“Məktəblərdə müəllim yerlərinin 8 min manata satılması…” – Eynulla Fətullayevə cavab

SOSİAL 13 okt 2018, 09:00

Jurnalist Eynulla Fətullayev “facebook” səhifəsində qalmaqallı status paylaşıb. O, Azərbaycan məktəblərində rus dilinin geniş yayılmasına qarşı çıxan deputat Gövhər Baxşəliyevanı hədəfə götürərək yazıb:
“Deputat Gövhər Baxşəliyeva bu gün Milli Məclisdə rus dilinə qarşı çıxış edib. Gövhər xanım SSRİ dönəmində maliyyə naziri, kommunist Baxşəli Baxşəliyevin qızıdır. Guya şərqşünas ve akademikdir, amma bütün elmi məqalələri plagiatdır.

Bu “alim” təkid edir ki, rus dilində təhsil məhdudlaşsın. Adama sual verərlər – ay xanım, Azərbaycan məktəblərində təhsilin səviyyəsindən xəbəriniz var? Azərbaycan dilində dərsliklər bərbad gündə, müəllim yox – məktəbə müəllim yeri 8 min manatdır, elm, xüsusile təbii fənlər çöküb… Sən nədən danışırsın ay zalım? Yenə rus dilində kitab, dərslik, müəllim tapmaq olar, Azərbaycan bölmələrində axirətdir!!! Bax, bu zalıma nə deyəsən? Sən təhsilin probleminden danış, rüşvətdən danış… Ne deyəsən bu vicdanını itirmiş deputata?! Azerbaycan xalqına niyə bu qədər nifrət edirsən???”

E.Fətullayevin bu fikirlərinə tanınmış təhsil eksperti Etibar Əliyevin münasibətini öyrəndik. Ekspert jurnalisti “düz danışmamaqda” qınayıb: “Nədənsə Eynulla Fətullayev qadınlara qarşı daha kəskin ifadələr işlədir. Mən bunun dəfələrlə şahidi olmuşam. O, Gövhər xanıma qarşı da ağzını açıb, gözünü yumub. Gövhər xanımın elmi işinin plagiat olması barədə danışmaq üçün azı şərqşünas olmalısan. O ki qaldı Azərbaycan məktəblərindəki təhsilin səviyyəsinə, Eynulla bəy burda da düz danışmır. Bu il 700 bal toplayan 29 abituriyentin heç biri rus bölməsinin məzunu olmayıb. Əgər rus bölməsinin abituriyentləri bunu bacarmayıbsa deməli əksinə, rus bölməsindəki müəllimlər və dərsliklərdə problem var”.

E.Əliyev deyib ki, məktəblərdə müəllim yerlərinin 8 min manata satılması da böhtandır. “İndi bizim də iştirak etdiyimiz müəllimlərin işə qəbulu imtahanlarında rüşvət amili tamamilə istisna olunur. 8 min manata müəllimin işə qəbulu məsələsi yəqin ki, Eynulla bəyin həbsdə olduğu dövrlərə təsadüf edir. Və hamı bilir ki, 2500-dən çox saxta diplomlu müəllimlər məktəbdən kənarlaşdırılıb. Bunu demək lazımdır… Vakant yerlərə müəllimlər şəffaf imtahan yolu ilə qəbul olunurlar. Hər kəsin topladığı ballar da açıqlanır. Son 5 ildə təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər hər iki dildə aparılan təhsilə şamil edilib. Eynulla Fətullayevin təbirəncə desək, təbii fənlər Azərbaycan bölməsində heç də çökmür. Yerli və beynəlxalq fənn Olimpadalarının qaliblərinin də mütləq əksəriyyətinin Azərbaycan bölməsinin şagirdləri olması buna sübutdur. Ancaq biz də hesab edirik ki, hələ görüləsi işlər çoxdur. Və ən əsası odur ki, böhranın qarşısı alınıb. Sonda onu da deyim ki, əslində deputat xanıma bir sözə görə vicdanını itirmək demək heç bir əxlaq qaydalarına sığmır. Azərbaycan dilindəki təhsilə qərəzli böhtan atmaq vicdanını itirməkdir. Əlbəttə ki, söhbət olan vicdandan gedir…”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top