Deputat: “Azərbaycanla Ermənistan arasında qonşuluq münasibətləri bərpa oluna bilər“

GÜNDƏM 28 mar 2022, 20:07
“Biz 30 il ərzində dünyanın bizə olan münasibətini gördük. Təkcə Azərbaycanın ərazisinə, Azərbaycan xalqına deyil, dini islam dini olan bir xalqa olan münasibətin şahidi olduq. Bu illər ərzində haqqı və ədaləti tanımayan, haqsız və ədalətsiz mövqeyi olan Ermənistanı müdafiə edən bir dünyanı gördük. Bir tərəfdən BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edir, o biri tərəfdən ATƏT-in Minsk qrupu yaradılır. Amma ATƏT-in Minsk qrupunun həmsədrləri bir dəfə olsun Azərbaycanın haqqını müdafiə etmir. “İşğalçı kimdir? İşğal olunan kimdir?“ suallarına dumanlı olsa da cavab verilmir. Hamının düşüncəsində belə bir fikir var. Erməni yazıqdır, erməni tarix boyu guya soyqırıma məruz qalıb. Erməni tarix boyu haqqına sahib durmayıb. İndi nə etmək lazımdır? Qarabağı ermənilərə vermək lazımdır, onda guya haqq yerini tapır. Ədalətsiz düşüncədir! Haqsız düşüncədir! Tarixdən və hüquqdan uzaq olan bir düşüncədir!“.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

 “Ona görə də 2020-ci ilin sentyabrında Azərbaycan nəhayət əks hücuma keçdi və öz haqqını müdafiə etdi. Öz torpağını işğaldan azad etdi və bu müharibədə 3 min şəhid verdi, minlərlə yaralısı oldu. Bu mənada Azərbaycan öz qanı hesabına öz torpaqlarını azad etdi. Öz qəhrəman əsgərlərinin şücaəti hesabına öz torpaqlarını azad etdi. Ancaq bu gün mənzərə necədi? ATƏT-in həmsədr olan dövlətləri ABŞ, Fransa, Rusiya Azərbaycanı ittiham etmək istəyirlər. Nədə? Azərbaycanın niyə Fərrux kəndinə Azərbaycan hərbi hissələri daxil olub? Fərrux nə vaxtdan erməni torpağı olub? Fərrux tarix boyu Azərbaycanın torpağı olub! Fərrux kəndin ətrafındakı olan təpəliklər də, hündürlüklər də tarix boyu Azərbaycanın olub. Elə tarix varmı ki, orada Fərruxun azərbaycanlılara aid olmaması haqqında nəsə yazılsın? Bu, mümkün deyil. 1905-06, 1918-20, 1988-94-cü illərdə də Fərrux Azərbaycanın olub. Azərbaycan da onu əlində saxlamaq üçün müharibə aparıb, şəhid verib. Bu gün də Fərrux Azərbaycan torpağıdır. Artıq Dağlıq Qarabağ deyilən bir qurum yoxdur. Qarabağ deyilən bir iqtisadi zonası var. Təbii ki, dövlət başçısının fərmanı ilə yaradılıb və Fərrux kəndi də həmin ərazidədir, yəni Qarabağ deyilən ərazinin tərkibindədir. Onun Ermənistana və dünyaya nə dəxli var? Dünya bu dəqiqə özünün ən böyük problemini həll etsin. İki nəhəng dövlət arasındakı müharibəni həll etsin. Nə üçün o müharibəni ədalətli şəkildə həll etmək əvəzinə Azərbaycanın daxili işlərinə qarışır? Bugünkü Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil. Bu gün Azərbaycan xalqı „dəmir yumruq“ kimi Ali Baş Komandanın ətrafında birləşib. Bu gün Azərbaycan geri çəkilmir. Bu gün Azərbaycan irəli gedir. Bu gün Azərbaycanın diplomatiyası hücum diplomtiyasıdır və dünyanın heç bir dövlətinin Azərbaycanla olan münasibətində qərəz axtarmır, təcavüz axtarmır. Eyni zamanda ermənilərin illər boyu Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım tarixini vərəqləyir və dövlət başçısının dediyi kimi, gələcəkdə Azərbaycanla Ermənistan arasında qonşuluq münasibətləri bərpa oluna bilər. Amma Azərbaycan xalqı başına gətirilən müsibətləri heç vaxt yaddan çıxartmamalıdır. Bu gün Azərbaycan bu siyasət uğrunda mübarizə aparır“.

A.İsgəndərov əlavə edib ki, bu gün xalq birmənalı olaraq dövlət başçısının, ordunun həyata keçirdiklərini dəstəkləyir və onun üçün əlindən gələni edir:

“Dünyanın hansı dövləti özünü göz yaşı tökən erməniyə nə qədər yaxın bilirsə bilsin, nə qədər yardım göstərirsə göstərsin, amma bu dövlətlər bir şeyi anlamalıdırlar ki, tarix boyu heç kimin torpağında gözü olmayan Azərbaycan xalqı var, Azərbaycan dövləti var. Bu dövlət və bu xalq dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin 200-ə qədər olan dövlətlərindən biridir. Müstəqil dövlətdir, bu müstəqil dövlət də öz ərazi bütövlüyünü qorumaq üçün əlindən gələni edir və edəcək“.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top