Deputat: "Sonsuzluq ailələrin dağılmasına səbəb olur"

SOSİAL 06 okt 2018, 13:07
“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı bütün işlər yekunlaşıb və onun parlamentin müzakirələrinə çıxarılması vacibdir.
 
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
 
Onun sözlərinə görə, bu məsələ adıçəkilən komitənin payız sessiyası üçün qanunvericilik işləri planında da nəzərdə tutulur:
 
“Bəziləri hesab edir ki, bu barədə tələsməyə dəyməz, amma komitəmizin iclasında da qeyd etdim, indi də qeyd edirəm ki, əslində, tələsmək lazımdır. Bu qanunun təcili müzakirələrə çıxarılması və qəbulu lazımdır.
 
Artıq neçə illərdir ki, bunun ətrafında söz-söhbətlər bitmək bilmir. Cəmiyyət bunun qəbulunu səbirsizliklə gözləyir, xüsusilə, övlad sarıdan, yəni, sonsuzluqdan əziyyət çəkən ailələr. Az qala hər gün bu haqda soruşulur, müraciətlər edilir ki, qanun nə vaxt qəbul olunacaq... Çünki sonsuzluq, övlad dünyaya gətirə bilməmə sonda ailələrin dağılmasına gətirib çıxarır. Ona görə də ailələrin dağılmasına imkan vermək olmaz”.
 
M. Quliyev xatırladıb ki, qanun layihəsində mübahisə yaradan iki məsələ - “surroqat ana” və “donor bank” məsələsi də artıq oradan çıxarılıb. 
 
“Buna daha çox Qafqaz Müsəlmanları İdarəsi (QMİ) etiraz edirdi, onlar da artıq öz müsbət mövqelərini bildiriblər, yəni, mübahisələrə səbəb olan məsələlər aradan qaldırılıb. Bundan sonra artıq nəyi gözləyirik?!
 
Hesab edirəm ki, bu sessiyada büdcə müzakirələri daha çox yer tutsa və vaxt aparsa da, onu komitəmizdə, sonra isə plenar iclaslarda müzakirələrdən keçirib, qəbul etməliyik. Çox güman ki, belə də olacaq”, - deyə M.Quliyev əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top