Deputatın “Qarabağ azad olunsun, rus qoşunu gəlsin” tezisi etirazlar doğurdu

SİYASƏT 01 okt 2018, 17:41

“Rusiya ilə birləşdiyimiz bütün dönəmlərdə itirmişik. Nə zaman Rusiyaya doğru addım atılıb, Rusiya rəhbərliyi ilə və Rusiyanın dominantlığı ilə birliklər qurulub, Azərbaycan orda təmsil olunub, biz itkilərlə üzləşmişik”.

 

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bunu həmkarı, BAXCP sədri Qüdrət Həsənquliyevin “Lazımdırsa burada Rusiyanın hərbi bazaları yerləşdirilsin. Yəni Azərbaycan öz dövlət müstəqilliyindən imtina etməmək şərti ilə bir çox suveren hüquqlarından Qarabağ naminə güzəştə gedə bilər” fikirlərinə münasibət bildirərkən söyləyib. İ.Ağazadə “Yeni Müsavat”a deyib ki, Rusiya təhlükəsini nəzərə alıb tarixi düzgün analiz etmək lazımdır: “Rusiyanın olduğu yerdə, Rusiya ilə olduğumuz birliklərdə, hətta bəri başdan qazanacağımız kimi görünə biləcək Qarabağ məsələsi olarsa və desələr ki, gəlin Gömrük İttifaqına qoşulun, hökmən hesablamaq lazımdır ki, bu birliyin dünyanın ümumi gedişatında demokratikliyə, şəffaflığa və inkişafa söykənməyəcək. Çünki Rusiyanın olduğu birliklər buna uyğun deyil, demək dağılacaq. Dağılanda da biz qazandığımızın üç misli qədərini də itirəcəyik. Yəni ayrılanda üç Qarabağ itirəcəyik. Ona görə də bunu göz anına almaq lazımdır. Rusiyadan nə qədər uzaq olacaqsansa, Rusiya ilə bir çətir altında olmayacaqsansa, müstəqilliyini və ərazi bütövlüyünü o qədər qorumağa imkanın olacaq. Bu reallığı qəbul etmək lazımdır”.

 

İ.Ağazadə düşünmür ki, Rusiya ilə bir yerdə olacağımız təqdirdə Qarabağ məsələsini həll etmək mümkün olacaq: “Qarabağ məsələsinin həlli Rusiyasız Cənubi Qafqazdan keçir. Nə qədər ki, Rusiya Cənubi Qafqazdadır, bizim edə biləcəyimiz bir şey yoxdur. Nə qədər ki, bu üç respublikanın Cənubi Qafqaza yönəlik ümumi siyasətini müəyyənləşdirən bir xarici siyasət doktrinası və regionun inkişafına vahid yanaşma planı olmayacaq, Cənubi Qafqazda vəziyyət ürəkaçan olmayacaq”.

 

İstiqlalçı deputat Vahid Əhmədov bildirdi ki, millətini, dövlətini sevən, Azərbaycanın müstəqilliyini istəyən insan heç vaxt rus qoşununun Azərbaycana gəlməsinə razılıq verə bilməz: “Çünki 1992-93-cü illərdə rus ordusunun burdan necə, hansı şərtlər altında, əzab-əziyyətlə çıxarıldığı hamının gözü qarşısında olub. O vaxt Qüdrət Həsənquliyev özü də Prezident Aparatında işləyirdi. Bir müddət öncə də cənab İlham Əliyevin tapşırığı ilə Qəbələ RLS tamamilə ləğv edildi. Azərbaycan müstəqil dövlətdir, dövlət başçısı müstəqil siyasət aparır. İkincisi də əgər Qarabağı almaqdan söhbət gedirsə, 23 ildir Qarabağ onlardadır, qaytaraydılar da, burda nə problem var idi. Yəni qoşunların Azərbaycanda yerləşdirilməsinin əvəzinə Qarabağın qaytarılması xülyadır. Bunlar hamısı Gömrük İttifaqı və Avrasiya İttifaqının başındadır ki, ora Azərbaycanı necə daxil etsinlər. Bunun üçün min cür vədlər də verilə bilər. Azərbaycan dövlətinin xarici siyasətini dövlət başçısı müəyyən edir və parlament onu təsdiqləyir. Dövlət başçısı da bir neçə dəfə öz mövqeyini açıqlayıb. Düzdür, Krım hadisələrindən sonra SSRİ-nin bərpası ilə əlaqədar söz-söhbət gedir, amma mən hesab edirəm ki, strateji cəhətdən bunlar qəbuledilməzdir. Hələ çox böyük hadisələr ola bilər. Lakin mən onun tərəfdarı deyiləm ki, rus hərbi bazaları Azərbaycanda yerləşdirilsin. Mən tam bunun əleyhinəyəm və qəbuledilməz sayıram. Azərbaycanın müstəqilliyini sevən, bu dövlətin gələcəyini düşünən insan, əlbəttə ki, Azərbaycanı daim müstəqil görmək istəyəcək”.

 

ADP sədri Sərdar Cəlaloğlu isə BAXCP sədrini Azərbaycanın müstəqilliyinə və suverenliyinə zidd mövqe tutmaqda ittiham edib.

 

Mövzu və ünvanına səslənən ittihamlarla bağlı “Yeni Müsavat”a danışan Qüdrət Həsənquliyev isə dedi ki, bəziləri müsahibənin geniş variantını oxumayaraq, sadəcə, bəzi media orqanlarında kontekstdən çıxarılan fikirlərə baxıb mövqe bildiriblər: “Tutaq ki, hansısa qərəzli jurnalist soruşur ki, filankəs deyib qoşunlar gəlsin bura. Ən azı ağlı başında olan adamlar düşünməlidir ki, xeyir ola, milli azadlıq hərəkatının önündə olan şəxslərdən biri durub deyir rus qoşunu Azərbaycana gəlsin? Mən Sərdar Cəlaloğluna zəng edib soruşdum ki, müsahibəni oxumusan? Deyir hə, əvvəllər oxumuşam. Dedim söhbət mənim axırıncı müsahibəmdən gedir. Müsahibəni oxumayıb ki, mən hansı şərtlər altında rus qoşununun Azərbaycana gəlməsini mümkün sayıram. Mən bu gün də o fikirdəyəm ki, Dağlıq Qarabağ və 7 rayonun, ölkənin 20 faiz torpağının xətrinə buna razılaşa bilərik.

 

Qəbələdə rus qoşunu var idi, o, nəyə mane oldu? Guya Rusiya qoşunu burada olanda Rusiyanın Azərbaycanı işğal etməsi daha asan olacaq, ancaq rus qoşunu burda olmasa, Azərbaycana təcavüz edə bilməyəcək. Bu, anormal yanaşmadır. Rusiya əgər Azərbaycana qoşun yeritmək istəsə, istədiyi bəhanəni tapacaq. Hələ gedib kimsə yalvarsın ki, Rusiya Qarabağın azadlığı naminə Azərbaycanda baza qurmağa razılaşsın. Razılaşmayacaqsa da Azərbaycan öz hərbi potensialını artırmalı, siyasi, iqtisadi islahatlar aparmalı, siyasi sistem gücləndirilməli, ölkədə milli birlik olmalıdır. Biz əlverişli beynəlxalq şəraitin yaranmasını gözləməliyik ki, o zaman torpağımızı azad edək". Q.Həsənquliyev hesab edir ki, indi müharibə etmək böyük faciələrə gətirib çıxara bilər: “Avropadan, Amerikadan da dəstək gözləmək gülməli söhbətdir. 

 

Çünki onlar Ermənistana yox, Azərbaycana təzyiq edirlər ki, Dağlıq Qarabağda referendum keçirtməyə razılıq verin”. BAXCP sədri deyir ki, Rusiya Qarabağın azad olunacağına yüz faiz təminat verəcəyi halda Bakı onun təşəbbüsləri ilə bağlı hansısa addımlar ata bilər: “İkitərəfli sazişlər imzalamalı və Rusiya üzərinə öhdəlik götürməlidir ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Moskva Ermənistandan qəti şəkildə tələb etməlidir ki, işğal etdiyin torpaqlardan dərhal geri çəkil. Yalnız bu şərtlər daxilində Azərbaycan güzəştlərə gedə bilər. Yoxsa mən demirəm ki, Rusiya gəlib girsin bura, baxaq görək onun Qarabağ məsələsinə xeyri olacaq, ya yox. Bəziləri özünü məqsədli şəkildə gizliyə qoyub, bəziləri də qərəzdən mənim kontekstdən çıxarılmış fikirlərimi yayır ki, ”Qüdrət Həsənquliyev deyir rus qoşunu Azərbaycana gəlsin". Gərək son dərəcədə əxlaqsız və vicdansız olasan ki, mənim haqqımda belə fikirlər söyləyəsən".

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top