Qarabağ münaqişəsi: işğalçı meydan oxuyur, haqlı tərəf susur

GÜNDƏM 29 avq 2019, 10:47

Son dövrlər Qarabağ cəbhəsində müəyyən sakitlik olsa da, erməni tərəfi siyasi ritorika ilə təxribat-provakasiyalarını davam etdirir. Təəssüflə qeyd etəmək lazımdır ki, Azərbaycan tərəfinin bu provakasiyalara cavabı adekvat deyil. 


Demokrat.az-ın xəbərinə görə, bu barədə fikirlərini Reyting.az-la bölüşən politoloq Mütəllim Rəhimli deyib ki, hər ötən gün Dağlıq Qarabağı və işğal edilmiş digər rayonları bizdən daha çox uzaqlaşdırır. 


M. Rəhimli bildirib ki, Dağlıq Qarabağda doğulmayan qarabağlının artıq 24-28 yaşı var, bu da həmin torpaqlara bağlı insanların öz yerlərindən uzaqlaşması, həmin yerlərin unutdurulmasına xidmət edir: "Bir müddət sonra insanlar işğal olunmuş ərazilər haqda yalnız kitablardan, mediadan oxuya, televiziyalarda film izləyə biləcəklər. Hansı ki, indi biz bunu Azərbaycan Demokratik Cümhuriyyətinin itirilmiş əraziləri haqqında eşidirik”.


Politoloq iddia edir ki, Qarabağ probleminin inkişaf dinamikası Ermənistanın xeyirinədir: “Düşünürəm ki, Paşinyanın hakimiyyətə gəlişi ilə Ermənistan Qarabağ məsələsini öz xeyirinə həll etmək üçün onu yeni mərhələyə keçirdi. Belə ki, Ermənistanın Baş naziri Dağlıq Qarabağı özlərinə birləşdirəcəyindən dəm vurur. Özü də bunu Azərbaycanın tərkib hissəsi olan ərazinin mərkəzində deyir. Rəsmi Bakı buna olduqca qorxaqcasına cavab verir. Bu qorxaq mövqe ilə öz torpaqlarımızı işğaldan azad edə bilmərik və həm də bu onu göstərir ki, hakimiyyətin belə bir istəyi də yoxdur. Axı, bizim iqtidar nəyə görə Paşinyandan bu qədər çəkinir? Yoxsa ortada bizim bilmədiyimiz səbəblərmi var?


Bundan əvvəl isə Paşinyan bəyan edirdi ki, Azərbaycan tərəfi danışıqları “Dağlıq Qarabağ”la aparmalıdır, Ermənistanın bu məsələdə heç bir iştirakı yoxdur. Bizim hakimiyyət uzun müddət bu bəyanatın təsiri altında şok keçirdi, vasitəçilərə edilən xahişlərdən sonra Ermənistan danışıqlarda tərəf kimi iştiraka razılıq verdi. Yadınızdadırsa, bunu Azərbaycan diplomatiyasının qələbəsi kimi təqdim etməyə çalışdılar”.


M. Rəhimlinin sözlərinə görə, Ermənistanın Qarabağla bağlı sürətli və avantürüst bəyanat və hərəkətlərini bizimkilər dərk edib vaxtında cavab verə bilmirlər. Nəinki problemlə bağlı özlərinin müstəqil strateji planlarını ortaya qoysunlar. 


Müsahibimiz Ermənistan hakimiyyətinin təxribat-provakasiya xarakterli addımlarına da münasibət bildirib: 


“Paşinyan açıq şəkildə bəyan edib ki, Yerevanın Dağlıq Qarabağ danışıqlarında yürütdüyü diplomatiyanın yekun məqsədi “miatsumdur”. Yəni, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsidir. Paşinyan bundan artıq nə deməlidir ki, bizim hakimiyyət başa düşsün ki, qəti addımlar atmaq və torpaqları azad etmək lazımdır. Paşinyanın bəyanatları indiki hakimiyyətin iqtidara gəldiyi gündən yürütdüyü siyasətin iflasıdır və indiyə qədər səsləndirilənlərin şirin vədlərdən başqa bir şey olmadığını göstərir. Belə çıxır ki, Azərbaycan hakimiyyəti 27 ildir öz sülhpərvər mövqeyi ilə ermənilərin Dağlıq Qarabağı özününküləşdirmək və işğalı legitimləşdirmək siyasətinə qulluq edib. 


Paşinyanın Xankəndinə gələrək orada iddialar ortaya qoyması Azərbaycana qarşı açıq müharibə elanı idi. Ona görə də bu təcavüzkar çıxışa adekvat cavab verilməli idi. Bizimkilər isə təcavüzə sükutla cavab verməyə çalışır, erməni rəhbərlərini şou göstərməkdə ittiham edirlər. Məsələ bundadır ki, insanı onun istəyi danışdırır. Ermənilərin istəkləri bəllidir və danışıqları da buna uyğun gəlir. Ancaq bizim hakimiyyətin son vaxtlar bəyanatları, açıqlamaları, danışıqları müəmmalı və çox qəribədir. Düşünürsən ki, bu açıqlamaların arxasında işğal olunmuş torpaqların azad edilməsi dayana bilməz, hətta həmin torpaqlardan vaz keçildiyi düşüncəsi var. Hakimiyyətin sönük, Ermənistanı arxadan izləyən diplomatiyamız Qarabağ problemini həll edə bilmədiyini və bilməyəcəyini, artıq yorulduğunu göstərir".


Z. ƏHMƏD
Reyting.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top