalqımız eminin hər il, hər gün yada salır, yad edirlər. Emindən bizə yadigar qalan onun qəhrəmanlığıdır. Bu əynimdəki geyim də Emindən mənə xatirədir. Bu geyimi geyinəndə qürur hiss keçirirəm. Emin kimi bir oğulun qanını damarlarımda daşıdığım üçün özümlə fəxr edirəm.”



Talış kəndinin təsvirini isə rəssam Afiq Əliyev həkk edib. O deyir ki, bu işini Emin Bağırovun doğum gününə ithaf edib. 



“Emin Bağırovla əfsuslar olsun ki, şəhid olduqdan sonra dostlarım sayəsində tanış olmuşam. İlk vaxtlarda dostlarım məndən rəsmi istəyəndə tərəddd edirdilər. İşlərim çox idi, bu işə başlamaq üçün özümü hazır bilmirdim. Emalatxanaya döndükdən sonra, yarımçıq əsərlərimi başa çatdırmağa çalışırdım. Bir gün yuxu gördüm. Gördüm ki, əlimdə fırça və palitramı tutub boş bir kətana baxıram. Hiss etdim ki, sol çiynimə bir əl toxunur. Çevriləndə görürəm ki, Emin Bağırovdur. Mənə deyir ki, öz işimi özümdən başqasına həvalə etməyim. Yuxudan oyanıb, məzarına gəldim. Qərara aldım ki, bu əsəri ərsəyə gətirəcəm.”



Şəhidin məzarı Vətənin hər qarış torpağındadır. Çünki hər qarışda onun qanı, nəfəsi, Vətən sevgisi, igidliyi saxlıdır. Ruhun şad olsun, Emin Bağırov! Qığılcımını Vətən eşqinizdən aldı Aprel döyüşləri ! Və böyük bir qəhrəmanlıq alovu ilə 44 günlük tarix yazıldı! Vətən Sizə OĞUL DEYİR! 

Qeyd edək ki, Emin Bağırov ölümündən sonra Hərbi Xidmətdə fərqlənməyə görə III dərəcəli medalla təltif edilib. 

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyun 2025, 11:50
Top