"AXC-Müsavat dövründə kənd təsərrüfatına ağır zərbələr vurulmuşdu" — Xocalının deputatı

ŞOU-BİZNES 20 dek 2019, 18:03

"AXC-Müsavat hakimiyyəti dövründə yol verilən böyük səhvlər və onun ağır fəsadları sonrakı illərdə də bizə problemlər yaratdı. Çünki AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanda kənd təsərrüfatına ağır zərbələr vurulmuşdu, bütün təsərrüfatlar dağıdılmışdı". 


Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisinin V çağırış deputatı, Xocalının keçmiş icra başçısı Elman Məmmədov bildirib. 


Elman Məmmədov deyib ki, AXC-Müsavat hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində kəndlilərin torpaqdan istifadə vərdişləri unudulmuşdu və Azərbaycanda kənd təsərrüfatı ölü sahəyə çevrilmişdi:


"Yalnız Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanda bütün sahələr kimi, kənd təsərrüfatı da sürətlə inkişaf etməyə başladı. Hələ Ulu Öndərin birinci dəfə Azərbaycana rəhbərliy etdiyi dövrlərdə pambıqçılıq və üzümçülüyə çox böyük diqqət var idi. Azərbaycanda bu sahələrdə sürətli inkişaf və yaxşı göstəricilər əldə olundu. Hətta, Heydər Əliyevin Azərbaycanda birinci hakimiyyəti dövründə kənd təsərrüfatı sahəsində əldə olunan böyük uğurlara görə SSRİ ölkələri arasında yüksək mükafatlar qazandı". 


O qeyd edib ki, kənd təsərrüfatı sahəsində qazanılan böyük nailiyyətlər Azərbaycanda əhalinin maddi vəziyyətini də yaxşılaşdırmağa başlayıb:


"Çox təəssüf ki, Qorboçovun SSRİ-yə rəhbərliyi dövründə Azərbaycanda Ulu Öndər Heydər Əliyevin yaratdığı üzümçülük sahələri sürətlə ləğv edilməyə başlanıldı. Yaxşı xatırlayıram, həmin dövrdə Xocalıda Qorboçovun tapşırığı ilə ermənilər bütün üzümçülük sovxozlarını ləğv etmişdilər. Sonrakı illərdə isə bu proseslər 1988-ci ildən başlayaraq Azərbaycanda idarəçilikdə boşluq yaratdı. Müstəqilliyimizin ilk illərində Azərbaycanda kənd təsərrüfatının inkişafına biganə yanaşma var idi. Yadıma gəlir, rəhmətlik Əbülfəz Elçibəy prezident idi. O, televiziya vasitəsilə bir çıxışında elan etdi ki, pambıq əkilib, onun yığılması məcburi deyil, kim istəyirsə pambıq yığmasın və sairə. Bu, çox səhv qərar idi. Yəni, kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafına tələbsizlik və bu cür yanaşma rayonlarda kütləvi işsizliyə gətirib çıxardı. Əkin sahələri istifadəsiz qalaraq, şoranlığa çevrildi. Bütün bunlar faktlardır və xalqımızın gözü qarşısında baş verib".


E.Məmmədovun sözlərinə görə, AXC-Müsavat hakimiyyəti illərində Azərbaycanda pambıqçılıq və digər kənd təsərrüfatı sahələri dövlətin diqqətindən kənarda saxlanılıb:


"Ancaq sonrakı illərdə həm Ulu Öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev qəti mövqe ortaya qoydular ki, biz Azərbaycan iqtisadiyyatının inkişafında təkcə neft-qaz ehtiyyatlarına arxalanmamalıyıq. Eyni zamanda bütün sahələri, həmçinin kənd təsərrüfatını inkişaf etdirməliyik. Və belə də oldu. Bu gün Azərbaycanda kənd təsərrüfatı dirçəlib və artıq biz xarici ölkələrə məhsul satırıq. Bütün bunlar isə nəticədə Azərbaycan kəndlisinə gəlir gətirir".


Aygün Nəzərli 
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top