“Balaca Ramiz Mehdiyev - Əli Həsənov da onun elədiklərini təkrarlayırdı”

GÜNDƏM 22 yan 2022, 15:49
"Ramiz Mehdiyev kimdir?" sualına cavab vermək üçün əvvəlcə onun fəaliyyətinə baxmaq lazımdır ki, nə işlə məşğul olub. Onun parlaq dönəmi Prezident Aparatında (PA) işlədiyi zamana təsadüf edib. Sovet vaxtı ideologiya katibi olub, daha sonra PA rəhbəri vəzifəsinə təyin edilib. Mehdiyev ideologiya katibi olaraq Azərbaycan elmini, xüsusən, ideologiya ilə bağlı olan sosial elmlərin səhv yönləndirilməsi ilə, məhvi ilə məşğul olub. Bura fəlsəfə, sosiologiya, tarix elmləri daxildir. Bu elmlərin ən çox zərər gördüyü dönəmlər Ramiz Mehdiyevin PA-da katib olduğu zamana təsadüf edir".

Bu sözləri tarix elmləri doktoru, professor Xaləddin İbrahimli "AzPolitika.info"-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş verən hadisələrə münasibət bildirərkən deyib.

Professorun sözlərinə görə, R.Mehdiyevin elmə vurduğu zərbələrdən biri də odur ki, öz tayfasından olanları, qohum-əqrabalarını, yerlilərini irəli çəkib: "Yeri gəlmişkən, elmə yerliçilik prinsipini də o gətirib. Guya belə söhbətləri aparanlara qarşı mübarizə aparırdı, amma təcrübədə yerliçiliyin ideoloqlarından biri o idi. Tarix, fəlsəfə institutlarını, universitetləri, başqa-başqa kafedraları öz tanış-bilişləri ilə doldurmuşdu".

Professor əlavə edir ki, elmə saxtakarlığı da elə Ramiz Mehdiyev gətirib: "O, heç də təqdim etdiyi kimi intellektual adam deyil. PA rəhbəri olduğu dönəmlərdə paralel olaraq bir neçə vəzifəsi vardı. Prezident yanında İdarəçilik Akademiyasının kafedra müdiri idi, guya dərs deyirdi. "Balaca Ramiz Mehdiyev" - Əli Həsənov da onun elədiklərini təkrarlayırdı. O və yaxın adamları intellektual ola bilməzdi. Elə vəzifələrdə işləyən adam kitab yaza bilməz. Kitab yazmağın nə qədər çətin olduğunu elm adamları, kitab yazanlar bilir. Bir ciddi elmi məqalə yazmaq üçün ən azı onun üzərində 3-6 ay işləmək lazım gəlir. Amma bunlar ildə 500-600 səhifəlik iki kitab yazıb çap edirdilər. Adlarını alim qoyan şəxsiyyətsiz adamlar vardı, onları nökər kimi işlədirdilər. Onlar Mehdiyevə nökərçiliyin əvəzində xırda-xuruş mənsəblər qazanırdılar. Ən yüksək halda onlara mandat verərdilər".

X.İbrahimli vurğulayır ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində Ramiz Mehdiyevin Rusiyanın canişini olduğunu hamı bilir. "O, Türk düşmənidir və qardaş ölkədə təhsil almış heç bir kadrı PA-nın qapısından içəri buraxmırdı. Mehdiyevin həyatı intriqalarla keçib, o, insanları biri-birinə qarşı düşmən etməklə, var-dövlətlərinə çökməklə məşğul idi. Ona görə də bu adamın Akademiyaya rəhbər təyin olunması doğru deyildi.

O zaman da yazmışdım, şəxsiyyətinə hörmət edən heç bir alim onun rəhbərlik etdiyi müəssisədə işləməməlidir. Məndən inciyənlər, küsənlər oldu. İndi AMEA-da baş verən proseslər onu göstərir ki, nə qədər əzilsələr də, əsl alimlər öz ləyaqətini, kimliyini, şəxsiyyətini qoruyan kişilərdir. Nə vaxtsa bu etiraz özünü göstərəcəkdi və indi yavaş-yavaş vicdanlı insanlar etiraz edir, Mehdiyevin insan ləyaqətini alçaltmağa yönəlmiş basqılarına qarşı dirəniş göstərirlər. Bu etirazlar get-gedə artacaq. İnanıram ki, bir gün ləyaqətli elm adamları bir araya toplaşıb, onu Akademiyaya buraxmayacaqlar. O, nəinki içəri buraxılmamalı, ölkənin daxilində belə olmamalıdır. Mehdiyevin fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır ki, nə işlər görüb. Onun çox suçları var, onu, ümumiyyətlə, cəmiyyətdən təcrid etmək lazımdır", - tarix elmləri doktoru vurğulayıb.

Xaləddin İbrahimli deyir ki, Ramiz Mehdiyev Azərbaycana çox böyük zərbələr vurub.

Professor, AMEA-nın gələcəyi ilə bağlı da fikirlərini bölüşüb: "İki təməl fikrin biri ondan ibarətdir ki, AMEA ümumiyyətlə ləğv edilməlidir. Digər fikir isə rekonstruksiya olunmasından yanadır. Bu təkliflərin hər ikisini dəyərləndirmək olar. Akademiyanın qapadılması o zaman mümkün ola bilər ki, dövlət universitetlərinin gücləndirilməsi ilə bağlı proqram qəbul edilsin və onun icrasına başlansın. Akademiyanın potensialı, personalı universitetlərin müvafiq fakültələrinə transfer olunmalıdır. Yəni elm təhsillə bir araya gətirilər, bu yolla Türkiyədə, Avropada olduğu kimi, universitetlər daha da gücləndirilər.

İkinci yol AMEA-nın gücləndirilməsidir. Bu o deməkdir ki, ayrı-ayrı institutlar müasir texniki avadanlıqlarla təchiz olunacaq, əməkhaqqı sistemi kökündən dəyişdiriləcək. Bu zaman AMEA-da çalışanların elmə töhfə vermələri üçün çalışdıqları şöbələrlə, institutlarla mənəvi bağları güclənəcək. Nəticədə, dövlətin AMEA-da hansı hədəfləri gözaltı etdiyi ortaya qoyulacaq. Əgər dövlət bu sahənin inkişafını istəyirsə, ciddi maliyyə ayırmaları etməlidir. Bəzən deyirılər ki, akademiya, universitetlər istehsal sahəsi deyil, büdcəyə gəlir gətirmir və s. Bunlar kökündən yanlış fikirlərdir. İnkişaf etmiş ölkələr ən böyük gəlirlərini elm və təhsildən, ideyalardan əldə edirlər. Çünki ən müasir texnologiyalar ilk olaraq ideya kimi formalaşır. Onlar isə restoranlarda, toyxanalarda deyil, elm müəssisələrində yaranır. Bilim insanları təminatlarından, həyatlarından narahat olmamalıdırlar ki, rahat elmlə məşğul ola bilsinlər. Bu, inkişaf etmiş ölkələrdə dövlətin siyasətidir".

Professor qeyd edir ki, əsas məsələlərdən biri də AMEA-da elmi ünvanların ortadan qaldırılmasıdır: "Dünyada belə ünvanlar yoxdur. Elmdə ən yüksək ünvan professordur. Nəhayət, bu sahədə də Rusiya ilə bağ qırılmalıdır. Rusiya elmində çox şeylər yanlışdır. Onlar da yanlış olaraq götürülüb Azərbaycanda tətbiq edilib. Nə vaxta qədər Rusiyanın yanlışları bizdə imitasiya olunacaq? Akademiklər deputat qədər maaş alırlar, amma büdcədən onu hansı adla çıxarırlar? Belə bir sinifləndirmə, klassifikasiya heç yerdə yoxdur. Akademik olduğuna görə filan qədər pul alırlar. Kimdir akademik? Elm adamıdır? Xeyr! Belə bir elmi ad yoxdur. Bu da ortadan qaldırılmalıdır. Akademik adları elmdə sovetlərin bir elita, nomenklatura yaratmaq siyasəti idi. Sovet hakimiyyətini müdafiə etmək üçün yaltaq ziyalıları ora yığırdılar.

Onlardan akademik və müxbir üzv düzəldirdilər və rejimin müdafiəsinə səfərbər edirdilər. İndi dünyanın heç yerində buna ehtiyac yoxdur. İndi elmi siyasətə bu qədər bağlamaq, ona tabe eləmək olmaz. AMEA tamam müstəqil bir qurum kimi fəaliyyət göstərməlidir və siyasətdə “vurulan” adamların ora gətirilməsi praktikasına son qoyulmalıdır. Akademiya sürgün yeri deyil ki, siyasətdən atılan adamlar gəlsinlər və orada siyasətdə etdikləri əlləm-qəlləm işləri davam etdirsinlər. Bu cür işlərə nə qədər tez son qoyulsa, o qədər elmə az zərər dəyəcək. Bir də ki, elm adamları aktiv olub öz haqlarını və elmi qorumalıdırlar. Elm adamının birinci vəzifəsi elmin namusunu, şərəfini, ləyaqətini qorumaqdır".

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top