"Avropa Şurası tərəfindən Azərbaycana qarşı qətnamələrin qəbulu əsassızdır" — Politoloq

SİYASƏT 06 fev 2020, 19:30

Avropa Şurası uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Şura Avropa ölkələrində baş verən hadisələri sanki görmür, göz yumur, bizə gəldikdə isə nağıl danışır, şərtlər diqtə edir, hansısa qətnamələr ortaya çıxarır.


Bunu Trend-ə politoloq Fikrət Sadıqov deyib.


O bildirib ki, bir sıra Avropa ölkəsində ciddi hadisələr baş verir: “Elə “sarı jiletlər”i götürsək, görərik ki, o insanlardan nə qədəri döyülür, xəsarət alır, cinayət məsuliyyətinə cəlb olunur. Digər ölkələrdə də buna bənzər hadisələr baş verir. Ancaq Avropa Şurası onlara göz yumur. Bu baxımdan Avropa Şurası tərəfindən Azərbaycana qarşı qətnamələrin qəbul olunması əsassızdır”.


F.Sadıqovun sözlərinə əsasən, Ermənistanda jurnalistləri, siyasətçiləri həbs edirlər, işgəncələr verirlər: “Ancaq bunlara göz yumulur. Bu kimi ikili standartları Azərbaycan qəbul edə bilməz. Hesab edirəm ki, bütün bunlar Azərbaycana qarşı qərəzli, subyektiv, ədalətsiz mövqedir. Belə mövqe sərgiləmək Avropa Şurasının imicinə zərbədir.


AŞ PA-da fəaliyyət göstərən nümayəndə heyətləri, bir sıra dövlətlərin səlahiyyətli şəxsləri bunu başa düşməlidirlər. Azərbaycana qarşı qərarlar qəbul edərkən gözlərini açıb, öz ölkələrində baş verənlərə baxsınlar”.


Politoloq əlavə edib ki, Avropa Şurası və ikili standartlarla çıxış edən digər təşkilatlar obyektivlikdən uzaq düşdükləri təqdirdə, nüfuzlarını itirməyə məhkumdurlar:


“Əgər bu kimi təşkilatlar obyektivlikdən uzaqdırlarsa, qərəzli mövqe sərgiləyirlərsə, deməli, mənasız fəaliyyətlə məşğuldurlar. Kimə lazımdır belə təşkilat? Məsələlərə subyektiv yanaşan, kimlərinsə sifarişi ilə qərarlar qəbul edən təşkilatlar, əlbəttə ki, heç kimə lazım deyil. Elə bu səbəbdən qəbul olunan qətnamələr sonda lazımsız kağız parçasına çevrilir”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top