"Azərbaycanda normal özəl telekanal yoxdur, tamaşaçıları iyrəndiriblər" - Xalq artisti Tahir İmanovun müdafiəsinə QALXDI

GÜNDƏM 05 noy 2018, 13:32

Azərbaycanın xalq artisti, görkəmli aktyor Rasim Balayev əməkdar artist, "Planet Parni iz Baku" KVN Teatrının bədii rəhbəri Tahir İmanovun müdafiəsinə qalxıb. 


Rasim Balayev Demokrat.Az-a açıqlamasında deyib ki, Tahir İmanovun istedadı heç də tükənməyib:

   
"Necə yani istedad tükənib? Axı istedad heç zaman tükənmir! Əgər bir adamda istedad varsa, deməli var, yoxdursa da, deməli heç vaxt olmayıb. İstedadı yalnız inkişaf etdirmək olar. Onu da inkişaf etdirmək üçün material lazımdır. O da bizdə yoxdur. Tahir İmanov, Rafael və Çoşqun, "Planet Parni iz Baku" KVN Teatrının aktyorları - bunlar talantlı, istedadlı adamlardır. Sadəcə olaraq yaxşı ssenarilər yazılmalıdır. Bu sahədə yaxşı yazarlarımız yoxdur, nə qədər "çevir tatı, vur tatı" ilə məşğul olmaq olar. Yeni yazılar yazılmalıdır. Bu gün Azərbaycanda normal kino yazarları, ssenari yazanlar, yaxşı rejissorlar yoxdur. Yəni, bu adamların istedadında heç bir problem yoxdur. Onların istedadı var və mən də bunu görürəm. Amma yaxşı ssenari yazanları yoxdur. Əsas mətndir. Rusiyada bunu yazanlar var. Çox təəssüf ki, bizdə bunlar mövcud deyil. Misal üçün, mən bir aktyoram və gəlmişəm. Mənim yaxşı dramaturqum və ssenarim olmasa, mən nə edə bilərəm? Bir daha deyirəm ki, Tahir və Cabir İmanovlar talantlı uşaqlardır. Buna heç bir sözüm yoxdur".

 

Картинки по запросу Tahir İmanov


Xalq artisti Azərbaycanın özəl televiziya kanallarını da sərt tənqid edib:


"Azərbaycanda normal özəl telekanal yoxdur. Hansı telekanaldan danışmaq olar? Onların işi, peşəsi ancaq axmaq-axmaq danışan adamları efirə çıxartmaq, lazımsız və səviyyəsiz şoular yaratmaqdır. Ortada bir dənə belə düşüncəli iş yoxdur. Efirə verilən verilişlərdə də filankəs ərə getdi, filankəs bic doğru və sairə kimi mənəviyyata zidd olan məsələlər qabardılır. Axı bu cür verilişlər kimə lazımdır? Artıq tamaşaçıları da bezdiriblər, iyrəndiriblər. Özəl telekanallar axmaq-axmaq səviyyəsiz söhbətlərlə tamaşaçılarımızın zövqünü korlayırlar. Nə bilim, biri şeir yazır. Mən şeir oxuyanda, həmin şeiri 9 adam yoxlayırdı ki, bunu efirə çıxartmaq olar və yaxud olmaz! İndi hərənin ağılına nə gəlirsə onu çıxıb efirdə deyir. Mən sağlamlığımı qorumaq xətrinə Azərbaycan telekanallarına baxmıram. Yeganə baxdığım yerli telekanal isə AzTV-dir. Qalan telekanalların heç birini izləmirəm. Ümumiyyətlə, Azərbaycan gəncliyinin, cavanlarının zövqünü, tərbiyəsini korlayan ucuz şoular və bayağı verilişlərdir. Bəzən görürsən ki, gah Türkiyənin, gah da digər ölkələrin ağızını əyirlər. Özlərində yaradıcılıq deyilən bir şey, yaxşı rejissorlar, səviyyəli verilişlər yoxdur. Məhkəməlik məsələləri gətirib telekanallara çıxarırlar. Hər bir cəmiyyətdə nöqsanlı adamlar olur. Meşə çaqqalsız olmaz. Ancaq özəl telekanallar həmin halları efirə çıxarıb ictimailəşdirirlər. Sonra da uçaqlar baxıb görür ki, biri anasını döyür və sairə. Sabah onların aldığı tərbiyə də bu olacaq. Halbuki, ana müqəddəsdir və cəmiyyətə bu təlqin edilməlidir. Anlaya bilmirəm ki, axı özəl telekanallar bununla nəyə nail olmaq istəyir? Vallah bunun bir adı var, o da düşmənçilikdir".


Zaur 
Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top