Deputat: “Bu, bir daha ermənilərin insanlıqdan kənar hərəkətlərini sübut edən dəlillərdir”

GÜNDƏM 30 mar 2022, 11:06
“Birinci Qarabağ müharibəsi dövründən bugünədək 4 min nəfərə qədər Azərbaycan vətəndaşının taleyi barədə heç bir məlumat yoxdur”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Millət vəkili qeyd edib ki, uzunmüddət keçməsinə baxmayaraq, çox təəssüf ki, bugünədək onların taleyi barədə dəqiq məlumat ala bilməmişik:

“Çox güman ki, Fərrux kəndində tapılan insan qalıqları o dövrdə ermənilər tərəfindən vəhşicəsinə öldürülən soydaşlarımızdır. Təbii ki, erməni vandalları öldürdükləri insanları normal şəkildə dəfn edəsi deyildilər, yəni insanlarımızı kütləvi qaydada torpağa basdırararaq, sadəcə üstünü örtüblər. Qeyd edim ki, o dövrdə Fərrux ətrafında da xeyli müddət döyüşlər getmişdir və orada da şəhid olan insanlarımız olub. O vaxtlar ermənilər əsirlikdə olan insanlarımızı müəyyən beynəlxalq qurumların nəzarətindən yayındırmaq üçün gizlədirlər. Çünki Azərbaycan tərəfi olaraq biz vaxtaşırı insanlarımızın taleyi ilə bağlı beynəlxalq qurumlara müraciət edirdik. Qırmızı Xaç Komitəsi kimi başqa qurumlar da tez-tez həbsxanalara baş çəkirdilər. Lakin bizim insanlarımızı onların diqqətindən yayındırmaq üçün ermənilər min bir bəhanəyə əl atırdılar. Bizim əsirlikdən gələn insanlarımız özləri də bu barədə məlumat verirdilər ki, onları müxtəlif ucqar erməni kəndlərinə paylaşdırırdılar. Yəni, qul əməyi kimi onların əməyindən istifadə edirdilər, əməyini istismar edirdilər. Təbii ki, həmin vətəndaşlarımızın da indi Fərruxda qalıqları olacaq. Yəqin ki, müəyyən araşdırmalar, müayinələr aparıldıqdan, insanların DNT-ləri götürüldükdən sonra şəxsiyyətləri müəyyən olunacaq”.

Deputat əalvə edib ki, bu nə birinci, nə də sonuncu erməni vəhşiliyi deyil: “Biz ərazilərimizi tədricən düşməndən azad etdikcə, Xocalı, Xocavənd, Ağdərə rayonu ərazisində də bu məzarlıqlardan çox olacaq. Bu da erməni vəhşiliyinin sübutlarıdır. Bizim artıq azad etdiyimiz ərazilərdə görün neçə yerdə kütləvi məzarlıqlar tapılıb. Belə məzarlıqlar hələ də tapılmaqda davam edir. Əlbəttə ki, Kəlbəcər, Laçın ərazisində və başqa rayonlarımızın ərazisində bu cür məzarlıqlar tapılacaq. Bu, bir daha erməni vəhşiliyini, ermənilərin insanlıqdan kənar hərəkətlərini sübut edən dəlillərdir”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top