"İnternat məktəbində uşaqların döyülməsi və təhqir olunması iddiaları araşdırılır" — NAZİRLİK

GÜNDƏM 15 apr 2019, 17:00

Təhsil Nazirliyi Bakının Mərdəkan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində uşaqların döyülməsi və təhqir olunması ilə bağlı iddialara münasibət bildirib.


 
Demokrat.Az xəbər verir ki, nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, internat məktəbi barədə sosial şəbəkədə yazı paylaşan müəllim Leyla Ucal Təhsil Nazirliyinə dəvət edilib və məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək.

 

Məlumata görə, məsələ ilə bağlı Təhsil Nazirliyində xüsusi komissiya yaradılıb, araşdırmalara başlanılıb: "Nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcək.

 

Bəhs edilən internat məktəbinə bir neçə media qurumu bu gün səfər edib, orada olan vəziyyətlə bilavasitə özləri tanış olub. Son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəlif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib".

 

Qeyd edək ki, müəllimə Leyla Ucal ötən gün sosial şəbəkə üzərindən Mərdəkanda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbində dərs dediyi  iki həftə ərzində şagirdlərin təzyiqlərə məruz qaldığının şahidi olduğunu açıqlayıb. Bununla bağlı, həm səsli, həm də yazılı şəkildə Təhsil Nazirliyinə müraciət etdiyini, lakin heç bir şikayətinin araşdırılmadığını yazıb. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top