"Cinsi azlığın nümayəndələrinə həmişə müsbət yanaşmışam" — AZAL-ın işdən qovduğu əməkdaşı transseksualdan üzr istədi

GÜNDƏM 29 may 2019, 19:07

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı sərnişinin şəxsi informasiyasını yaydığı üçün üzr istəyib. 


Demokrat.az xəbər verir ki, bu barədə aviaşirkətin işdən çıxarılan əməkdaşı Nazilə Muradova Facebook səhifəsində paylaşım edib.


Nazilə Muradovanın statusunu olduğu kimi təqdim edirik: 


"Hər vaxtınız xeyir.


Baş vermiş hadisə ilə bağlı post paylaşmag istəyirəm.


25 may 2019-cu ildə Facebook səhifəmdə bir vətəndaşın şəxsiyyət vəsiqəsi mənim tərəfimdən paylaşılmışdır və bir müddət sonra onu silmişəm. Qəbul edirəm ki, mənim tərəfimdən edilmiş bu davranış etik baxımdan düzgün deyildi, bunu etməkdə heç bir hüquqa sahib deyildim. Səbəb olduğum bu xoşa gəlməz hadisədə öncəliklə o insandan, cəmiyyətimizdən və həmçinin Azərbaycan Hava Yolları şirkətindən çox üzür istəyirəm. Düşünülməmiş bu yalnış davranışıma görə cəzamı aldım.


Qeyd etmək istəyirəm ki, heç vaxt buna oxşar, ya bu şəkildə paylaşmalar etməmiş və cinsi azlıqlara qarşı çıxış etməmişəm. Məni tanıyan insanlar bilirlər ki, cinsi azlıqda olan insanlara qarşı həmişə müsbət yanaşmışam.


Bu məsələni bu şəkildə sosiallaşdıran, o vaxt üçün dostluğumda olan, adını çəkmək istəmədiyim şəxsə müraciət etmək istəyirəm. Şəxsi məlumatı paylaşdığım insanı qorumaq sənin vətəndaşlıq haqqındır və əgər sənin niyyətin mənim bu davranışımı qınamaq idisə, bunu başqa yolla edə bilərdin. Lakin bundan sensasiya yaratmağı seçdin. Nəticədə məndən başqa iki insan işdən azad edildi. Həmçinin də Azərbaycan Hava Yollarının reputasiyası qaralandı. Ümumi cəmiyyətimiz, hər birimiz qəbul edilmiş ve müvəfəqiyyətli şəxsiyyət olmaq istəyirik. Lakin nece və hansı yollarla? Bu günki günümüzdə yaxşıya da, pisə də yer var. Həyat belə qurulub. Təəssüf ki, bu insan yaxşılığı tez unudub. Hansı ki, mənim ailəm onun çətin vaxtında ona dəstək olmuşdu. Tanrı hər birimizin hakimidir.


O ki, qaldı müxtəlif xəbər portallarında və facebook səhifələrində mənim şəxsi şəkillərimin paylaşılmağına, sizin bu davranışınızın mənim etdiyimlə nə fərqi oldu? Siz bir insanın hüquqlarını qorumaq məqsədi ilə başqa insanın hüquqlarını heçə saydınız. Bu cür paylaşımlardan sonra, mən və ailəm təhdid və təhqiredici mesajlar almağa başladıq. Bu məsələni bu dərəcəyə gətirən "dost", sənə ayrıca "minnətdaram".


P.S. Bir daha üzümü tutub hər birinizin anlayışınıza sığınaraq qeyd etmək isteyirəm ki, hər kəs səhv edə bilər". 


Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) əməkdaşı Nazilə Muradova və digər 2 əməkdaşı sərnişinin şəxsi məlumatlarını paylaşdığı üçün dərhal işdən azad olunublar.


Bununla bağlı məlumatı AZAL yayıb.


“Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradovanın sosial şəbəkələrdə etdiyi paylaşım cəmiyyətimizdə rezonans doğurub və bununla əlaqədar olaraq, aviaşirkət tərəfindən dərhal daxili araşdırma aparılıb. Araşdırmanın yekunlarına əsasən məlum olub ki, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Nazilə Muradova və digər iki əməkdaş sərnişinin şəxsi məlumatlarını paylaşaraq ciddi səhvə yol verib. (BAKU.WS)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top