"Prezidentə doğru informasiyalar verilmir" - Q.Həsənquliyev:

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Redaktor.az-a müsahibəsinin ikinci hissəsini təqdim edirik:

 

 

- Hakimiyyətdə son kadr dəyişikliklərini necə qiymətləndirirsiniz? Yeni kadr dəyişikliklərini Bakının xaricdən yaranan təhlükələrə cavabı kimi anlamaq olarmı?

 

- Ölkə prezidenti zamanın sınağından çıxmış, iqtidar komandasına sadiq, cəsarətli və peşəkar insanları yüksək postlara gətirdi. Son kadr islahatlarını hərə bir cür qiymətləndirə bilər. Fikrimcə, islahatların aparılması üçün zəmin daha da genişləndirilir. Özünü qoruya bilməyən heç bir iqtidar nə dövləti qoruya, nə də islahatları həyata keçirə bilər. Zəif hökumətdə aparılan islahatlar isə xaosa gətirib çıxarar. Çünki bu zaman insanlar iqtidarın siyasi sistemin dəyişdirilməsi istiqamətində atdığı istənilən addımı zəiflik kimi qiymətləndirər, küçələrə axışar və daha çox tələblər səsləndirərlər. Bu da idarəetmənin itirilməsinə və ölkədə xaos və qarşıdurmanın yaranmasına gətirib çıxarar. Azərbaycanda xarici böyük dövlətlərin marağının olmasını unutmamalıyıq. Azərbaycan güclü erməni diasporası və lobbisi ilə üz-üzədir. Onlar Avropada çox böyük imkanlara, böyük dövlətlərin siyasətinə təsir etmək gücünə sahibdirlər. Bir faktı xatırladım. 1992-ci ilin dekabr ayında ermənilər bizə qarşı ərazi iddiası irəli sürmüşdü, müharibə edirdilər. Ancaq ABŞ-da həmin il ”Azadlığa dəstək" aktına 907-ci düzəlişi ləğv etdi və Azərbaycana dövlət yardımını qadağan etdilər. Bu faktın özü də göstərir ki, müharibə başlayanda işğala məruz qalan biz olsaq da, sanksiyalar da bizə tətbiq olunurdu. Özü də bu Elçibəyin dönəmində baş vermişdi. Elçibəy çox böyük demokrat idi. Yəni ABŞ bu zaman demokratiya haqqında düşünmədi. Sadəcə həmin vaxt onlar Fransada, ABŞ-da güclü lobbisi olan xristian Ermənistanın qalib gəlməsinin və müsəlman dövlətinin torpağını işğal etməsinin marağında idilər.

 

- Belə çıxır ki, hökumət ciddi proseslərə hazırlaşır?

 

- Keçirilən islahatlar Azərbaycanı gücləndirəcək. Ölkəmiz hazırda idxaldan asılı vəziyyətdədir. Azərbaycana idxal olunan məhsulların çox cüzi hissəsi ölkəmizin özündə istehsal olunur. İstehlak təlabatımızın çox hissəsi xaricdən idxal olunur. Ölkəmizdə çox az sayda məhsul istehsal olunur və bu məhsul ölkənin təlabatının çox cüzi hissəsini təmin edir. Ölkəmiz yalnız neft satır. İxracatın 98%-i neft və neft məhsullarıdır. Belə olan halda hansı qeyri-neft sektorunun sürətli inkişafından danışmaq olar?! Ona görə də, Azərbaycanda islahatları davam etdirmək lazımdır.

 

- İslahatlar daha da dərinləşəcəkmi?

 

- Kadr islahatlarının olması vacibdir. Yeni kadrlar nəzərdə tutulan islahatları həyata keçirməlidir. Bu o demək deyil ki, təcrübəli kadrlardan imtina edilməlidir. Təcrübəli kadrlar ölkədə iqtidara ictimai dəstəyi təmin etməklə neqativ təsirin qarşısını almalıdırlar.

 

Real olaraq, bank sistemi yenidən qurulmalıdır. Mərkəzi Bankın rəhbərliyi elə düşünür ki, onun işi yalnız manatın kursunu sabit saxlamaqdır. Yəni məsələlərə bu qədər dar prizmadan baxan bir adam bank sistemini yenidən qura bilməz və qura da bilmir. Dünyanın hər yerində bank sistemi ölkənin iqtisadiyyatının qan-damar sistemidir. Yəni bizim başımıza, qolumuza, ayağımıza qan getməsə, həmin  hissə qanqrena olar, çürüyər və insan ölər. Dünyanın heç bir yerində şirkətlər öz puluyla işləmir. Şirkətlər ya özlərinə bankları şərik edirlər, ya da aşağı faizlərlə kredit götürürlər. Ancaq Azərbaycanda bunun üçün şərait yoxdur. Azərbaycanda faktiki olaraq bank sistemi çöküb. Ölkədə sahibkarlar üçün çox əlverişli şərait yaradılmalıdır. Sahibkarlar yerli icra hakimiyyəti başçılarına rüşvət vermədən heç bir iş görə bilmir. Hətta öz torpağında belə bir iş görmək üçün sahibkarlardan rüşvət istəyirlər. Adi bir sənədi rüşvətsiz almaq problemə çevrilib.

 

Digər tərəfdən, məhkəmə-hüquq sistemində islahatlar aparılmalıdır, hansı ki, bununla bağlı Prezident İlham Əliyevin sərəncamı var. eyni zamanda böyük özəlləşdirməyə gedilməlidir. Azərbaycanda səhmdar cəmiyyətlərin sayı həddən artıq çoxdur. Hesabalama Palatasının rəyində də qeyd olunmuşdu ki, onların cəmi 3 milyon yarım vergi verməsi nəzərdə tutulsa da, bu məbləğin sadəcə 50%-ni ödəyə biliblər. Bu səhmdar cəmiyyətlər faktiki olaraq dövlətə vergi ödəmir, dövlət bunları niyə saxlasın?!

 

İqtisadiyyatımız yenidən qurulandan, məhkəmə-hüquq sistemində ciddi islahatlar aparılandan sonra siyasi islahatlar dərinləşdirilməlidir. Bunun üçün ölkədə prezidentin inandığı, güvəndiyi Daxili İşlər naziri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi olmalıdır ki, bu qədər böyük, qlobal proseslər baş verərkən xaos yaranmasın, sabitlik pozulmasın. Bu günə qədər görülən işlər islahatların dərinləşdirilməsinə zəmin yaradır.

 

- Yanvar ayından etibarən ölkədə çox ciddi struktur islahatları gedir. Bu islahatların davamı kimi gələcəkdə baş nazir postunun da ləğv edilib birbaşa prezidentə tabe olması ehtimalı varmı?

 

- Vaxtı ilə konstitusiyaya dəyişiklik ediləndə bu proses elə sürətlə həyata keçirildi ki, geniş ictimai müzakirələrdən keçmədi. Sonuncu konstitusiya dəyişiklikləri hətta heç parlamentdə də müzakirə edilmədi. Vitse-prezidentlik institutu yaradılanda mən dedim ki, əvvəla Azərbaycanda bir vitse-prezident olmalıdır. Bu konstitusiya layihəsi dərc olunandan sonra buna münasibət bildirmişdim.

 

Onun arxasınca söyləmişdim ki, əgər vitse-prezidentlik institutu yaradılırsa, baş nazir postu, ümumiyyətlə, Nazirlər Kabineti ləğv olunmalı və hökumət birbaşa prezidentə tabe olmalıdır. Baş nazir, onun müavinləri büdcə üçün artıq xərclərdir. Biz idarəetmə xərclərini azaltmağa çalışmalıyıq. Məmurların sayını azaltmaqla, onların maaşlarını digər işlərə yönəltmək lazımdır. Az məmur ordusu ilə daha çox iş görmək, həmin məmurları daha yaxşı maaşla təmin etmək lazımdır. Bu məsələni zamanında da demişdim. Bu gün də fikrimdə qalıram. Zaman da mənim haqlı olduğumu sübut etdi. Gördüyünüz kimi I vitse-prezident təyin olunandan sonra digər vitse-prezidentlər təyin olunmadı. Buna ehtiyac da yoxdur. Praktik həyat mənim nə dərəcədə haqlı olduğumu göstərdi. İkincisi, Azərbaycanda Baş nazirlik institutu bu gün formal qurumdur. Hamı bunun fərqindədir. Bu qurum heç nəyi həll etmir, heç bir səlahiyyəti və təsir imkanları yoxdur. Əlavə postdur və bu qurumun saxlanılması büdcə üçün əlavə xərcdir. Düşünürəm ki, zamanla bu qurum ləğv olunacaq.

 

Ümumiyyətlə, prezident üsul-idarəsi üçün söyləmişdim ki, vitse-prezidentlik instututu yaradılırsa, Nazirlər Kabineti ləğv olunmalıdır. Amma bizim kimi demokratik ənənələrin olmadığı və Şərq mentalitetinin daşıyıcısı olan, Şərq despotizmini yaşamış xalqlarda ən mütərəqqi idarəetmə üsulu parlamentli respublika modelidir. Biz uzun illərdir bunu təbliğ edirik və Azərbaycan da buna keçməlidir. Artıq qonşu – Gürcüstan, Ermənistan parlamentli respublikaya keçib. Çox təəssüflər olsun ki, Türkiyə geriyə bir addım ataraq parlamentli respublikadan prezident üsul-idarəsinə keçid etdi. Amma əminəm ki, zamanla onlar da yenidən parlamentli respublika modelinə geri dönəcək. Azərbaycanda da daha yaxşı olardı ki, bu modelə keçilsin.

 

Azərbaycanda yeni konstitusiyanın qəbuluna çox böyük ehtiyac var. Konstitusiyaya 3 dəfə dəyişikliklər edilib. Amma bu dəyişikliklərə baxmayaraq, yeni konstitusiya qəbul olunmalıdır.

 

- Məmurların gəlir deklarasiyası məsələsi uzun zamandır gündəmə gəlmir. Buna səbəb nədir?

 

- Bununla bağlı qanun qüvvədə var. Amma bu qanunun praktikada tətbiqi ilə bağlı müvafiq qərar qəbul edilməyib. Hüquqi islahatların gedişində iqtidar bu məsələni də gündəmə gətirəcək və problem həllini tapacaq.

 

- Bundan öncə bəzi keçmiş məmurlar çıxışlarında prezidentin ətrafında ona yalan məlumat ötürən şəxslərin varığına işarə vururdular. Siz bu fikirləri necə dəyərləndirirsiniz? Həqiqətən elə şəxslər varmı, varsa onlara qarşı necə mübarizə aparmaq lazımdır?

 

- İdarəetmə şəffaflaşdırılmalıdır. O zaman belə halların olma ehtimalı azalacaq və bu hal baş versə belə, dərhal ifşa olunacaq. Prezident daha çox mənbədən informasiya almalıdır. Bütün dövrlərdə prezidentin yaxın ətrafı çalışır ki, onun yanında olan dairəni məhdudlaşdırsınlar, qapatsınlar. Yəni bu halda prezident yalnız məhdud sayda insanlardan informasiya alır. Hətta həmin dairəyə yeni kimsə daxil olmaq istəyəndə belə həmin adamı ləkələyib uzaqlaşdırırlar. Bir çox hallarda həmin dairənin üzvləri öz aralarında razılaşıb yanlış informasiyanı prezidentə ötürə bilirlər. Prezident çox vaxt həmin şəxslərin arasında hansısa rəqabətin olduğunu düşünür. Ancaq reallıqda onlar bu formada özlərini göstərir, öz aralarında olan razılaşmaya əsasən informasiyaları ötürürlər. Sadəcə hansısa informasiyanın prezidentə yanlış verilməsi ilə bağlı əlimdə konkret fakt yoxdur. Amma sizi tam əmin edirəm ki, bir siyasətçi kimi prosesləri təhlil edəndə bəzi məsələlərlə bağlı prezidentə doğru informasiyaların verilmədiyi qənaətinə gəlirəm. Prezidentin sonradan qəbul etdiyi qərarlar da mənim düşüncələrimdə haqlı olduğumu dolayısı ilə təsdiq edir.

 

- İndiki məqamda hakimiyyətə müxalif olanlarla dövlətə müxalif olanları necə ayıraq? Dövlətə müxalif olanların fəaliyyəti ölkəmizi hansı təhlükələrlə üz-üzə qoyur?

 

- Heç kim dövlətə müxalif olduğunu deməz. Hamı hakimiyyətə müxalif olduğunu iddia edir. Hökumətə müxalif olduğunu iddia edən insanların fəaliyyətindən dövlət ziyan çəkirsə, həmin insanlar iqtidara yox, dövlətə qarşı müxalifdirlər. Məsələn, bu gün sosial şəbəkələrdə ağzı köpüklənə-köpüklənə inqilab çağırışı edən bəzi adamlar əslində iqtidara qarşı müxalifət deyil. Ona görə ki, onların bəziləri həqiqətən də gerizəkalı və şizofrenikdirlər. Çünki dərk etmirlər ki, inqilab nə deməkdir və baş verə biləcək inqilab hansı faciələrə yol aça bilər. Liviya bu gün göz önündədir. Orada bu gün vətəndaş müharibəsi gedir, bir çox ölkələr açıq və gizli şəkildə tərəflərə bir-birini qırması üçün hərbi yardım edirlər. Yəni Azərbaycanda da bu çağırışlar reallaşsa, çox ağır nəticələri ola bilər. Buna görə də haqlı olaraq, bu çağırışları edən qüvvələri dövlətə müxalif qüvvə adlandırmaq lazımdır. Çünki onların fəaliyyətindən dövlətimiz çox böyük ziyan görə bilər.

 

Mən özümü iqtidara müxalif qüvvə hesab edirəm. Xalqı narahat edən elə bir məsələ yoxdur ki, onu parlamentdə gündəmə gətirməyim. Sadəcə olaraq, çıxışlarımda reallıqları, xalqımızın inkişaf səviyyəsini, ölkədə siyasi mədəniyyətin durumunu nəzərə alıram. Azərbaycan xalqının xoşbəxt gələcəyinin təmini yuxarıdan edilən islahatlarla ola bilər. Partiyamız başqa partiyalarla birləşib, nə olur-olsun indiki iqtidarı yıxıb hakimiyyətə gəlməyə çalışsa, cəmiyyət böyük qarşıdurmaya gedər və bundan dövlətimiz ziyan çəkər. Buna görə də biz daim iqtidara nöqsanları göstərməklə, hökuməti islahatlara çağırırıq. Məsələn, islahatlar nəticəsində parlamentdə müxalif fraksiyalar yaranmalı, parlamentin imici dəyişməlidir. Parlament ölkədə problemlərin həll olunduğu ciddi bir məkana çevrilməlidir. Bu olan halda insnalar sosial şəbəkələrdə tərbiyəsiz elementlərə qulaq asmaz. Öz problemlərini qaldıran deputatlara qulaq asar, onların polemikalarını dinləyərlər. Bizim istəyimiz budur və bu istiqamətdə çalışırıq.

 

- Nəticə varmı?

 

- Onun üçün zaman lazımdır. Səbrsizlik edib ölkədə ciddi nəticələrə nail olmaq olmaz. Məsələn, bəzi partiyalar qeyri-adekvat, reallıqları nəzərə almadan qərarlar qəbul edirlər, öz tərəfdarlarının həbsə düşməsinə səbəb olurlar. Onların həbs olunması ilə Azərbaycan cəmiyyətində demokratiya bir az da olsa inkişaf etmiş olsaydı, onları haqlı saya bilərdim. Ancaq onların bu addımları ilə demokratiya inkişaf etmir, əksinə, qorxu mühiti bir az da güclənir və demokratik proses bundan ziyan çəkir. Həmin qüvvələr sadəcə xaricdən daha çox pul almağa hədəflənən addımlar atırlar.  Xaricdəki ermənipərəst qüvvələr, ayrı-ayrı ölkələrdəki ermənilərin himayə etdikləri QHT-lər bu qüvvələrə daha çox vəsait ayırsın deyə, onlar öz tərəfdaşlarının həbsə düşməsinə çalışırlar. Siyasi məhbus sayı çox olan partiyalar xaricdəki qüvvələrdən daha çox dəstək ala bilir. Bu adamlar heç vaxt düşünmür ki, həbsdə olanların ailələrini məhrumiyyətlərlə üz-üzə qoyurlar. Bundan isə cəmiyyət heç nə qazanmır. Hesab edirəm ki, cəmiyyət bundan uduzur. Ona görə də həmin qüvvələr verdikləri radikal qərarları bir kənara qoymalıdır. Biz ümumiyyətlə, cəmiyyətdə elə ab-hava yaratmalıyıq ki, iqtidarın islahatları dərinləşdirməkdən başqa yolu qalmasın. Doğru yol budur. Bizim yolumuz fərqlidir.

 

- İslahatların dərinləşdirilməsinin vacibliyindən söz açdıq. Amma elə ölkələr var ki, orada islahatlar əks nəticə də verə bilir. Bu risk Azərbaycan üçün də varmı?

 

- Birmənalı şəkildə deyirəm ki, risk hər zaman var. İslahatların aparılması xaos riskini də hər zaman özündə saxlayacaq. Amma bu təhlükə var deyə biz islahatlardan imtina edə bilmərik. Bu zaman ölkə inkişafdan qalacaq və bu, cəmiyyətin gələcəyi üçün daha böyük təhlükələr yaradacaq. Yəni gələcəkdə Liviyanın gününə düşməyimiz üçün daha böyük perspektivlər açılacaq. Ona görə də islahatların aparılmaması aparılmasından daha təhlükəlidir.  Buna həmin ermənipərəstlər, iqtidarın daxilindəki öz postlarını itirmək qorxusu keçirən məmurlar və xaricdə Azərbaycanın güclü dövlət olmasını istəməyən qüvvələr çalışacaq.  

 

- Niyə onlar islahatların dərinləşdirilməsində maraqlı deyil?

 

- Onlar Azərbaycanın Ermənistanla müharibə şəraitində olmağından da istifadə edərək, burada Türkmənistan kimi dövlət formalaşdırmaq istəyirlər. Yəni bu baş versə, dövlətin başı daxili problemlərə qarışacaq. İslahatlar dərinləşsə, Azərbaycan güclü dövlət olacaq, güclü dövlət isə işğal faktı ilə heç vaxt barışmır. Çoxları fikirləşir ki, Qərb burada demokratiyanın inkişafında, Azərbaycan iqtisadiyyatının yüksəlməsində maraqlıdır, ancaq onlar yanılır.  

 

Demokrat.az 

5 İyul 2019, 16:01   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß