"Bundan sonra danışıqlar prosesində Azərbaycanın əli daha güclü olacaq" — Politoloq

GÜNDƏM 17 fev 2020, 18:39

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri keçirilib.


Regionun siyasi gündəminin əsas müzakirəsi hesab olunan Münhen Təhlükəsizlik Konfransı ölkə başçısı İlham Əliyevin Ermənistanın baş nazirinə verdiyi sillə kimi tarixi cavabları ilə yadda qalıb.

 

Bununla bağlı Sonxeber. az-a danışan politoloq Qabil Hüseynli baş tutmuş debatın ölkə Prezidenti İlham Əliyevin intellektual iştirakı ilə maraqlı keçdiyini açıqlayıb:

 

"Debat çox maraqlı keçdi. Onu maraqlı edən də Prezident İlham Əliyevin debatda yüksək səviyyəli intellektual çıxışı idi. Debat zamanı Prezident siyasi səriştəsini, intellektual səviyyəsini, tarixi biliklərini, Ermənistan və Azərbaycan arasındakı münaqişənin tarixi köklərinə münasibətini yüksək səviyyədə ifadə etdi".


Prezidentin çıxışının əksinə olaraq Ermənistan tərəfi nüməyəndəsinin ən sadə məsələlərdə çaşıb qaldığını müqayisə edən politoloq Qabil Hüseynli erməni Baş nazirin nə qədər savadsız və tarixi biliyinin olmamasını bildirib:


"Hətta Ermənistanın baş naziri bu debatda yalana belə əl atdı.


Zənnimcə bu debat Azərbaycan xalqının işğalçılardan əsgərlərini çıxarmasını tələb etdiyini bir daha göstərdi. Bu debatla ölkə başçısı İlham Əliyev yüksək siyasi iradəyə və bu məsələnin müsbət beynəlxalq hüquq normalarına uyğun həll edilməsində ardıcıl və barışmaz mövqeyə sahib olduğunu göstərdi".


Politoloq debatın dünya ictimaiyyətinin fikrinə təsirindən də danışıb. O, artıq neçə illərdir ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətində olduğunu vurğulayıb:


"Problemə baxışda bildirim ki, son 3-4 ildə əsaslı dəyişikliklər baş verib. Avropa Birliyi, NATO-nun Zirvə Sammitləri, Avropa Şurası, Qərbin böyük dövlətləri, hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Həmin dövlətlər nəinki qondarma Dağlıq Qarabağ Respublikasını qəbul etmir, eyni zamanda Qarabağı artıq Azərbaycanın tərkib hissəsi kimi qəbul edirlər".


Qabil Hüseynli həmçinin ölkə Prezidenti İlham Əliyevin debatda tarixi faktlarla məsələnin anatomiyasını aça bilməsi, bunun fövqündə onunla bir masa arxasında əyləşmiş Ermənistan Baş nazirinin yazıq bir görkəmdə çaş- baş qalması və belə fikirlər səsləndirməsinin dünya ictimai rəyinə təsir edəcəyini də bildirib:


"İndiyədək dəyişmiş mövqe daha da möhkəmlənəcək, bundan sonra danışıqlar prosesində Azərbaycanın əli daha güclü olacaq. Dünya Azərbaycanın ərazi bütövlüyü məsələsində tərəddüd göstərməyəcək. Bu məsələ həm də münaqişənin həlli ilə məşğul olan ATƏT-in mövqeyinə də təsir edəcək. Danışıqlar prosesinin bundan sonra konstruktiv olması ehtimalı artır. Ermənistan əgər baş verənlərdən ciddi nəticə çıxarmasa, məsələnin hərbi yolla çözülməsi variantı da gündəmdə öz əhəmiyyətini saxlayacaq".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top