“Qanlı Yanvar hadisələri ilə bağlı Heydər Əliyevin Moskvadakı mətbuat konfransında iştirak etdim” — Bülent Gürcam

GÜNDƏM 20 yan 2019, 11:30
"Qanlı 20 Yanvar hadisəsi Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki çıxışından sonra Türkiyə mətbuatında ilk dəfə “Hürriyyət” qəzetində dərc olunub. Heydər Əliyevin həmin çıxışından sonra 20 Yanvar faciəsi ilə bağlı məlumatlar dünya mətbuatında yayılmağa başladı. Məhz bu hadisədən sonra xarici jurnalistlər hadisə ilə bağlı araşdırmalara başladılar".

Demokrat.Az xəbər verir ki, bu fikirləri "Ölkə.Az"a açıqlamasında 1990-cu ilin qanlı 20 yanvar hadisələrini belçikalı jurnalist kimi ilk dəfə çəkib Avropa mediasına ötürən Belçika Azərbaycan Evinin sədri Bülent Gürcam bildirib.

Bülent Gürcam deyib ki, həmin hadisələr zamanı SSRİ rəhbərliyi Azərbaycanı blokada şəraitində saxlayırdı, Bakıda törədilən qırğınlar barədə xəbərlərin Qərb mediasına çıxışı məhdudlaşdırılmışdı:
 

"1980-ci illərin sonlarında Belçikada jurnalist kimi fəaliyyət göstərdiyim dövrdə Azərbaycanla bağlı araşdırmalar aparırdım. Azərbaycanda milli azadlıq hərəkatı başlayan vaxtlarda Bakıda “Vətən” cəmiyyəti fəaliyyət göstərirdi. Mən “Vətən” cəmiyyəti ilə əlaqə qurdum və “Odlar Yurdu” qəzetinə yazılar göndərməyə başladım. 1989-cu ildə belçikalı jurnalist kimi “Vətən” cəmiyyətinin dəvəti ilə Bakıya gəldim və Azərbaycan xalqının sovet hakimiyyətinə qarşı apardığı milli azadlıq mübarizəsinin şahidi oldum. SSRİ təhlükəsizlik xidməti əməkdaşlarının diqqətini çəkməmək üçün o zaman qaldığım otelin pəncərəsindən kamera vasitəsilə mitinqi çəkirdim. 1990-cı il yanvarın 19-dək Bakıda qaldım, sonra “Vətən” cəmiyyətinin üzvləri tərəfindən Rusiyaya yola salındım. Yanvarın 20-də səhər qanlı hadisənin törədildiyi xəbərini Moskvada aldım".
 

Bülent Gürcam 1990-cu il yanvarın 21-də ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək çıxış etdiyi zaman orada olduğunu söyləyib:

"Yaxşı yadımdadır, Ümummilli Liderin nümayəndəlikdəki çıxışını işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrini təmsil edən jurnalistlər orada iştirak edirdilər. Heydər Əliyev bu hadisəni törədən şəxsləri kəskin şəkildə qınadı. Ulu Öndər bu hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd hesab etdiyini xarici jurnalistlərin diqqətinə çatdırdı. Həmin vaxt mən də fransız jurnalistlərin tərcüməçiliyini edirdim. Bakıdakı qanlı 20 yanvar hadisələrilə bağlı məndə olan fotoları da xarici mətbuata ötürdüm. 20 Yanvarla bağlı materialları SSRİ DTK-dan qorumaq üçün Belçika vətəndaşı kimi həmin ölkənin səfirliyinə sığınıb, oradan da Brüsselə getmişəm". 
 
Vasif Həsənli
Demokrat.Az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top