“COP30-da Azərbaycanın həlledici rolundan danışılacaq” — Politoloq

COP29 25 apr 2024, 17:35
“COP29-un Azərbaycanda keçirilməsi ilkin qələbədir. Azərbaycan ənənəvi neft-qaz ölkəsi olsa da artıq “yaşıl enerji” strategiyasını başlıca hədəfə çevirib”. 

Bunu Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O qeyd edib ki, qarşıdakı hədəf ictimaiyyətə bu məsələnin əhəmiyyətini çatdırmaqdır: 

“COP29-un təşkilatçılığı yüksək səviyyədə baş tutmalıdır, çünki çox mötəbər bir tədbirdir. Düşünürəm ki, cənab Prezident İlham Əliyev bu məsələnin konturlarını praqmatik şəkildə cızıb. Bu məsuliyyəti üzərimizə götürmüşüksə, demək öhdəsindən gələcəyik. Necə ki, Qoşulmama Hərəkatına sədrlik etməklə ona canlanma gətirdik, eləcə də COP29-dan sonra artıq COP30-da Azərbaycanın həlledici rolundan danışılacaq. Azərbaycan “yaşıl enerji” strategiyası üzərində çalışarkən həm dünyanı, həm də gələcək nəsilləri düşünür”.

Ekspert əlavə edib ki, hazırda ekoloji sabitliyin qorunması ilə bağlı dünya miqyasında fəaliyyət həyata keçirilir:

“Bu istiqamətdə iki cərəyan var – birincisi, ətraf-mühitin qorunması, ikincisi isə ekoloji hərəkat. Ekoloji hərəkatın siyasi çalarları var. Ötən əsrin 60-70-ci illərində Qərbdə yaranmış bu hərəkatın əsas qəyəsi ondan ibarətdir ki, texnoloji inkişafın qarşısı alınsın və ya tənzimlənsin. Təəssüf ki, inkişaf etmiş ölkələr nisbətən geridə qalmış, məhdud imkanları olan ölkələrin hesabına korporativ maraqlarını həyata keçirməyə çalışır. Atmosferin çirklənməsində yaxından iştirak edir, ənənəvi energetikadan istifadə edir, “yaşıl enerji”dən dəm vursalar da, buna məhəl qoymurlar”.  

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top