“Arvadım kişilik qüruruma toxunan sözlər dedi” — Ərlə arvad arasında dava

GÜNDƏM 28 mar 2022, 11:45
Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü Altay şəxsi münasibətlər zəminində arvadı Xumara (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 17-də, saat 13 radələrində baş verib. 

Altay Xumar ilə aralarında Sumqayıt ASAN Xidmətin yan tərəfində kənar şəxslərin olmadığı yerdə mübahisə edib. Mübahisə zamanı o, arvadını bir dəfə yumruqla qəsdən vurub, boğazından əli ilə sıxaraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan bədən xəsarəti yetirib.

İstintaq orqanı tərəfindən Altayın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Altay ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Xumar ilə ilk dəfə 2018-ci ilin mayında ailə həyatı qurmub: “Bir il bir yerdə yaşadıqdan sonra ailələrimizin razılığı olmadığına görə rəsmi qaydada ASAN Xidmətə getdik, orada Xumarla boşandıq. Rəsmi şəkildə boşansaq da, əlaqələrimizi kəsmədik Ailəm Xumarla ailəli olmağıma razılıq verməsələr də, onu istədiyimə görə hər ikimizin qarşılıqlı razılığımiz ilə 4 oktyabr 2021-ci ildə yenidən ASAN Xidmətə gedərək nikahımızı yenildik. Nikahımızı yenilədikdən sonra kirayə yaşamağa başladıq. Sonra yenə münasibətlərimiz korlandı və ayrıldıq”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, 16 yanvar 2022-ci ildə Xumara zəng vurub: “Telefon danışığı zamanı Xumar bildirdi ki, səhər ASAN Xidmətin yanında görüşək və rəsmi qaydada hər ikimizin razılığı ilə ASAN Xidmətdə boşanaq. Mən də Xumarla razılaşdım. Yanvarın 17-də, saat 13 radələrində Sumqayıt şəhər ASAN Xidmətin yanında dayandım və Xumarın gəlməsini gözlədim. Bir qədər sonra Xumar gəldi. Ona təklif etdim ki, bir kənara çəkilib, söhbət edək. Xumar razılaşmadı. Xumarın qolundan tutdum və ASAN Xidmətin yan tərəfində heç kimin olmadığı yerə çəkildik. Xumardan xahiş etdim ki, nə olubsa, hər şeyi unudaq, boşanmayaq və ailəmizi bərpa edək. Lakin Xumar təklifimi rədd etdi, mənim ünvanıma nalayiq ifadələr işlətdi, həmçinin kişilik qüruruma toxunan sözlər deməyə başladı. Xumarın bu sözləri ilə təhqir olunduğuma görə əsəbləşdim, əlim ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurdum. Bu zaman Xumar mənə əl atdı. Mən də əlim ilə Xumarın boğazından tutdum və geri itələdim”. 

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra Xumar ondan uzalqaşıb və oradan gedib: “Mən də Xumarın arxasınca düşmədim. Sonradan mənə məlum oldu ki Xumar məndən 3-cü polis bölməsinə şikayət edib”. 

Altay ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu söyləyib. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xumarın sözlərinə görə, Altay ilə ailə həyatlarının ilk vaxtları tamamilə normal keçib, aralarında elə bir ciddi münaqişələr olmayıb: “Amma ərim Altay mənimlə ailə qurandan sonra işləmədi, evə pul gətirmədi, buna görə maddi çətinliklər səbəbi ilə aramızda mübahisələr yaranmağa başladı. Bu məzmunda tez-tez evimizdə söz söhbətlər oldu. Son vaxtlar Altaydan faktiki olaraq ayrılaraq hazırki yaşadığım evi kirayə tutdum və orada tək yaşamağa başladım. Faktiki bir yerdə yaşamırdıq. Altaydan boşanmaq qərarına gəldim. Onların birgə nikahdan övladımız yoxdur. Bu səbəbdən də yanvarın 16-da Altaya zəng vurdum və yanvarın 17-də Sumqayıt Asan Xidmətinə gəlməsini istədim. Bildirdim ki, orada hər ikimizin razılığı ilə rəsmi qaydada boşanaq. Altay razılıq verdi, gələcəyini bildirdi”. 

Zərərçəkmiş qeyd edib ki, yanvarın 17-də, saat 13 radələrində avtobusla Asan Xidmətin yanına gəlib: “Avtobusdan düşdüm və Asan xidmətə tərəf gedərkən Altay mənə yaxınlaşdı. Qolumdan tutaraq söhbət etmək məqsədilə məni Asan xidmətin yan tərəfinə insanların olmadığı yerə apardı. Orada Altayla danışmaq istəmədiyimi bildirdim, boşanacağımı dedim. Altay  fikrimi boşanmaqdan yayındırmağa çalışdı. Mən isə Altaya qətiyyətlə boşanacağımı bildirdim. Bu qətiyyətim Altayın özündən çıxardı. Altay əsəbiləşərək əvvəlcə əl ataraq boğazımdan tutdu və sonra da yumruqla sol almacıq nahiyəmə bir dəfə vurdu. Altayın əlindən çıxdım, oradan birbaşa Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə ərizə ilə müraciət etdim”. 

Zərərçəkmiş deyib ki, Altayla barışıb, ona qarşı şikayəti yoxdur. 

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. 

Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını nəzərə alıb. Bu səbəbdən Altayın barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top